22 sentyabr 2022 15:17
710

Azərbaycanın tranzit və nəqliyyat-logistika sisteminin yol xəritəsi

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Sammitində  Azərbaycan Prezidentinin lakonik çıxışı həm Sammitin özündə, həm də beynəlxalq media sistemində çox böyük və müsbət rezonans doğurdu.Bunun əsas səbəbi isə Prezidentin çıxışında Azərbaycanın müasir inkişaf strategiyasının yol xəritəsinin təqdimatı ilə bağlı oldu. Bu inkişaf strategiyasının əsas göstəricilərindən biri və bəlkə də başlıcası Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları ilə bağlıdır. Məhz ona görə də Prezident İlham Əliyev Rusiya,Çin, Pakistan,Hindistan kimi güc dövlətləri və daha iyirmiyə yaxın ölkə liderlərinin iştirak etdiyi bu mötəbər Sammitdəki çıxışına belə bir tezislə başladı:”Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim”. Çox maraqlı görünə bilər ki,Prezident niyə məhz bu məsələ üzərində birbaşa dayandı. Çünki tranzit və nəqliyyat-logistika təkcə ölkədaxili  inkişafın əsas göstəricisi deyil,həm də Azərbaycanı bir çox tellərlə Şərqə,Qərbə,Cənuba və Şimala bağlayır.Habelə,Prezidentin xüsusu qeyd etdiyi kimi,”Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı  töhfələr verib.” Bir də qeyd edək ki,bu töhfələr sırasında Çini və bütövlükdə Asiya  ölkələrini  Avropaya  birləşdirən qədim “İpək Yolu”nun yenidən dirçəlməsində Azərbaycan çox mühüm rol oynadı.Bundan əlavə digər bir çox regional layihələr Azərbaycanın  iqtisadi,mənəvi xeyir-duası ilə gerçəkləşdi.
Azərbaycan Prezidenti öz çıxışında Bakı Beynəlxalq  Dəniz  Ticarət Limanının gücünü göstərən rəqəmləri açıqladı: ” Bu liman indi ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdirsə, yaxın gələcəkdə bu rəqəm 25 milyon tona qədər çatdırıla bilər.”

Prezident bildirdi ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində  ən böyük mülki yük donanmasına  malikdir və əlavə etdi ki, bu gəmilər Bakı Gəmiqayırma  Zavodunda  istehsal olunur.  Aydındır ki,nəqliyyat-logistika sistemində yol infrastrukturu çox böyük əhəmiyyətə malikdir.Azərbaycan Prezidenti  ölkəmizin bu sahədəki uğurlarını  Sammit iştirakçılarının diqqətinə bu rəqəmlərlə çatdırdı:” Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu ,1400 kilometr dəmiryolu tikilib və ya təmir edilib. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.” Azərbaycan Prezidenti çox böyük qürurla ölkəmizin “18 təyyarə ilə regionda  ən böyük mülki hava  yük  donanmalarından  birinə malik olduğu“nu dilə gətirdi.

Bu gün dünyanın bütün yerlərində yaxşı görürlər ki, Azərbaycanda 7 beynəlxalq hava limanı var və Prezident  informasiya verir ki,2025-ci ilə qədər ölkəmizdə daha 2 beynəlxalq hava limanı istifadəyə veriləcək.
Azərbaycan Prezidenti nəqliyyat-logistika  xəttinin gələcəkdə daha sürətlə inkişaf etdiriləcəyini  Qarabağ münaqişəsinin bitməyi ilə birbaşa əlaqələndirdi. Prezidentin sözləridir: ”Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat  imkanlarını daha da artıracaq və marşrut boyu  yerləşən bütün ölkələr  üçün faydalı olacaqdır.”
Prezident belə bir ciddi problemi də diqqətə çatdırdı ki, bu il sentyabrın 13-də Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatları  inkişafa çox ciddi əngəllər yaradır. Prezident qeyd etdi ki,”Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbədir. Buna görə bütün məsuliyyət  Ermənistanın  hərbi-siyasi  rəhbərliyinin üzərinə düşür.”
Prezident öz çıxışında bəzi beynəlxalq  təşkilatların  Azərbaycana qarşı ikili  standartlarla çıxışlarını tənqid etdi  və bütün bunların qarşısında  Azərbaycanın  gücünü,bacarığını faktlarla dilə gətirdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin bu mötəbər Sammitdəki çıxışındakı tezislər bir sıra ölkələrin media sistemində  rəğbətlə qarşılandı. Bu çıxış Azərbaycanın müasir dünya  məkanında  tutduğu  yeri göstərdi,xüsusilə bir sıra dövlətləri birləşdirən  nəqliyyat-logistika probleminin  Azərbaycanda  necə həll edildiyini  dəqiq faktlarla  sübuta yetirdi.

Şəlalə  Rəhimova,
Heydər  Əliyev adına liseyin tarix müəllimi