14 oktyabr 2022 23:20
649

Füzulinin azad edilməsi Ordumuza Zəfərə gedən yolda böyük üstünlük qazandırdı

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqust ayının 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salınmışdılar. Ermənilər işğal müddətində Füzuli şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədiblər. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulilərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. Bu əməliyyatlar nəticəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatında 21  min hektar ərazi, Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin biz ən böyük qələbəmizə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı nail olduq. Belə ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarixinin ən şanlı səhifələrini yazaraq tarixi torpaqlarımız düşmən işğalından azad etdi. “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdilər. Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsi təmin olundu.

“Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Bu xoş müjdəli xəbəri iki il bundan öncə, oktyabr ayının 17-də Prezident İlham Əliyev Azərbaycan xalqına növbəti müraciətində verdi. Cəbrayıldan sonra Füzuli şəhərinin də işğaldan azad edilməsi Azərbaycan xalqı tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdı.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyatla həm də Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.

Düşmən tərəf 30 il ərzində təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Buna görə də Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olub. Çoxları elə hesab edirdi ki, elə qurulan bu istehkamlara görə Füzulini işğaldan azad etmək mümkün olmayacaq. Lakin Azərbaycan Ordusu çox böyük peşəkarlıq və şücaət göstərərək rayonumuzu işğaldan azad etdi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Füzulinin azad edilməsi ordumuza Zəfərə gedən yolda böyük üstünlük qazandırdı. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi.

2020-ci il noyabrın 26-da  Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra qarşıya qoyulan ən böyük məqsəd azad olunmuş ərazilərin bərpasına başlanılması oldu. Tarix Zəfərdən az sonra, 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfər etdilər. Dövlət başçısı Füzuli şəhərində Azərbaycan Bayrağını qaldıraraq daha sonra Füzuli-Şuşa avtomobil yolunun, Zəfər yolunun təməlini qoydu. Həmçinin Füzuli rayonunda hava limanının təməlləri də qoyuldu. Eyni zamanda,  Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu.

Ötən ilin oktyabr ayının 26-da Füzuli Beynəlxalq Hava limanının, noyabr ayının 7-də də Zəfər yolunun açılışı oldu.  Həm hava limanının, həm də Zəfər yolunun istifadəyə verilməsi  bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Şübhə yoxdur ki, 17 oktyabr tarixi sadəcə füzulililərin deyil, bütün azərbaycanlıların xatirəsində və Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.

Röya Rasimqızı, “İki sahil”