07 oktyabr 2025 13:45
164

Vedat İşıqxan “SOCAR Türkiyə”nin Aliağa kompleksini ziyarət edib - FOTO

Türkiyənin əmək və sosial müdafiə naziri, professor Vedat İşıqxan, Prezidentin baş müşaviri Mehmet Uçum, İzmir valisi doktor Süleyman Elban, İzmir millət vəkili Ceyda Bölünməz Çankırı və nümayəndə heyəti ilə birlikdə “SOCAR Türkiyə”nin Aliağada yerləşən sənaye kompleksini ziyarət ediblər.

Ziyarət zamanı qonaqları “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və “SOCAR Türkiyə”nin neft emalı və neft-kimya biznes vahidinin rəhbəri və “Petkim”in baş direktoru Kanan Mirzəyev qarşılayıblar.

Görüş çərçivəsində nümayəndə heyətinə “SOCAR Türkiyə”nin fəaliyyəti, enerji dəyər zəncirindəki mövqeyi və həyata keçirilən strateji investisiya layihələri barədə geniş məlumat verilib.

Səfər zamanı Türkiyənin enerji və sənaye sektorları üzrə əməkdaşlıq imkanları, “SOCAR Türkiyə”nin yerli iqtisadiyyata töhfəsi və məşğulluğun artırılmasında rolu ətrafında fikir mübadiləsi aparılıb.

“SOCAR Türkiyə” rəhbərliyi qeyd edib ki, şirkət Türkiyənin enerji bazarının inkişafına və sənaye istehsalının gücləndirilməsinə töhfə verməyə davam edir, strateji investisiyalar vasitəsilə iqtisadi dayanıqlığın artırılmasına xidmət edən layihələri ardıcıl şəkildə həyata keçirir.

“SOCAR Türkiyə” olaraq, ölkəmizin sənaye gücünü artırmaq, məşğulluğa və iqtisadi sabitliyə töhfə vermək əsas prioritetlərimizdəndir. Bu istiqamətdə davamlı inkişaf və enerji dəyər zəncirində inteqrasiya siyasətimizi qətiyyətlə davam etdiririk,” deyə şirkətdən bildirilib.

Orxan Vahidoğlu, “İki sahil”