27 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, din xadimləri, mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri tərəfindən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Dadaşov Nurlan Səyyad oğlunun və Əhmədov İlqar Xəqani oğlunun rayonunun Qarasaqqal və İsmayıllı kəndlərində məzarları ziyarət edilmiş, qəbrləri üzərinə gül dəstələri düzülmüş və xatirələri ehtiramla yad edilmişdir. Həmin məzarlıqlarda digər şəhidlərin də məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.
“İki sahil” xəbər verir ki, tədbirlərdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirdi ki, 2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu qərar təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar idi. Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Tədbirlərdə çıxış edənlər şəhid Dadaşov Nurlan Səyyad oğlunun və şəhid Əhmədov İlqar Xəqani oğlunun keçdikləri şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açmışlar. Şəhid Nurlan Dadaşovun doğum gününün də məhz bu günə- 27 sentyabra təsadüf etməsi xüsusi vurğulanmışdır.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.
Şəhidlərimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, şəhid Dadaşov Nurlan Səyyad oğlu 27 sentyabr 2001-ci il tarixdə rayonun Qarasaqqal kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğurunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhid İlqar Əhmədov 1999-cu ilin mart ayının 18-də Kürdəmir rayonunun İsmayıllı kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İlqar Əhmədov “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.