ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ-Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
S İ B İ R X A N L I Ğ I
Tanınmış rus tarixşünası V.V.Poxlyobkinin müşahidələrinə görə, ümumi tarix əsərlərində, dərslik və dərs vəsaitlərində, habelə populyar ədəbiyyatda Sibir xanlığı haqqında məlumatlar bir qayda olaraq Küçüm xanın hakimiyyət dövrü ilə məhdudlaşır. Düzgün qənaətdir. Və bu, hər şeydən öncə Sibir xanlığının bir dövlət kimi formalaşması, müstəqilliyini qorumaq uğrunda mübarizə aparması və süquta uğraması proseslərinin Küçüm xanın təqribən 40 illik (1563-1598) hakimiyyəti dövrünə təsadüf etməsi ilə bağlıdır. Eyni zamanda Sibir xanlığının Küçümə qədərki tarixinin, demək olar, sənədlərlə təsbit edilməməsi, əldə olan azsaylı yazılı məlumatların isə qarışıqlığı diqqətdən yayınmır. Biz də bu oçerkdə oxucunu qaranlıq, ziddiyyətli və subyektiv mülahizələrlə yormadan əsas etibarilə Küçüm xan dövrü ilə kifayətlənəcək, ondan sonrakı proseslərə isə çox qısa bir nəzər salacağıq. Amma əvvəlcə mövzuya giriş kimi müxtəsər bir arayışa lüzum görürük.
Əksər mənbələr Sibirdə erkən tatar dövlətçiliyinin təşəkkülünü Qızıl Ordanın tənəzzülü ilə əlaqələndirirlər. Bu torpaqlarda Böyük Tümen xanlığının təxminən 1495-ci ildə Məhəmməd xan (rus mənbələrində Mahmet) tərəfindən yaradıldığı bildirilir. Ordanın himayəsində olan Böyük Tümən xanlığı əksər hallarda Sibir (Seber) xanlığı, Sibir yurdu adı ilə də təqdim olunur və tarixçilər bu adın xan qərargahının yerləşdiyi Sibir (digər adları: İskər və Kaşlık) şəhəri ilə əlaqədar olduğunu bildirirlər. Başqa bir qənaətə görə isə Sibir xanlığı Böyük Tümən xanlığının birbaşa davamı deyil, ondan sonra təsis olunub və onun torpaqlarını da özündə birləşdirib. Bu fikri dəstəkləyənlər Sibir xanlığının inzibati mərkəzinin Çimgi-Tura (hazırda Rusiya Federasiyasındakı Tümen şəhərinin ərazisində yerləşirdi) şəhərinə köçürüldüyünü, sonralar isə yenidən Kaşlıka qaytarıldığını bildirirlər.
Sibir xanlığının kiçik uluslardan ibarət çoxmillətli bir siyasi birlik olduğu təsbit edilib. Xanlığın geniş ərazisi İrtış və Ob çaylarının (həmçinin bu çayların çoxsaylı qollarının) hövzəsini əhatə edirdi. Sibir xanlığı şimal-qərbi Uralda Perm torpaqları ilə, qərbi Uralda Kazan xanlığı ilə, cənub-qərbi Uralda Noqay Ordası ilə qonşu idi, cənub-şərqdə isə Barabin çölü boyu uzanırdı. Burada Qızıl Ordada, yaxud Kazan və Krım xanlıqlarında gördüyümüz meqapolislər, klassik şəhərlər, demək olar, yox idi. Şəhər deyəndə əsasən, çay kənarlarında möhkəmləndirilmiş istehkamlar və kiçik yaşayış məntəqələri başa düşülürdü. Həm istehkamlarda, həm də şəhərlərdə tikililər ağac (taxta) materialdan inşa edilirdi. Hər ikisi həm yaşayış-təsərrüfat məqsədinə xidmət edir, həm də hərbi müdafiə funksiyaları daşıyır, ticarət və sənətkarlığın, eyni zamanda hərbi işin “karkası” rolunu oynayırdı. Bu cəhətdən çox zaman daha ümumi “qala” terminindən istifadə edilən mənbələrdə söhbətin “şəhər”dən, yaxud möhkəmləndirilmiş istehkamdan getdiyini anlamaq çətinlik törədir. Çar arxivlərində saxlanılmış mənbələrə istinad edən bir çox tarixşünasların fikrincə, o dövrün yazılmamış şəhərçilik kanonlarına əsasən, şəhərlə istehkam arasında fərq yalnız qüllələrin sayına və ətrafına divar çəkilib-çəkilməməsinə görə qoyulurmuş. Əgər istehkam hasara alınırdısa və qüllələrinin sayı dörddən çox olurdusa, onu artıq “şəhər” saymaq mümkün idi. Əslində, hələ Qızıl Orda zamanında, XIII əsrdə Tura çayı sahilində, onun Tümen çayına töküldüyü yerdə salınmış Çimgi-Tura (yaxud, sadəcə Tura; mənbələrdə bu şəhərin 1446-cı ilədək paytaxt olduğuna şahidlik edir) və İrtışın sağ sahilində salınmış İskər (Sibir və ya Kaşlık) şəhərləri də istisna olmayıb, digər “istehkam”lardan ərazilərinin nisbətən genişliyi ilə fərqlənirdi.
Xanlığın əhalisi böyük əksəriyyətlə oturaq və yarımköçəri həyat tərzi keçirir, heyvandarlıqla, balıqçılıqla, ovçuluqla məşğul olur, at və qoyun saxlayırdı. Keçilməz tayqa meşəlikləri (yerli əhali tayqanı “urman” adlandırırdı və bu termin bir çox rus sənədlərində də ümumişlək söz kimi işlənir) və sərt iqlim şəraiti əkinçilik üçün əlverişli olmadığından (baxmayaraq ki, mənbələr Tobol və İrtış çaylarının axarlarında kiçik də olsa, əkinçi icmaların məskunlaşdığını göstərir) balıqçılıq müstəsna önəm daşıyır, qıtlıq dövrlərində balıq çörəyi də əvəz edirdi. Bolsulu çaylar arasındakı otlaqlar isə heyvandarlıq üçün nisbətən əlverişli idi. Lakin bütün bunlara rəğmən, Sibir xalqlarının əsas dolanışığı iki mühüm məhsuldan- xəz dəridən və duzdan çıxırdı. Xəz dəri emalına aşağıda geniş toxunulacağı üçün burada ən mühüm mübadilə məhsulu sayılan duz istehsalını qeyd etməklə kifayətlənək. Duz- sibirlilərin məişətində də, ticarətində də (misal üçün balıq məhsullarını yalnız duzlamaqla “konservləşdirmək” olurdu) əvəzedilməz yer tuturdu. Bu cəhətdən İrtış çayının yuxarı axarında, sonradan salınan Tara şəhərinin 800 verstliyində yerləşən duz mədənləri Sibirin zəngin təbii sərvətlərindən biri kimi yerli xalqların təminatında mühüm rol oynayır, bu yataqdan çıxarılan ağ duz qonşu ölkələrə satılır, konvertasiya olunan əmtəə kimi yüksək dəyər daşıyırdı.
Dövlətin başında xan dururdu, amma o, ulusların (Barabin, İşim, Cəlairi ulusları bunların ən böyüklərindən sayılırdı) idarəçiliyinə qarışmırdı. Ulusların başında tayfa ağsaqqalları- bəylər, mirzələr, tarxanlar dururdu. Xan, o biri xanlıqlarda olduğu kimi qurultayda seçilir, dövlətin idarəçiliyi kollegial olaraq (“Dövlət Şurası” adlandırıla biləcək bəylər qrupu Sibir xanlığında da mühüm rol oynayırdı) həyata keçirilirdi. V.Trepavlovun yazdığına görə, dövlət həyatının əhəmiyyətli məsələlərinə dair qərarlar, qədimdə olduğu kimi, qurultayda, adi vaxtlarda isə “məşvərət yolu” ilə çıxarılırdı. Müasir kriteriyalarla “yarımhərbi feodal monarxiyası” kimi xarakterizə olunan Sibir xanlığında müharibələr zamanı hər ulus bəyi döyüşə öz qoşunu ilə çıxır, ələ keçirilən qənimətdən payı da qoşunun böyüklüyünə müvafiq şəkildə alırdı. Xanın öz sərəncamında noqaylardan ibarət daimi şəxsi qvardiya vardı. Yerlərdən zərurət halında toplanan ordu isə süvarilərdən və piyadalardan təşkil olunur, əsas etibarilə ox-yay, nizə, qılınc, xəncər, döyüş baltası və s. kimi ənənəvi arsenalla silahlanır, döyüşdən əvvəl bir qayda olaraq kəşfiyyat aparılırdı.
Sibir xanlığında hakimiyyətə iddia edən müxtəlif xanədanlar arasında ən böyükləri yerli taybuğalar və Çingiz soyundan gələn şeybanilərdir. Küçüm xan şeybanilərdən İbak xanın nəvəsi idi. Onun hakimiyyət qovğasına başladığı dövrdə Sibir taxtını taybuğalar xanədanına mənsub iki qardaş- Yadigar və Bəybulat (Bekbulat/Bəypolad) bölüşürdülər. Xanlığın ilk dəfə Rusiya himayəsini qəbul etməsi də onların adı ilə bağlıdır. Amma bunu taybuğaların Sibiri məqsədli şəkildə rus çarına təslim etmək niyyəti ilə izah etmək doğru olmazdı. 1555-ci ildə noqaylı İsmayıl Mirzənin vasitəçiliyi ilə İvan Qroznının yanına elçilər göndərib Kazan və Həştərxanın alınması münasibəti ilə təbriklərini bildirən və ondan himayəçilik xahiş edən qardaşları öz hakimiyyətlərini əldə saxlamaqdan başqa heç nə düşündürmürdü (bu, həm də xanlığı zor gücünə işğaldan qorumaq niyyətinə dəlalət edir). Bir tərəfdən Sibir taxtının yasaya zidd olaraq qəsb edildiyini (taybuğalar Çingiz soyundan deyildilər) əsas gətirən şeybanilərin (Küçümün), digər tərəfdən qırğız-qazaxların cənubdan aramsız hücumları ilə qarşı-qarşıya qalmış Yadigar və Bəypolad qardaşları rusların da nəzərlərini tədriclə bərəkətli Sibir torpaqlarına çevirdiklərini görür, vəziyyətlərinin çətinliyini anlayır, çar IV İvanın himayəsinə girməkdən başqa çıxış yolu tapa bilmirdilər. Hələ Qızıl Orda zamanında rus voyevodaları bir neçə dəfə (1465-ci ildə Skryabinin, 1472-ci ildə Pestrının, 1483-cü ildə knyaz F.Kurbskinin, 1499-cu ildə isə voyevodalardan S.Kurbski, P.Uşatıy, V.Brajnik-Qavrilovun silahlı dəstələri) Ural dağlarını aşaraq, Ob çayının mənsəbinə yaxınlaşmış, İskərə qədər gəlib çıxmışdılar. Dəniz limanlarına malik olmayan ruslar Sibirə tükənməz qiymətli xəz dəri mədəni kimi baxır, bu yerləri ələ keçirməklə beynəlxalq ticarət bazarlarında maraq doğurmağa ümid bəsləyirdilər. Rus tacir və zadəganlarının Sibirə hakim olma arzusu Yadigar və Bəybulatdan ötrü sirr deyildi. Get-gedə gücləndiyi aydın görünən bu arzunu gerçəkləşdirəcək siyasi iradə də gec-tez ortaya çıxacaqdı. Bunu yaxşı anlayan qardaşlar çarın himayəsini qəbul etməklə dağıdıcı yürüşlərin qarşısını almaq, ən azı, təsirini azaltmaq, Kazanda baş vermiş dəhşətlərin təkrarlanmasına yol verməmək, eləcə də kənar təhlükələrə qarşı güclü bir müttəfiq qazanmaq niyyəti güdürdülər.
1555-ci ilin yanvarında Yadigar və Bekbulatın elçilərini qəbul edən çar İvan Qroznı xanlıqdan adambaşına 1 samur və 1 dələ xəzi hesabı ilə illik bac ödənilməsi müqabilində Sibir xanlığını himayəsinə almağa razı olduğunu, qardaşlara “knyaz yarlığı” veriləcəyini, eyni zamanda Sibirə canişin (“daruqa”) göndəriləcəyini söylədi. Bu vəzifəyə təyin olunan Dmitri Kurovun əsas vəzifəsi xəracın yığılmasına və çatdırılmasına nəzarət etmək idi. Elçilər xanlıqda əhalinin sayının 30 700 nəfər olduğunu söyləsələr də, 1556-cı ilin sonunda Sibir səfiri Boyanda ilə birlikdə Moskvaya qayıdan D.Kurov cəmisi 700 samur xəzi gətirə bilmişdi. Qəzəblənən çar Boyandanın şəxsi əmlakını əlindən aldırdı, özünü isə zindana atdırdı. Moskvaya çatası bacın tam şəkildə toplanması üçün Sibirə çara sadiq tatarlardan ibarət bir heyət göndərildi. 1557-ci ilin sentyabrında heyət üzvləri 1104 samur xəzi (bunların 104-ü min dələ xəzinin əvəzinə göndərilmişdi) ilə qayıtdılar. Yadigar onlarla göndərdiyi məktubda xəracı vaxtı-vaxtında ödəmək öhdəliyinə sadiq oluğunu yazır, lakin şeybanilərlə aramsız döyüşlərin “qara camaat”dan “yasaq”ların (vergilərin) toplanmasına maneçilik törətdiyini qeyd edərək, çarın müdaxiləsinə ehtiyac duyulduğuna işarə vururdu. İvan Vasilyeviçi isə hər şeydən əvvəl vergi (bac) ödənişləri maraqlandırırdı. Və bu, heç də təsadüfi deyildi. Kazan və Həştərxanın işğalına, ərazilərinin genişlənməsinə baxmayaraq, XVI əsrdə Moskva Rusu dövləti tarixinin heç də parlaq dönəmini yaşamırdı. Baltik dənizinə çıxış əldə etmək uğrunda Livon cəngavərləri ordeni (Böyük Litva knyazlığı) ilə apardığı ağır və yorucu müharibədə böyük maddi və mənəvi itkilər verən (sonda isə məğlub olan) çar boşalmış xəzinəsinə əlavə gəlirlər cəlb etmək üçün yollar axtarırdı. Taybuğa qardaşlarının himayəçilik müqabilində natural şəkildə illik ödənc göndərmək təklifi rus çarı üçün dövlətin maliyyə kəsirini aradan qaldırmaq baxımından göydəndüşmə olmuşdu. Xəz ticarəti ölkənin ixrac gəlirlərinin üçdə birini təşkil edirdi.
Sibir taxtı uğrunda mübarizə isə, doğrudan da, artıq ən qızğın mərhələsinə qədəm qoymuşdu. Çox keçmədən taybuğalar Mərkəzi Asiyanın hegemon hərbi-siyasi qüvvəsi olan Şeybanilər xanədanının başçısı, Buxara hökmdarı II Abdullahın (1560-1598) dəstəyini alan Küçüm xanın hərbi-siyasi təzyiqləri qarşısında dayana bilməyib məğlub oldular. Buxara hakimi II Abdulla xan zəmanəsinin mahir siyasətçilərindən və görkəmli dövlət xadimlərindən biri kimi “urus”ların Volqaboyu, Qafqaz və Sibir istiqamətində ağır, ancaq qətiyyətli addımlarla irəlilədiyini görür və bunu yeni bir səlib yürüşü kimi qiymətləndirirdi. O, eyni zamanda ayıq və usta strateq olduğu üçün “Ağ çar”la münasibətləri vaxtından əvvəl gərginləşdirmək də istəmirdi. Rusların maliyyə çətinliklərindən xəbərdar olduğu üçün bir-birinin ardınca Moskvaya ticarət elçiləri göndərir, fürsət düşdükcə, Böyük Noqay uruqlarında möhkəmlənmək və hətta Yaik çayı üzərində qala tikdirmək niyyətlərini ehtiyatla bəyan edir, bu niyyətlərini müxtəlif iqtisadi bəhanələrlə incə bir şəkildə əsaslandırmağa çalışırdı. Əlbəttə, rus çarı Abdullanı yaxın buraxmır, özünə bərabər bir hökmdar hesab etmirdi. Amma bununla belə Sibir uğrunda mübarizədə ona uduzmasını da etiraf etməyə bilməzdi. Tarixşünaslıqda yekdil rəy bundan ibarətdir ki, 1563-cü ildə taybuğalarla çingizilərin rəqabətinin ikincilərin xeyrinə nəticələnməsində əsas rolu məhz II Abdulla oynamışdı. Coğrafi uzaqlıq və 1558-1583-cü illər Livon müharibəsi cəbhələrində gərginlik səbəbindən əl-qolu bağlanmış IV İvanın yarlık verdiyi qardaşlara yardım göndərməyə müvəffəq ola bilməmiş, böyük hissəsi noqay döyüşçülərindən ibarət (Küçümün Noqay Ordası ilə yaxın qohumluq əlaqələri qurması, qız verib-qız alması faktdır) çoxminli müsəlman ordusu Buxara hakiminin protejesi sayılan (“köhnə kişi”lərin varisi olduğunu nəzərə çarpdırmağı xoşlayan II Abdullanın Küçümə yarlık göndərməsi də məlumdur) Küçüm xanı Sibir taxtına oturtmuşdu.
Əksər tarixçilər Sibir əhalisinin əksər hissəsinin şaman dininə etiqad etməsi faktını əsas götürərək, Küçüm xanın taybuğalarla mübarizəsində din amilini önə çəkir, onların hər ikisini qatı müsəlman təəssübkeşi kimi səciyyələndirir, diqqəti Küçümün bütpərəst (bəlkə də şamanist?) rəqiblərinə qarşı amansızlığına (Yadigar və Bəybulatı qəddarcasına qətlə yetirmişdi) yönəldirlər. Küçüm xanın, həqiqətən də, Sibir bölgəsində İslam dininin yayılmasında müstəsna xidmətlər göstərməsi şübhəsizdir (Abdullah xana müraciət edərək təbəələrinin müsəlmanlaşdırılması, dini qayda-qanunların təlim və təbliği üçün İskərə vaiz və müdərrislər göndərilməsini xahiş etmiş və 1572-1573-cü illərdə buna nail olmuşdur). Bununla belə Küçüm xan daha çox çarizmin istilaçılıq siyasətinə qarşı barışmazlığı ilə məşhurdur. Onun taxta keçən kimi Moskva ilə əlaqəni kəsməsi, xərac toplanmasını dayandırması və bu məqsədlə göndərilmiş səfiri öldürməsi, Perm diyarında ruslara yasaq verməyə davam edən voqul və ostyakları cəzalandırması bir çox mənbələrdə təsdiqini tapır. Amma deyilənlərə rəğmən, 1571-ci ildə Küçümün rus çarına “yasaq” kimi min samur xəzi göndərdiyini, yəni xəracı ödəməkdə davam etdiyini göstərən qaynaqlar da yox deyil. Odur ki, Küçüm xanın Moskva ilə münasibətlərə birdən-birə yox, tədricən, tam şəkildə isə 1572-ci ildə- idarəçilik işlərini sahmana salandan və mövqeyini gücləndirəndən sonra xitam verməsi və bunun Krım xanı Dövlət Gireyin 1571-1572-ci illərdə Moskva üzərinə yürüşü ilə birbaşa əlaqəli olması qənaəti, zənnimizcə, daha doğrudur. Bu qənaəti qüvvətləndirən başqa bir arqument isə 1573-cü ildə Küçüm xanın öz qardaşı (bəzi mənbələrə görə isə oğlu) Məhəmmədqulu Kama çayı boyuna- rus tacirləri, Sibirdə Moskva Rusu dövlətinin maraqlarını təmsil edən Stroqanovların votçinası üzərinə axına göndərməsidir.
Stroqanovlar ailəsi vaxtilə qiymətli xəz dəri axtarışı üçün Novqoroddan bu ərazilərə gəlmiş, sonra burada məskunlaşmış, ticarətlərini qurub genişləndirmiş və 1558-ci ildə “Ağ ev”in (Moskva çarının sarayını “Belokamennıy”, yəni ağ daşdan tikilmiş saray adlandırmaq o zamandan dəb idi) dəstəyi ilə Perm votçinasını yaratmışdı. Stroqanovlardan qayğı və diqqətini ölənə qədər əsirgəməyən çar İvan Vasilyeviçin əmri ilə bu ailəyə istehkamlar qurmaq, şəhərlər salmaq, özünümüdafiə dəstələri yaratmaq, yerli ostyak, samoyed, voqul və yuqralardan muzdlu işçi və döyüşçülər tutmaq səlahiyyətləri verilmişdi. Məhəmmədqulun basqınlarından qorxuya düşən Stroqanovlar çara müraciət edərək malikanələrinin müdafiəsini möhkəmləndirmək üçün yeni hərbi qüvvələr yaratmağa icazə istədilər və tezliklə belə bir razılığı aldılar. Vaxtilə rus knyazlarının zülmündən qaçaraq, Don və Dnepr çayları arasında, ətraf ərazilərdə, Polşa və Litva torpaqlarında, hətta Qara dənizin Anadolu sahillərində soyğunçuluqla məşğul olmuş, Moskva ilə Azak və Kəfə arasında ticarətə ciddi ziyan vurmuş, bir çoxu yaxalanıb öldürülmüş başıpozuq kazak dəstələrindən bəziləri bu ərəfədə ataman Yermak Timofeyeviçin başçılığı altında Kama sahillərində düşərgə salmışdılar. (Qeyd edək ki, Yermakın türk-tatar mənşəli kazak, yaxud daha konkret şəkildə bir çuvaş olması barədə iddialar əvvəllər də ara-sıra eşidilirdi, son vaxtlar isə daha gur səslə səsləndirilməkdədir.) Stroqanovların Sibir xanlığına qarşı muzdlu döyüşçülər yığdığını eşidən Yermak 1577-ci ildə (digər mənbələrə görə 1579-cu ildə) 540 nəfərlik dəstəsi ilə onların xidmətinə girmək üçün müraciət etdi. O və tabeliyindəki dəstə başçıları (Mixaylov, Pan, Meşeryakov və b.) rus hökuməti tərəfindən “qanundankənar” elan olunsalar da vəziyyətin ciddiliyini nəzərə alan Stroqanovlar müəyyən şərtlər daxilində bu “oğru və qaçaq-quldurları“ qulluğa almaqdan imtina etmədilər. Doğrudur, kazakların xidmət dövründə (1581-ci ilin sentyabrına qədər) də ara-sıra qarətçilik etdikləri məlumdur, amma onlar öz əsas işlərinin öhdəsindən gəlməyi bacarmışdılar.
1581-ci ilin iyulunda Küçüm xanın Stroqanovlar üzərinə növbəti hücumunun qarşısını alıb, qoşunlarını geri oturdan Yermak “Sibir sultanı” ilə onun öz torpaqlarında döyüşmək fikrini irəli sürdü və bu fikrini gerçəkləşdirmək üçün hərəkətə başladı. O, Çimki (Tümen) şəhərini zəbt etdi və orada möhkəmlənib şəhərətrafı əraziləri də ələ keçirərək get-gedə genişlənmək qərarına gəldi. Bu isə faktiki olaraq Sibir xanlığı uğrunda Küçüm xanla açıq müharibəyə başlamaq anlamına gəlirdi. Yermakın ideyası, şübhə yoxdur ki, Stroqanovların təqdirini qazanmış və onların vasitəsi ilə Moskvada razılaşdırılmışdı. 1581-ci ilin sentyabrında 3 illik məşhur yürüşünə çıxanda Yermak Timofeyeviçin xeyli muzdlu döyüşçü və toplarla təmin olunması buna dəlalət edir. Kazaklar Sibir xanlığının ucsuz-bucaqsız torpaqlarını tutdular, İskər şəhərini aldılar, yerli əhaliyə vergi kəsdilər. Ən əsası isə Rusiya ərazilərindən İrtış vadisinə yol açıldı. Lakin türk tarixçilərindən Akdes Nemət Kurat və Əhməd Dəmirin qeyd etdikləri kimi, “Sərsəri ikən az bir zamanda hökmdar səviyyəsinə yüksələn Yermak mövqelərini möhkəmləndirmək üçün canlı qüvvəyə ehtiyac duyurdu. O, Moskva çarına elçi göndərib, əvvəlki günahlarını bağışlamasını və onu təbəəliyə götürməsini xahiş etdi. Çar kazakların Sibirdəki müvəffəqiyyətlərindən xəbər tutunca çox sevindi və bu münasibətlə Moskva kilsələrində əhaliyə car çəkdirib Rusiyaya “yeni bir padşahlığın” daxil olduğunu böyük bir təntənə ilə elan etdirdi. Öz səfirini də Yermakın elçisi ilə birgə Sibirə göndərdi”.
1583-cü ilin sonlarında Moskva hökuməti tərəfindən təyin edilən canişin Bolxovski və onun müavini Qluxov 500-ə qədər rus əskəri ilə İskər şəhərinə daxil oldu. İlk baxışdan düşünmək olardı ki, hər şey rusların planına uyğun gedir. Əslində isə Küçüm xan Yermakın irəliləməsi, onun torpaqlarında meydan sulaması ilə heç cür barışmır, kazaklara qarşı aktiv müqavimət göstərir, gözlənilmədən gah orda, gah burda peyda olaraq, onlara amansız zərbələr endirir, itkilər verir, lakin düşməni göz açmağa qoymurdu. Rusların Sibirin içərilərinə irəliləməsi yerli bəy və mirzələrin, tayfa başçılarının da mənafeyinə uyğun deyildi. Əhali Yermakla əməkdaşlıqdan bütün mümkün vasitələrlə boyun qaçırdığı üçün kazak və rus əskərləri aclıq çəkirdilər. İskərdə xəstəlik baş qaldırmış, hətta rus canişini Bolxovskinin də həyatını qurtarmaq mümkün olmamışdı. Onun ölümündən sonra idarəçiliyi ələ alan Qluxov Yermakdan təcili tədbirlər görülməsini tələb edirdi. 1584-cü ildə (bəzi mənbələrdə 1585-ci il göstərilir) ərzaq axtarmaqdan ötrü növbəti dəfə ətraf ərazilərə çıxan Yermak Timofeyeviç Küçüm xanın adamları tərəfindən həlak edildi. Atamansız qalan kazaklar dəstə-dəstə dağılıb Sibir çöllərinə səpələndilər. Vəziyyətin get-gedə pisləşdiyini görən Qluxov da İskəri tərk edib, Moskvaya doğru yol aldı. Sibirin işğalı ideyası iflasa uğradı, xanlığın suverenliyi qısa müddətdə bərpa olundu.
Amma bu, yalnız başlanğıc idi.
Həmin ərəfədə IV İvan ölmüş, onun xələfi çar Fyodr isə Sibirdəki hadisələrdən gec xəbər tutmuşdu. Çarın qaynı, Moskva dövlətinin idarəçiliyini faktiki olaraq əlinə almış Boris Qodunov Sibirdən xəbər almayınca 1585-ci ildə oraya xristianlığı qəbul etmiş tatar mirzələrindən İvan Mansurovun rəhbərliyi altında 100 streletsdən ibarət hərbi dəstə və bir neçə kiçik top göndərdi. Voyevoda Mansurov, aydın məsələdir ki, baş verənlərdən xəbərdar deyildi. Vəziyyəti öyrəndikdən sonra hər tərəfdən düşmənlə əhatə olunduğunu anlayıb, qışlamaq və Moskvadan kömək gözləmək üçün xanlığın şimal ucqarlarına doğru çəkilərək, İrtış və Ob çaylarının birləşdiyi məntəqədə mövqe tutmağı lazım bildi. Amma fəaliyyətsiz də qalmadı. Mütəmadi yaylım atəşləri ilə o vaxta qədər top gurultusu eşitməmiş ostyakları vahiməyə salaraq, boyun əydirdi və mümkün hücumlardan qorunmaq məqsədi ilə Obski istehkamını qurdu. İmkan düşdükcə bu dəfə artıq şimal tərəfdən xanlığın içərilərinə doğru irəliləyən Mansurovun səyləri sayəsində Sibirin ruslar tərəfindən işğalı prosesi, əslində, özünün ikinci mərhələsinə qədəm qoyurdu. Amma əlbəttə ki, Sibir xanlığı ilə tammiqyaslı hərbi qarşıdurmaya girmək üçün onun da gücü yetərli deyildi. Bunu artıq Boris Qodunov da bilir və başa düşürdü.
Qluxovun Moskvaya çatan kimi hökumətə verdiyi hesabatdan Mansurovun əlində olan qüvvə ilə heç nə eləyə bilməyəcəyi hamıya aydın idi. aşkara çıxmışdı. Strelets yüzbaşılarından Vasili Sukin və İvan Myasnoyun dəstələri təcili şəkildə odlu silah, sürsat, ərzaq və artilleriya ilə təchiz olunaraq Sibirə göndərildi. Onlar müqavimət görmədən Tura çayı boyunca hərəkət edərək qərargahlarını Tümen çayının mənsəbində qurdular və 1586-cı ildə onların gücü ilə burada ilk rus qalası olan Tümen şəhərini salındı. Tümen rus qoşunlarının istinadgahına, işğalçı hücumların mərkəzinə çevrildi. 1587-ci ildə Moskvadan buraya Daniil Çulkovun başçılığı ilə 500 nəfərlik daha bir dəstə gəldi və onun əskərlərinin də köməyi ilə İrtış çayının sağ sahilində, Sibir xanlığının paytaxtından 16-18 kilometrlik məsafədə Tobolsk şəhəri salındı, iki kilsə və qışlalar tikildi. Tezliklə “Sibir ruslarının” paytaxtı və baş qərargahı Tobolska köçürüldü. 1588-ci ildə Tobolsk voyevodası Danila Çulkov İskər (Kaşlık) üzərinə yeridi və cəmi bir neçə neçə saatın içində şəhərdəki tatar bəylərini əsir götürüb, xanın sarayını ələ keçirdi. Sibir xanlığının keçmiş paytaxtı təxirə salınmadan əskərlər və xristian mənşəli əsirlərlə məskunlaşdırıldı. Küçüm xana sadiq qüvvələr isə şəhəri tərk edərək çöllərə üz tutdular. 1591-ci ildə Küçüm qoşunlarının İşim çayı sahillərində cəmləşməsi haqqında məlumat alan voyevoda V.Koltsov-Mosalski qəfil hücum əməliyyatına başladı və Çilikul gölü ətrafında döyüşü qələbə ilə başa çatdırdı. Bu qələbədən sonra cənuba sıxışdırılan Küçüm xanın aktiv hücum mövqeyini itirib müdafiə olunmağa başladığı məlumdur. Onu təqib etmək tapşırığı alan voyevoda Y.Domojırovun dəstələri 1595-ci ildə xan qoşunlarına sarsıdıcı zərbə endirib, onu daha bir məğlubiyyətə uğratdı. Artıq Küçüm xan üzərində nisbi üstünlüyə nail olunmuşdu.
Tümen və Tobolsk şəhərlərinin qurulması ilə rus qoşunlarının Sibirdəki istilaçılıq taktikası da dəyişərək, şəhər-qala üsulu ilə əvəzləndi. Artıq yaşayış məntəqələri sürəkli hücum və yürüşlər yolu ilə deyil, tədrici yolla, çaylar və hakim yüksəkliklər üzərində qalalar qurub daimi qarnizonlar yerləşdirməklə zəbt edilirdi. Bu, həm orduda tələfatı minimuma endirməyə, həm bölgədə rus köçkünlərini, eləcə də sürgünə göndərilmiş polşalı və litvalı əsirləri yerləşdirməyə, həm də qazanılan hərbi qələbələrin dayanıqlı olmasına imkan yaradırdı. Ümumiyyətlə, Boris Qodunovun işləyib hazırladığı yeni hərbi taktikaya əsasən, ruslar artıq əməliyyat üstünlüyünü birbaşa və irimiqyaslı açıq meydan savaşlarında deyil, rəqibi qısnamaq və yorub əldən salmaq taktikasında görürdülər.
1590-cı illərdə Sibirdə işğalçılıq siyasətinin hərbi bazası rolunu oynayan qalalardan bütöv bir şəbəkə qurulmuşdu. Lozvinsk (1590), Pelım (1592-1593), , Beryozov (1593), Surqut (1594) qalaları tikilən kimi burada qarnizonlar yerləşdirildi. Obdorsk (1595) şəhərciyi, əsasən, ostyak və samoyedlərdən yasaqların yığılması və bu işin mərkəzləşdirilməsi məqsədilə salınmışdı. Sadalanan və eləcə də sonradan salınan Tara (1595), Verxoturye (1598), Turinsk (1600), Tomsk (1604) və b. şəhərlər coğrafi baxımdan Sibirdə rus hərbi təcavüzünün hərəkət trayektoriyasını əyani əks etdirirdi. O da qeyd olunmalıdır ki, Sibirdə şəhərsalma işi yüksək dəqiqliklə işlənilmiş vahid plan əsasında aparılırdı. Şəhərlər, ilk növbədə ya hərbi-inzibati, ya da ticarət-sənaye mərkəzləri olmalı, hər bir halda “dövlətə gəlir gətirməli idi”. Bununla birlikdə hər bir şəhər və ya istehkam konkret funksiyalar daşıyır, müəyyən məqsədlərə xidmət edirdi. Misal üçün, Ufa şəhəri 1586-cı ildə qurulanda rus qoşunlarının və piyadaların, habelə “yam” (poçt) əməkdaşlarının və yüklərinin sürətli və təhlükəsiz irəliləməsinin təmin olunması vəzifəsinə uyğunlaşdırılmışdı. Lozva çayı üzərində qurulmuş Lozvin istehkamında isə yüklərin böşaldılması və yola salınması işləri həyata keçirilirdi.
Küçümlə və Rusiyanın Sibirdəki planlarını pozmaqda qərarlı olan yerli feodallarla mübarizənin son mərhələyə qədəm qoyması bu istiqamətdə tədbirlərin vahid mərkəzdən idarə edilməsi zərurəti yaradırdı. Çarın əmri ilə ordu komandanlığının baş qərargahı Tobolskdan cənubda, Tara çayının İrtışla qovuşduğu yerdə məhz bu cəhətdən strateji mərkəz rolu oynayacaq yeni bir şəhərin salınması məsələsinin müzakirəsinə başladı. Adını üzərində tikiləcəyi çayın adından alan Tara şəhərinin salınması haqqında yekdil qərar aktiv diskussiya və fikir mübadiləsi nəticəsində kollegial şəkildə alındı. Sibirin cənubuna yolun açılmasında, Sibir xanlığının aradan qaldırılmasında və Küçüm xanla müharibənin başa çatdırılmasında bu şəhərə və onun rəhbərliyinə həlledici rol ayrılmışdı. Düşünürük ki, Taranın yaranma tarixçəsi haqqında bir qədər ətraflı bəhs olunması oxucuları yormaz.
1593-cü ilin sonlarında Volqa müdafiə xəttində polk komandiri olan Andrey Vasilyeviç Yeletski təcili əmrlə Moskvaya çağrıldı. Kremldə ona planlaşdırılan Tara ekspedisiyasına rəhbərlik etmək təklif olundu. Təklifi qeyd-şərtsiz qəbul edən Yeletski qarşıdakı ekspedisiyanın planı ilə tanış oldu. Planda təzə şəhərin salınması üçün əsas mal-materialların su yolu ilə ölkənin mərkəzi rayonlarından gətirilməsi nəzərdə tutulurdu. Yüklərin daşınacağı marşrut da məlum idi. Ekspedisiyaya gedəcək qoşunun sayı və tərkibi, rəhbər heyətin siyahısı isə onun iştirakı müəyyənləşdirildi. Yeletski rəhbər heyətlə, mal-material göndərəcək rayonların başçıları ilə görüşür, müzakirələr aparır, böyük təşkilatçılıq fəaliyyəti ilə məşğul olurdu. 1594-cü ilin qışında 147 nəfərdən ibarət ilk dəstəni (bu, 1500 nəfərlik ekspedisiyanın nüvəsini təşkil edirdi) Moskvadan Kazan marşrutu üzrə Sibirə göndərən baş voyevoda çox keçmədən özü də rəhbər şəxslərlə yola düşdü. Yeletskinin hərəkət marşrutu elə qurulmuşdu ki, o, malların nəql ediləcəyi yerlərdən keçir, vəziyyətlə şəxsən tanış olur, baxışlar, yoxlamalar keçirirdi. Lozvində olanda artıq yüzlərlə pud ağırlığında barıtvə qurğuşunun, 20 topun yola salınmağa hazır olduğu haqda məlumat almışdı. Habelə Böyük Ustyuqdan 32 ton un, Vyatkadan bir neçə yüz kisə suxarı, Permdən minlərlə mişar və balta Lozvinə göndərilmişdi. Kazandan başlayaraq (Ufada, Tümendə, Tobolskda) voyevodanın dəstəsinə hərbi bölüklər, müxtəlif peşə ustaları (əsasən dülgərlər), ruhanilər də qoşulmuşdu.
Tezliklə gələcək şəhərin salındığı yerə çatan ekspedisiya heyətində hər kəs öz işini bildiyindən, vəzifə bölgüsü əvvəlcədən aparıldığından vaxt itirmədən inşaata başlamışdı. Sərt nizam-intizam şəraitində çalışan əskər və zabitlər gecə-gündüz işləmiş, nəticədə şaxtalar düşənə qədər tikilməli əsas obyektlər təhvil verilmişdi. Çox şeyi voyevoda Yeletckinin idarəçilik və təşkilatçılıq bacarığı həll etmişdi. Yəqin ki, burada Yeletskinin şəxsində oxucuya voyevoda anlayışı haqqında qısa bilgi verilməsi də yerinə düşər. Çünki oçerklərin başlanğıcından indiyə qədər bir çox voyevodalar xatırlansa da (qarşıda da xatırlanacaq), bu şəxslərin vəzifə səlahiyyətləri haqqında söz açmamaq müəyyən anlaşılmazlığa yol aça bilər. Əksəriyyətinin adı yalnız hərbi əməliyyatlarla əlaqədar çəkilən bu adamların “kiçik komandirlər” kimi tanınması aldadıcı bir təsəvvür olardı. Əlbəttə, voyevodaların ən əsas vəzifəsi konkret bir hərbi hissəyə, istekama, şəhərciyə komandanlıq etməkdən ibarət idi. Bu, şəksizdir. Lakin “voyevoda idarəçiliyi” anlayışı bununla məhdudlaşmır, dislokasiya yerində (kazarma, istehkam, şəhər və s.) qayda-qanunun təminatını, əskərlərin və burada məskunlaşan digər sakinlərin silah, sürsat, yemək, geyim və yatacaqla təchiz edilməsini, yasaqların toplanmasına nəzarəti, itaətsizlikdə, özbaşınalıqda, müxtəlif cinayət əməllərində və qanun pozuntularında şübhəli bilinən şəxslərin və müqəssirlərin mühakimə olunub cəzalandırlması və bu tipli onlarla funksional vəzifə və səlahiyyət də həmin anlayışa daxildir. Şəhər voyevodaları həm də ətraf ərazilərin asayişinə görə məsuliyyət daşıyırdılar. Beləliklə, A.Yeletskini Taranın həm memarı və qurucusu, həm də müdafiəçisi və sözün geniş mənasında hakimi hesab edən tarixçilər yanılmırlar. Sibirdə yeni salınan digər şəhərlərin voyevodaları da eləcə. Başqa sözlə, Yeletskinin şəxsində aydın görünür ki, Sibir şəraitində şəhər və istehkamlar arasında məsafənin uzaqlığı, daim hücuma məruz qalma təhlükəsi də nəzərə alınmaqla xanlığın işğalı proseslərində ilk voyevodalar həlledici rola malik olmuşlar (təsadüfi deyil ki, buradakı rus şəhər və istehkamlarına biri əvəzedici və köməkçi olmaq şərti ilə iki voyevoda təyin edilirdi).
Tara şəhəri Küçüm xanın qoşunlarının zərbə mövqeyində, onlarla birbaşa təmas xəttində yerləşirdi. Sibir xanlığının varlığına son qoymaq-təkrar edirik ki, şəhərin salınma məqsədi idi. Doğrudur, 1594-cü ildə A.Yeletskini qəbul edərkən Boris Qodunov Küçüm xan və “onunla əlbir olan köçəri tayfa başçıları”, nüfuzlu feodallarla mübahisələrin hələlik sülh yolu ilə həll edilməsini, silaha yalnız bütün mümkün dinc vasitəllər nəticə verməyəndə əl atılmasını məsləhət görmüşdü. O, Buxara və Yarkənd kimi Mərkəzi Asiya şəhərləri ilə ticarət əlaqələrinin yaxşılaşdırılması zərurətini xatırladaraq, Küçüm xanla şeybanilər arasındakı isti münasibətləri xüsusi vurğulamışdı. Bircə il sonra isə vəziyyətin dəyişdiyini görürük. Artıq Tara voyevodası qarşısında Küçüm xanla mübarizəni gücləndirmək və sona çatdırmaq vəzifəsi qoyulmuşdu. (Bu zaman Andrey Yeletski Taradan Moskvaya yüksək vəzifəyə gətirilmiş, onun yerinə isə əmisi oğlu Fyodr Yeletski təyin edilmişdi.)
Əsas təhlükənin Tara istiqamətindən gələcəyini yaxşı başa düşən Küçüm xan rusları qabaqlamaq məqsədi ilə 1595-ci ildə böyük oğlu Əlini yeni şəhərin cəmi 40 verstliyində yerləşən Ayalın volostuna basqına göndərdi. Ayalın tatarları yasaq ödədiyindən onları qorumaq şəhər voyevodalığının birbaşa vəzifələrindən idi. Qriqori Yasırın başçılıq etdiyi bölük Əlini geri oturtdu. Həmin ilin yayında Kuçumün Qara şəhərciyə göndərdiyi dəstənin də aqibəti eyni cür oldu. 1595-ci ilin qışında Küçüm xanın Tunus istehkamında olduğunu eşidən F.Yeletski onun üzərinə 467 nəfərlik qoşun göndərdi. Qısa mühasirədən sonra şəhərcik alınsa da Küçüm xanı ələ keçirmək mümkün olmadı. Bu zaman Moskvadan tatarlar vasitəsilə xanla danışıqlar aparılmasına dair tapşırıq gəldi. Çar Fyodrun “qramota”sında deyilirdi: “Hökmdar Küçüm xanı öz himayəsinə almağı, onun oğlu Ablaykərimə və yaxın adamlarına lütf göstərib maaş kəsməyi təklif edir”. Lakiin Küçüm xan bu təklifi də qətiyyətlə rədd etdi və noqaylardan hərbi dəstək istəmək qərarına gəldi. Onun yolunu bağlamaq və noqaylarla əlaqələrini kəsmək məqsədi ilə 1596-cı ildən gec olmayaraq kazaklardan və Ayalın tatarlarından ibarət 112 nəfərlik dəstənin 6 gəmi ilə İrtış çayının yuxarı axarlarında növbə çəkməsi də mənbələrdə əks olunmuşdur. Xan da boş oturmurdu. Bir neçə dəfə ağır məğlubiyyətə uğramasına baxmayaraq, 1597-ci ildə o, qüvvələrini səfərbərliyə alıb Taranı tutmağa cəhd göstərsə də, hücumu nəticə verməmişdi. Ruslara qarşı mübarizəsini sona qədər davam etdirməyə and içməsinə rəğmən, Küçüm xanın müqavimət gücü get-gedə zəifləyirdi. 1598-ci il avqustun 20-də onun ailəsi və yaxın adamları ilə Ob çayı ilə köç etməsi xəbərini alan Tara voyevodası Andrey Voyeykov Dnepr kazaklarından, Polşa və Litva əsirlərindən (onların əksəriyyəti peşəkar hərbçilər idi) ibarət qüvvənin də köməyi ilə çay sahilindəki Ormen çəmənliyində Sibir qoşunlarına qarşı “son və qəti” hücuma keçdi. Qüvvələr nisbəti təqribən bərabər olsa da ruslar odlu silahlara və artilleriyaya malik idilər. Elə döyüşün taleyini də texniki üstünlük həll etdi. Küçüm xanın ordası ilk həmlələrdən dağılıb pərən-pərən düşdü, ailə üzvləri və yaxın adamları əsir götürüldü, özü isə güclə qaçıb canını qurtardı. (Maraqlıdır ki, Küçümün son döyüşü Buxara hakimi II Abdullah xanın ölüm tarixi ilə üst-üstə düşür. Görünür, şeybani xanı ömrünün son dövründə artıq Küçüm xana kömək əli uzatmaq iqtidarında deyilmiş.)
Əbülqazi Bahadır xanın yazdığına görə, 40 illik hökmranlığı başa çatdıqdan sonra Buxaraya gedib, ömrünün son illərini manqıtlar arasında yaşamış Küçüm xanın gözləri də tutulubmuş. Belə bir rəvayət də var ki, ona Moskvaya gəlib çar Fyodr İvanoviçin xidmətinə girmək təklif olunsa da Küçüm xan razılıq verməyib. İşğal prosesləri başa çatdırıldıqdan sonra Sibir əvvəlcə Kazan Prikazına tabe edilmiş, 1637-ci ildə isə müstəqil Sibir Prikazı təsis olunmuşdu.
Xanlığın nominal süqutuna gəlincə, bu haqda tarixşünaslıqda iki fikir var. Hakim qənaət bundan ibarətdir ki, 1598-ci ildən sonra Sibir taxtına Küçüm xanın oğlu Əli keçmiş, 1604-cü ilə qədər Qərbi Sibir ərazilərini dolaşaraq hakimiyyətini bərpa etmək üçün yollar və müttəfiqlər axtarmışdır. 1604-cü ildə ruslar tərəfindən ələ keçirilən Əlinin 1612-ci ildə ömrünü əsirlikdə başa vurması ilə Sibir xanlığına faktiki olaraq son qoyulmuşdur. Çünki artıq taxta real iddiaçı qalmamışdı. Belə ki, Küçümün kiçik oğlu, 12 yaşlı Altanay 1608-ci ildə tutularaq Moskvaya göndərilmişdi. Əli xanın 1598-ci ildə əsir alınmış oğlu Arslan da rusların əlində idi. (Məlumdur ki, Arslanı Qasım şəhərinə yerləşdirən rus çarı hətta 1614-cü ildə onu Qasımov xanı elan etmişdir.) İkinci versiya isə V.Trepavlova məxsusdur. Onun fikrincə, ataman Yermakın ölümündən sonra Küçüm xan öz taxtını oğlu Əliyə verib hakimiyyətdən çəkilmiş, amma elə həmin 1585-ci ildə Əli, taybuğalardan Seyid Əhməd tərəfindən taxtdan endirilmişdir. Seyid Əhmədin hakimiyyətinə isə 1587, yaxud 1588-ci ildə voyevoda D.Çulkovun streletsləri son qoymuş, onu əsir almış, iskər (Kaşlık) şəhərini isə yandırıb külə döndərmişlər.
Hər bir halda XVI əsrin sonlarına doğru Rusiyanın qarşısında Sibir torpaqlarının ələ keçirilməsi üçün heç bir maneə qalmamışdı. Bundan istifadə edən ruslar Sibirin dərinliklərinə doğru sürətlə irəlilədilər və “Kazan xanlığının işğalından heç 30 il keçməmiş Rusiyanın şərq sərhədlərini bir həmlədə min kilometrdən də artıq genişləndirdilər. Təbii sərvətlərinə görə dünyanın ən zəngin guşələrindən olan Sibir ölkəsi çar Rusiyasının hakimiyyəti altına keçdi. 1628-ci ildə türk mənşəli qazax boyları, 1632-ci ildən sonra yakutlar, 1648-ci ildə buryatlar və tunqus-evenklər rus təbəəliyini qəbul etməli oldular. Baykal gölü çevrəsini də ələ keçirən (1648-1665) ruslar 1689-cu ildə çinlilər tərəfindən, nəhayət, dayandırılsalar da 1601-1683-cü illərdə qazanılmış hərbi uğurlar nəticəsində əksəriyyəti türk-müsəlman qövlərinə məxsus milyonlarla kvadrat kilometrlik geniş bir ərazini işğal etməyə nail oldular” (A.N.Kurat, Ə.Dəmir).
Çar hökuməti Sibirin təbii sərvətlərini acgözlüklə mənimsəmiş, bir çox tükənən ehtiyatlar, o cümlədən, beynəlxalq bazarlarda qızıl qiymətinə alınıb-satılan samur xəzi amansızcasına istismar edilmişdi. Sibir aborigenləri samurun dərisini zədələməmək üçün onu oxla vurur, yaxud da xüsusi tələlərlə tuturdular. Tobolsk və Taranın salınmasından sonra rus voyevodaları İrtış sahillərində yaşayan əhali qarşısında yasağı samur dərisi ilə ödəmək tələbi qoydular. Bu tələb 18 yaşından 50 yaşına qədər bütün kişi əhaliyə aid edilirdi. Rus hakimiyyəti möhkəmləndikcə yasağı artırmağa başladı. Artıq XVII əsrin əvvəllərində samur yasağı artıq Sibir qəzalarında bu heyvanın təbii artım sürətini üstələmişdi. Bir çox yerlərdə artıq samur ovlamaq mümkünsüz sayılırdı. 1720-ci illərin sonunda Tara qəzasında yaşayan tatarlar bununla bağlı “yasaq üsyanı”na qalxmıdılar. Nəticədə samurun azaldığı nəzərə alınaraq, yasağın bəbir, tülkü, hətta dələ dərisi ilə ödənilməsinə də icazə verilmişdi. Əsrin sonlarında isə çar fərmanı ilə samur ovlanması tamamilə qadağan edilmişdi.
N.MUSTAFA