14 oktyabr 2022 23:02
849

NOQAY ULUSU (NOQAY ORDASI)

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ-

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

Nə qədər qəribə səslənsə də, ayrı-ayrı xanədan və sülalələr Noqay ulusunun, noqay uruqlarının yardımına böyük ehtiyac duymalarına rəğmən, onlara qohum boy və tərəf-müqabil kimi deyil, sanki öz aralarında taxt toqquşmalarında vazkeçilməz canlı qüvvə mənbəyi kimi baxırlar. Müxtəlif vaxtlarda Kazanda və Həştərxanda mövcud hakimiyyətin leqal şərikləri olsalar belə, noqaylar Çingiz övladlarının hökmündəki xanlıqlarla bərabər hüquqlara və eyni siyasi statusa malik dövlət vahidi kimi qəbul edilmirlər. Bu paradoksa aydınlıq gətirməyin ən asan yolu, əlbəttə, noqayların çingizi sultanlara tarixi etinasızlığı ola bilər, ancaq, görünür, məsələyə başqa amillər də təsirsiz ötüşməyib. Qəribədir ki, xan və sultanların noqayları az qala Qızıl Ordanın “ögey” övladı saymaları onlara duyulan əşədd-ehtiyacı və bu ehtiyacı bütün mümkün vasitələrlə ödəmə zərurətini zərrəcə azaltmır. Hətta belə ehtimal etmək mümkündür ki, noqaylar sırf hərbi iş üzrə “ixtisaslaşmış” və ehtiyac duyulduqca çevik, mobil qruplar şəklində müxtəlif siyasi qüvvələrə peşəkar döyüş xidmətləri göstərən “orta əsr legionerləri”dir. Nə qədər cəsarətli və heyrətamiz olsa da, təəssürat belədir və bu təəssürat da güclü əsaslara söykənir. Dəfələrlə qeyd olunduğu kimi, qədim və orta əsrlərdə yeni otlaq sahələrinə sahib olmaq köçəri və yarımköçəri maldar tayfaların qarşısında duran ən mühüm vəzifə idi və onlar bu məqsəd uğrunda yaxın və doğmaları ilə belə qanlı toqquşmalara girməkdən çəkinmirdilər. Noqaylar da istisna deyildilər. Bu mənada oğuz-türkmən boylarının tanınmış tədqiqatçısı Faruk Sümərin bir qeydini xatırlatmaq yerinə düşər. Əsrlər boyu Manqışlaq körfəzi ərazisində yaşamış təkə və yomut tayfalarından söz açarkən alim XVI əsrin ikinci yarısından etibarən onların noqaylar tərəfindən sıxışdırılaraq Kiçik Balxan və Qızılarvat arasında yerləşən Kürən dağının ətəklərinə köçməli olduqlarını yazır. Daha sonra sözlərinə onu da əlavə edir ki, 1639-cu ildə Volqaboyunda yaşayan kalmıkların hücumları nəticəsində Manqışlaqdakı digər türkmənlər də (xatırladaq ki, burada söhbət oğuz-türkmən tayfalarından gedir-N.M.) Balxan tərəfə gəldilər və beləliklə, Manqışlaqda türkmən qalmadı. “Manqışlaq artıq türkmən yurdu olmaqdan çıxdı”.     

Ümumiyyətlə, müxtəlif noqay qrupları müharibə və mübahisələr zamanı tez-tez qarşıduran tərəflərin səfində də yer ala bilir, mövqelərini dəyişirdilər. Onlar üçün əsas meyarın qənimət, muzd və xərac olduğu aydındır. (Bu yerdə adamın yadına istər-istəməz Həsən Quliyevin köçəri arxetipləri sırasında qeydə aldığı “bəsit praqmatizm” düşür.). Krım xanlığı uğrunda Səadət və İslam Gireylərin taxt mübarizəsində əvvəlcə İslam Gireyi dəstəkləyən noqaylar 1532-ci ildə Səadət Gireyi qaçıb İstanbula sığınmağa zorlamışdılar. Səadət xanın Krımda və Azov qalasındakı Osmanlı qarnizonları, eləcə də Şirinlərin tayfa birlikləri tərəfindən müdafiə olunduğu hamıya yaxşı və çoxdan məlumdur. Ancaq H.Hovortun “Əssəbüs-səyyar” və bəzi başqa mənbələrə istinadən yazdığına görə, Səadət Girey noqaylarla da yaxşı münasibət qurubmuş. Hətta onların hərbi yardımı ilə İslam Girey üzərinə (daha doğru olar deyək ki, onun tərəfində vuruşan noqaylar üzərinə) hücum əməliyyatı da keçirmiş, lakin müvəffəq ola bilməyibmiş.      

Kazan və Həştərxan xanlıqlarının işğalı ərəfəsində noqayların roluna yuxarıda toxunduq. Hakimiyyət uğrunda mübarizə aparan Girey xanədanı (Krım) üzvləri də, göründüyü kimi, onların hərbi gücündən tez-tez istifadə etmişlər: 1532-1534-cü illərdə Sahib Girey İslam Gireylə taxt qovğasında noqay bəyi Bakidən hərbi kömək alır; 1584-cü ildə İstanbuldan göndərilmiş II İslam Girey II Məhməd Gireyi öldürdükdən sonra onun oğlu II Səadət Girey atasının intiqamını almaq üçün noqaylarla birlikdə Kəfəyə iki dəfə hücum edir, lakin müvəffəqiyyət qazana bilmir, Noqay Ordasına sığınıb, orada 8 il yaşayandan sonra öz əcəli ilə ölür və s. Yeri gəlmişkən, Krım  ordusunda sayca çoxluğu həmişə noqayların təşkil etməsi də qeyd olunmalıdır. Bu xanlıqda ordu bir neçə qoldan ibarət idi. Ənənəvi olaraq sultanlar arasından seçilən Kuban, Bucaq və Yedisan vilayətlərinin valiləri eyni zamanda orduda bu bölgələrin qəbilə qüvvələrinə də komandanlıq edir, “sərəskər sultan” adlanırdılar. Bilavasitə xana tabe olan qoşunlar isə noqaylardan və qapı qullarından təşkil edilirdi. Beləliklə, Krım ordusunun ən azı iki qolunda üstünlük noqaylara aid olsa da, onlara mühüm mövqelər verilmirdi (çox güman, noqayların Krım xanları və Osmanlı hökumətindən aşağıda ətraflı söz açılacaq narazılıqlarının bir səbəbi də elə bu idi).

Maraqlıdır ki, noqayların hərbi xidmətlərindən Kazan, Həştarxan, Krımın xan və sultanları ilə bərabər qazax və özbək xanları da yararlanırdılar (maraqlı olsa da, təəccüb edilməli deyil; hamısı bir-biri ilə qonşu və qohumdur). Əmir Yedigeyin nəvəsi Vəqqasın Əbülxeyr xana, onun oğlu Musanın isə Şeybani xana hərbi-siyasi dəstək vermələri buna bariz misaldır. Sibir xanlığı oçerkində qeyd olunduğu kimi, XVI əsrin sonlarına doğru Buxara hakimi II Abdullah xan Moskvaya göndərdiyi elçilər vasitəsi ilə Böyük Noqay Ordasının zəifliyindən istifadə edərək bu ulusu öz nəzarətinə almaq istədiyini, hətta Yaik çayı üzərində qala tikmək niyyətində olduğunu rus çarının diqqətinə çatdırmış, onun razılığını almağa çalışmışdı. Deyilənlər kontekstində istər-istəməz ortaya belə bir sual çıxır: dövrün, demək olar, bütün hərbi arenalarında noqayların dəyişməz (əvəzolunmaz?) aktor olmaları nə ilə izah edilməlidir- merkantil maraqlar, qohumluq əlaqələri, yoxsa siyasi niyyətlərlə? Əlimizdə bu sualı birmənalı cavablandırmaq üçün yetərincə arqument yoxdursa da, düşünürük ki, yerindən və vaxtından asılı olaraq, hər üç ehtimalı məqbul saymaq mümkündür.

Bununla belə noqayların itaət altında yaşamaqdan, tabeçilikdən, boyun əyməkdən xoşlanmadıqları xüsusi vurğulanmalıdır. Və bu da onları azad ruhlu köçəri qəbilə boyları kimi xarakterizə etməyə imkan verən özəlliklərdən biridir. Tez-tez bölünüb  parçalanmalarına, başqalarının xidmətinə girmələrinə, təbəəliyi rəsmən qəbul etmələrinə rəğmən, onlar olduqları hər yerdə, qulluq göstərdikləri bütün hərbi-siyasi birliklərdə daim nisbi (çox zaman da qeyri-formal!) muxtariyyətlərini qorumuş, qəbilə-tayfa keyfiyyətlərini itirməmiş, həyat tərzlərini və əski qayda-qanunlarını dəyişməmişlər. Çox zaman kimə qulluq etdiklərinin fərqinə belə varmamış, öncə fərdi-traybalist manafelərini güdmüş, törəni hər şeydən üstün tutmuş, dəyər və maraqlar konflikti yarandığı hallarda özlərindən qat-qat güclü qüvvələrlə toqquşmaya getməkdən belə çəkinməmişlər. Bir çox tarixçilər noqayların Krım xanları və Osmanlı hökuməti ilə müxtəlif narazılıqlarının, gizli-açıq münaqişələrinin kökündə məhz onların yaxşı mənada dikbaşlığının və əyilməzlik ruhunun durduğunu qətiyyətlə önə çəkirlər. Bu çəkişmə və toqquşmaların noqay tarixinin ən çətin dövrü sayılan XVIII əsrin sonlarında belə davam etməsi özlüyündə maraqlı faktdır. Tarixdən məlumdur ki, Krım xanı Halim Gireyin 1757-ci ildə heç bir səbəb göstərmədən vergiləri artırmağa və bəzi boy bəylərini dəyişdirməyə cəhd etməsi noqayların qəzəbinə tuş gəlmiş və onlar növbəti dəfə üsyana qalxmışdılar. Bu üsyan İstanbulda taxıl qıtlığı ilə eyni vaxta təsadüf etdiyindən Halim Girey zor gücünə həm üsyanı yatırmağa, həm də əhalidən paytaxta göndərmək üçün taxıl yığılması əmrinə boyun əyməyən noqay ailələrini cəzalandırmağa çalışmış, bununla gərginliyi daha da artırmışdı. Öz haqlarını əldə silah müdafiə edən noqay obalarına Krım qoşunları yeridilmiş, lakin çox keçmədən məğlub olaraq Bağçasaraya çəkilmişdi. Məsələyə müdaxilə etməyə məcbur qalan Osmanlı sultanı Halim Gireyi taxtdan endirib xanlığa üsyanın alovlanmasında əli olduğu bildirilən Krım Gireyi gətirmişdi.  

Mayasını Qızıl Ordanın parçalanma dövründə tutmuş Krım-noqay qarşıdurması, əslində, heç vaxt səngiməmiş, daim kül altında qalan köz kimi korun-korun alışmışdı. Qıpçaq çölündə meydan sulayan noqayların cilovlanması, nəzarət altına alınması  Krım xanlığının ilk yaranış dövrümdən qarşıya məqsəd qoyduğu əsas problemlərdən idi. 1523-cü ildə I Məhməd Gireyi qətlə yetirən noqaylar üçün Krım ərazilərinə basqın etmək adi hal almışdı. Səadət Gireyin hakimiyyət illərində (1524-1532) artıq yarımadanı onların hücumlarından müdafiə etmək üçün Perekopda (Orqapı) istehkamlar qurulmuşdu. Noqaylar Səadət xanın rəqibi İslam Gireyi dəstəkləyirdilər. 1527-ci ildə qısa müddətə də olsa, onu hakimiyyətə gətirə bilmişdilər. Osmanlı dövlətinin müdafiə etdiyi Səadət xanın şirin bəylərinin dəstəyi ilə yenidən öz taxtına qayıtması iqtidar mübarizəsini daha da gücləndirmiş, tezliklə xanlıqda vətəndaş müharibəsi başlamışdı. Bu müharibədə noqaylar İslam Gireyin, Kəfə və Azov qalalarından gələn Osmanlı qoşunları və şirin bəylərinin sərəncamındakı qüvvələr isə Səadət Gireyin tərəfində döyüşürdülər. Hərbi gücünün böyüklüyünə baxmayaraq, Səadət xan bu qarşıdurmada məğlubiyyətə uğrayaraq İstanbula qaçmağa məcbur olmuşdu.

1538-ci ildə Sahib Girey (yadımıza salaq ki, o, İslam Gireylə mübarizəsində Baki bəyin başçılıq etdiyi noqaylara arxalanmış və taxta onların yardımı ilə çıxmışdı) Moldaviyaya yürüşü zamanı noqayların qəfil hücumuna məruz qalmışdı. Buna baxmayaraq, atalarının Qızıl Ordanı bərpa etmək, bunun üçün mühüm sayılan bütün qüvvələri öz qanadı altına çəkmək siyasətini davam etdirən Sahib xan noqaylara kin bəsləməmiş, onların bir neçə qəbiləsinin Krıma gəlib yerləşməsinə imkan yaratmışdı. Lakin ipə-sapa yatmayan noqayların pozuculuq əməlləri Sahibi 1546-cı ildən etibarən onlara qarşı sərt tədbirlər görmək məcburiyyətində qoydu. Yalnız bir neçə qanlı yürüşdən sonra zor gücünə Krım hakimiyyətini tanıdıqlarını etiraf etməli olan noqayların bir qismi həmin illərdə Qara dənizin cənubundakı çöllərə, Bucağa (Bessarabiyaya) köçürüldü. Sonrakı dövrdə də baş qaldıran noqaylara münasibətdə köçürmə taktikasından bol-bol istifadə olundu. Bununla belə, təqribən xanlığın süqutuna qədər noqayların ara-sıra istər Krım, istərsə də Osmanlı torpaqlarına (misal üçün, Bogdan Prensliyinə- indiki Moldova və Rumıniyanın qonşu ərazilərinə) basqınlar etmiş, qənimət və əsirlər götürmüş, gərginlik yaratmışlar. Xəlil İnalcığın birldirdiyinə görə, Osmanlı hökuməti Krım xanlarını zəiflətmək, daha itaətkar vəziyyətə gətirmək üçün noqayları himayə etməyə, onların Gireylərlə münasibətlərini soyuq saxlamağa çalışmışdır. “bununla belə əksəriyyəti köçəri olan bu xalq Osmanlı hakimiyyətindən də məmnun deyildi, arada Boğdana basqınlar etməklə İstanbulun əsəblərinə toxunurdu”. 

Noqayların mərkəzi hakimiyyətlə  münasibətlərinin hamar olmaması həm də onların öz qəbilə başçılarına sıx bağlılığı ilə izah edilir. Bu məsələni təxminən belə təfsir etmək mümkündür: Noqay bəyləri səlahiyyətlərini mərkəzlə yalnız məcburiyyət qarşısında bölüşür, Krım xanlarının zəifləməsi avtomatik olaraq onların nüfuzunu artırırdı. Odur ki, noqay bəyləri daim mərkəzi hakimiyyətə gizli müxalifət rolu oynamış, asi meyllərin daşıyıcıları olmuşlar. Sadə noqaylar isə  ziddiyyət yarandığı hallarda öz qəbilə rəislərinin tərəfini tutublar ki, bu da ümumi sosial qanunauyğunluqlarla tam uzlaşır. Nəzəriyyədən məlum olduğu kimi, köçəri qəbilə-tayfa düşüncəsi hər cür mərkəzləşməyə dözümsüz və qarşıdır, həmişə status-kvonu olduğu kimi saxlamağa meyl edir və öz liderinin iradəsi fövqündə hər hansı hakimiyyəti tanımaq istəmir. Qədim dövr türk köçəri qəbilə sistemindən bəhs edərkən İ.Qəfəsoğlu məhz bu xüsusu nəzərdə tutaraq yazır: “Qəbilələr o qədər müstəqil idi ki, bərabər yaşayılb, bərabər döyüşdükləri, yəni tam bir birlik təşkil etdikləri halda bir mərkəzi iqtidar mövcud deyildi”.

Əlbəttə, Noqay Ordasını qədim türk köçəri qəbilə strukturuna müncər etmək bir qədər paradoksal görünə bilər. Təbiidir, hər halda XV-XVI əsrlərdən danışırıq. Amma bu mülahizə də göydəndüşmə olmayıb, mövcud tədqiqat və araşdırmalara əsaslanır. Noqay tarixini olduğu kimi anlamaq, obyektiv qiymətləndirmək üçün daha adekvat baxış bucağı tapmaq mümkünsüzmüş kimi Noqay Ordasının klassik dövlət meyarlarına uyğunsuzluğu fikri tarixşünaslıqda yeni bir şey deyil. Ən azı V.Poxlyobkinin mövqeyi çoxlarına məlumdur. Köçəri noqay əmirlərinin öz iqamətgahlarını (deməli, paytaxtı) tez-tez dəyişmələrinə, əksər hallarda kəraçi bəylərdən (qəbilə aristokratiyası başçılarından) asılı olmalarına, dövlət aparatının son dərəcə bəsitliyinə və s. amillərə əsaslanan alim aradırmalar nəticəsində belə bir qənaət hasil etmişdir ki, Noqay Ordası “amorf bir dövlət təsisatı kimi səciyyələndirilə bilər”. Burada klassik dövlətçiliyin vahid mərkəziyyət prinsipinin  gözlənilmədiyini iqrar edən Poxlyobkinin sözünü qəribçiliyə salmaq da olmur. Gəlin onun arqumetlərini bir daha nəzərdən keçirək. Əvvəlcə paytaxt məsələsinə baxaq. Qaynaqlarda 1581-ci ilə qədər Noqay Ordasında mövcudluğu səhih faktlarla təsdiqlənən yeganə şəhər və paytaxt kimi Saraycıq qeydə alınır və onun aşağı Uralda, Yaik çayı üzərində XIII əsrdə qurulduğu deyilir. O da səhihdir ki, XV əsrdə şəhər Teymurun qoşunları tərəfindən talan edilib, vuran qoyulub, əhalisi qılıncdan keçirilib. 1520-ci ildə qazax xanı Qasım Saraycıq başda olmaqla bütün Noqay torpaqlarını  qəsb  edərək öz ərazilərinə birləşdirib (bir il sonra ölüb və burada da dəfn edilib). XVI əsrin ortalarında şəhər qardaş qırğınlarına səhnə olub, döyüşlər əsnasında böyük ziyan görüb. 1577-ci ildə rus knyazı Serebyanının qoşunları, 1580-ci ildə isə Yermakın başçılıq etdiyi Volqa kazakları tərəfindən ələ keçirilib, hər dəfə güclü dağıntıya məruz qalıb. Aydın məsələdir ki, hər 20-30 ildənbir intensiv hücumlar nəticəsində xarabazara çevrilən bir şəhərin hər hansı güclü dövlət üçün siyasi mərkəz rolunu oynaması inandırıcı deyil. Gələk Noqay Ordası əmirlərinin kəraçi bəylərdən və ümumilikdə qəbilə başçılarından asılılığına. Mənbələr bu məsələdə də Poxlyobkinə haqq verir, qəbilə aristokratiyasının noqayların daxili siyasi həyatında həlledici rol oynadığını, parçalanma və köçlərin hərəkətverici qüvvəsi olduğunu təsdiqləyir. Razılaşmamaq olmaz ki, bütün bunlar Noqay Ordasında sosial-siyasi inkişafı ləngidən faktorlardır. Onu da qeyd edək ki, noqayşünasların əksər hissəsi kəskin hökmlər çıxarmaqdan yayınsa belə, qonşu xanlıqlarla müqayisə apardıqda dövlət quruluşunun burada yetərincə zəif olması fikri mübahisə doğurmur.

Beləliklə, Noqay Ordasının əsas fərqləndirici xüsusiyyətləri göz qabağındadır. İndi isə, zənnimizcə, deyilənlərə yekun vurmaq və noqayların əsarət altına düşmələrində bu özəlliklərin təsir ehtimalını (və dərəcəsini) aydınlaşdırmaq məqamı çatmışdır. Bəri başdan deyək ki, məlum sosioloji-politoloji postulatlar işimizə yaramayacaq. Çünki bunlar sosial cəhətdən yetkin, mərkəzləşmiş dövlət qurumları üçün formulə edilib. Həmin qanunauyğunluqlara əsaslansaq, parçalanma və dezinteqrasiya təmayüllərinə Noqay Ordasının daxili müqavimət gücünü zəiflədən və onun kənar təsirlər altında qalması ilə nəticələnən həlledici amillər kimi yanaşmalıyıq. Halbuki noqay uruqlarının siyasi tarixinin deyilən vektorlar üzərində izləniməsi bu qənaətin birmənalı olaraq doğruluğunu güclü şübhə altında qoyur. Bəli, inkar etmək olmaz ki, parçalanma və ayrılmalar sosiumu gücdən salır və kənar müdaxilələr qarşısında zəiflədir. Dövlət adlandırılması qeyri-mümkün olan hərbi vahidlərin hələ V əsrdən aramsız olaraq meydana çıxdığını, tezkən də heç bir iz buraxmadan məhv olduğunu Lev Qumilyov da təsdiqləyir. Ancaq bunu möhkəm və qeyd-şərtsiz qanunauyğunluq saymaq çətindir. Çünki bu qayda yalnız “təkbaşlı”, vahid mərkəzdən idarə olunan hərbi vahidlər (“orda-dövlətlər”) üçün keçərlidir. Noqayların timsalında isə biz fərqli bir durumla üzləşirik. Tarixdən məlum olduğu kimi, istənilən etnik vahidin bir deyil, iki və daha çox siyasi mərkəz ətrafında cəmlənməsi ekstremal situasiyalarda həm də onun özünüqoruma  qabiliyyətini artırır, həm də qarşısında seçim üçün əlavə imkanlar açır. Noqay ordalarının tarixi bu mülahizənin isbatı üçün tutarlı arqumentlərlə zəngindir. Məlum faktlar düşünməyə əsas verir ki, köçəri həyat tərzindən, qəbilə iyerarxiyası sistemindən ayrılmamaları, pərakəndə, dağınıq, lakin avtonom, mobil  birliklər şəklində müxtəlif coğrafiyalara səpələnmələri və çoxmərkəzli xarakteri  noqayların siyasi taleyində ikili (mənfi olduğu qədər də müsbət) rol oynamışdır. Kiçik, çox vaxt asılı icmalar şəklində yaşamalarına rəğmən, etnik varlıqlarını, nisbi azadlıqlarını daim qoruyub saxlayan noqaylar bəlkə də (böyük ehtimalla!) məhz bunun sayəsində bölgədə gedən hərbi-siyasi proseslərdə əlahiddə bir güc mərkəzi kimi müstəsnalıqlarını qoruyub saxlaya bilmişlər. “Noqay məsələsi”nin ta XVIII əsrin sonlarına qədər gündəmdə qalması da, güman ki, bununla bağlıdır. 

Noqay uruqlarının Qızıl Orda törəmələri arasında ən uzunömürlülərdən olması təkzibedilməz faktdır. Baxmayaraq ki, tarixşünaslar bir dövlət təsisatı kimi bunlardan yalnız şərti və spesifik, bir qədər də obrazlı mənada danışmağın mümkünlüyündən bəhs edirlər. V. Poxlyobkinə görə, noqay dövlətçiliyi “istənilən formada” artıq 1606-cı ildə ləğv olunmuşdu. V.Trepavlovun fikrincə, Böyük Noqay Ordasının sonuncu bəyi İsmayılın nəvəsi Kanay (1622-1638) olub və onun da hakimiyyəti “son dərəcə nominal” xarakter daşıyıb. Tarixçi sözlərinə bunu da əlavə edir ki, XVII əsrin sonlarına doğru Böyük Noqay Ordası əhalisinin bir qismi Aral və Sır-Dərya arasındakı çöllərdə yaşamış və orada qaraqalpaqların formalaşmasında mühüm amil olmuşdur. Kiçik Noqay Ordasından (Qazı ulusu) bəhs edərkən Trepavlov bu qurumun öz mövcudluğunu XVII əsrin ortalarına qədər qoruduğunu və dağınıq köçəri obalar halında Krım xanlığına (Osmanlı dövlətinə) bağlı olduqlarını bildirir. Başqa sözlə, belə çıxır ki, Noqay dövləçiliyi artıq XVII əsrdə formal və rəsmi şəkildə sona çatıb. Amma tarixdən birlirik ki, XVII əsrin sonlarında Kuban Noqay, Yediçikul/Cedişkul Noqay, Bucak Noqay, Canboyluk Noqay, Yedisan Noqay adları ilə bilinən noqay ordaları varlığını davam etdirib. Bəs Krım xanlığının süqutu ərəfəsində Kiçik Qaynarca müqaviləsinə (1774), Aynalıkavak tənkihnaməsinə (1779) və s. hüquqi aktlara Kuban və Taman noqayları (habelə çərkəzlər) haqqında ayrıca maddələrin salınmasını, Qara dənizin şimalındakı bu noqay boylarının və torpaqlarının Rusiyaya ilhaqının Osmanlı dövləti tərəfindən yalnız 1784-cü il İstanbul anlaşması ilə tanınmasını necə izah etməliyik? Kriteriya, şübhə yoxdur ki, bir olmalıdır. Əgər biz Qızıl Ordanın xələflərindən Noqay uruqlarına müstəsna hal kimi yanaşıb, bunları sırf köçəri qəbilə-tayfa münasibətlərinə əsaslanan, “amorf dövlət quruluşuna malik” konfederasiyalar statusunda qəbul ediriksə, Kiçik Noqay Ordası, Altıul Ordası və b. kimi Kuban və Taman noqaylarına da eyni meyarla yanaşmalıyıq. Zira bunların hamısını- kəmiyyət göstəriciləri nəzərə alınmazsa,- eyni mahiyyətli psevdo-dövlət təşəkkülləri kimi nəzərdən keçirmək lazım gəlir. Bu mənada parçalanmaya meylliliyin noqay xalqı tarixində birmənalı şəkildə mənfi rol oynamadığı fikri ilə razılaşmalı, onun bütövlüklə əsarət altına alınması prosesini ləngitdiyini etiraf etməliyik. Beləliklə, Noqay uruqlarının fenomenal çoxcəhətliliyi, deyildiyi kimi, onların işğal olunmasında təbii çətinliklər yaratmalı idi. Belə də olmuşdur...

Qızıl Orda mirasının qorunması, tatar xanlıqlarının müstəqilliyi uğrunda mübarizələrdə noqayların xidməti ölçüyəgəlməzdir. Çarizmin müstəmləkə siyasətinin həyata keçirilməsi prosesində rus orduları bir çox hallarda başqa-başqa adlar altında olsa da, de-fakto noqaylarla qarşı-qarşıya gəlmiş, bəzən bunu bilmiş, bəzən isə fərqinə varmamışlar. Noqaylara münasibətdə çarizmin taktika və strategiyasını tez-tez dəyişməsi də məcburiyyətdən irəli gəlib. Ruslarla noqaylar arasında ilk diplomatik əlaqələrin 1534-cü ildə başladığı bildirilir. Həmin il İvan Qroznı Danila Qubini tatar xanlıqlarında vəziyyət haqqında məlumat toplamaq tapşırığı ilə Noqay Ordasına göndərmişdi. Əslinə qalanda, səfir, banal casusluq fəaliyyəti ilə məşğul olmalı idi. O, planlaşdırılan yürüşlər ərəfəsində aldığı təlimatlara uyğun olaraq, Kazan və Həştərxanda, ətraf xanlıqlarda gedən prosesləri, eləcə də Noqay Ordasında ictimai əhval-ruhiyyəni diqqətlə izləyir, baş verən yeniliklərdən Moskvanı xəbərdar edirdi.

1550-ci illərin birinci yarısı Noqay Ordası üçün çətin dövr olmuşdu. Həmin illərdə,  bəzi mənbələrə görə həm də 1557-ci ildə Orda bir-birinin ardınca təbii fəlakətlərlə üzləşmişdi. Aclıq və taunla nəticələnən güclü quraqlıq baş vermiş, mal-qara tələf olmuş, əhalinin bir hissəsi (mənbələrdə 100 min noqayın öldüyü deyilir) qırılmış, bir hissəsi isə Şimali Qafqaza köçmək məcburiyyətində qalmışdı.

Kazan və Həştərxanın işğalı prosesində Noqay Ordasında baş verən siyasi ixtilaflar, qardaş qırğınları, parçalanma prosesləri və nəhayət, 1557-ci ildə İsmayıl Mirzənin ruslardan vassal asılılığını qəbul etməsi haqqında yuxarıda bəhs açıldı. Amma V.Trepavlovun təsbit etdiyi bir mühüm məqam da da var ki, Böyük Noqay Ordası tarixinin sonrakı gedişatını düzgün anlamaq üçün mütləq nəzərə alınmalıdır. Tarixçi yazır: “İvan Qroznı ilə bağladığı müqaviləyə (“şərtə”) əsasən, İsmayıl rus çarının iyerarxiya baxımından öz üzərində üstünlüyünü qəbul etmiş, onun sadiq müttəfiqi olacağına dair öhdəlik götürmüşdü. Lakin tarixşünaslıqda geniş yayılmış mülahizəyə rəğmən, İsmayıl heç vaxt rus təbəəliyinə keçməmiş, Noqay Ordasını Rus dövlətinə birləşdirməmişdir”. Bu prinsipial fakt, ruslarla Böyük Noqay Ordası arasında siyasi münasibətlərin bir çox müəmmalı cəhətlərinə işıq salır. Misal üçün, XVI əsrə aid rus mənbələrində Moskvanın düşmənləri sırasında tək Kiçik Noqay Ordasının deyil, Böyük Noqay Ordasının da göstərilməsinin səbəbi aydınlaşır.

İsmayıldan sonra Böyük Noqay Ordasında hakimiyyətə gələn oğlu Dinəhməd Mirzə (1563-1578) rusların başının Livon müharibəsinə (1558-1583) qarışmasını fürsət bilərək, pərən-pərən olmuş noqay uruqları arasında əlaqə yaratmağa, onları  barışdırmağa, Noqay dövlətinin bütövlüyünü bərpa etməyə çalışır, bu məqsədlə ruslar və Krım xanlığı arasında siyasi manevrlər edir. O, ruslara inanmır, gec-tez onların Noqay torpaqlarını ilhaq edəcəklərindən qorxur, Krım xanlarının və Dövləti-Aliyyənin himayəsini qəbul edir, Osmanlının qüdrətinə sığındığını, yeri gəldikcə, büruzə verməkdən də çəkinmirdi. Noqay dəstələri 1571-1572-ci illərdə Dövlət Gireyin ruslarla həmsərhəd ərazilərə hücumlarında iştirak etmişdi.

Qardaşından sonra taxta çıxan Urus Mirzə (1578-1590) ondan da irəli getmişdi. Tarix kitablarında rusların qatı əleyhdarı kimi təqdim olunan Urusun səltənəti dövründə noqayların ruslarla sərhəd məntəqələrinə basqınları adi hal almışdı. Hətta bəzi mənbələrdə onun Osmanlı təbəəliyini qəbul etdiyi və Sancaqbəyi təyin olunduğu bildirilir (eyni qaynaqlarda 1548-ci ildə Urus bəyin əmisi Yusuf Mirzənin də Osmanlı dövlətinə bağlı Noqay əyalətinin əmirül-ümərası, bəylərbəyi təyin edildiyi bildirilir). Sonuncu fakt (lar) digər mənbələrdə təsdiqini tapmırsa da, Noqay əsilzadələrinin təqribən bu dövrdə Osmanlı sultanına elçilər göndərib ruslardan şikayət etdikləri, ondan xoş niyyət məktubu aldıqları səhihdir. Urus Mirzənin hakimiyyəti illərində çar qoşunları ilə qarşıdurmalar da açıq müstəviyə keçir.  Livon müharibəsinin gedişində qüvvələrini parçalamaq istəməyən Moskva noqayları nəzarətdə saxlamaq, onların hücumlarının qarşısını almaq məqsədi ilə Volqa, Ufa, Samara çayları üzərində qalalar inşa etdirir, kazak güclərindən yararlanmağa başlayır. 1581-ci ildə Yermak Timofeyeviçin kazak dəstələri Saraycığı tutub, yandırmış, 1574-cü ildə Ufa, 1586-cı ildə Samara, 1589-cu ildə Tsaritsın, 1590-cı ildə Saratov şəhərləri salınmış, rus-kazak dəstələri bu ərazilərdə məskunlaşdırılmışdı.

XVII əsr noqay uruqlarının tarixində ağır sınaqlar dövrü oldu. Əsrin ilk illərində baş verən yeni qıtlıqla əlaqədar Ordanın iqtisadi vəziyyəti son dərəcə pisləşdi və bir milyona qədər insan aclıqdan tələf oldu. İqtisadi vəziyyətin gərginləşməsindən istifadə edən ruslar noqay torpaqlarını parça-parça ələ keçirməyə başladılar. (Bu dövrün hadisələri məşhur “Çora Batır” dastanında geniş əksini tapıb.) Dövlətin get-gedə zəiflədiyini və süquta doğru getdiyini görən böyük Noqay bəyi İştərəkin hakimiyyətə (1600-1619) gələn kimi Krımın vasitəçiliyi olmadan Osmanlı dövləti ilə, eləcə də Səfəvilərlə danışıqlar aparmaq cəhdləri baş tutmadı və o, məcbur qalıb rus çarından vassal asılılığını qəbul etdi. Böyük Noqay Ordasında rus təsiri artdı və bu da mərkəzdənqaçma və itaətsizlik meyllərinin güclənməsinə səbəb oldu. Maraqlıdır ki, tarixdə rusların barışmaz düşmənləri kimi tanınmış Yusuf və Urus mirzələrin oğul-uşaqları (“Yusupovı”, “Urusovı”) məhz bu dövrdə kilsə mənbələrində Moskvadakı əsilzadələr arasında xatırlanmağa başlayırlar. Güman etmək olar ki, onları Rusiya paytaxtına girov qismində aparmışlar. Əhalinin hissə-hissə baş götürüb Krım, Qazax, Buxara, Xivə xanlıqlarına köçməsi ilə Böyük Noqay Ordasının dağılması prosesi sürətləndi. Yuxarıda da qeyd olunduğu kimi, tarixçilər bu dövlətin sonuncu bəyi- İsmayılın nəvəsi Kanayın səltənətini (1622-1638) sırf formal hakimiyyət kimi səciyyələndirirlər.

Ölkədə hökm sürən bu xaotik durumun yaranmasında başlıca amillərdən biri də ardı-arası kəsilməyən kalmık hücumları idi. Əsrin əvvəllərindən Volqa-Yaik çayları arasındakı əraziləri ələ keçirməyə başlayan kalmıklar (oyrat və turqut boyları) şərqdən axın edərək, 1608-ci ildə Embaya çatmış, 1613-cü ildə Yaiki keçmiş, noqayları sıxışdırıb ata-baba torpaqlarından çıxarmışdılar. Noqay qəbilələri kalmık zülmünə qarşı müqavimət göstərmək üçün Həştərxandakı rus voyevodaları ilə yaxınlaşır, onlardan silah-sürsat almağa çalışır, beləliklə daha artıq asılılığa düşürdülər. Ruslar isə üzdə özlərini dost göstərmələrinə baxmayaraq, altdan-altdan noqayları bölgədən uzaqlaşdırmaq, bu mümkün olmadıqda isə təzyiq altında saxlamaq siyasəti yeridir, kalmık hücumlarını bu siyasətlərinin alətinə çevirirdilər. 1628-1630-cu, 1634-cü illərdə davam etmiş kalmık hücumları noqayların doğma torpaqlarını qovulmaları, Şimali Qafqaza və Xarəzm bölgəsinə köçmələri ilə nəticələnmişdi. Onlar artıq 1630-cu illərdə Dunay və Terek çayları arasındakı geniş çöllərə səpələnmişdilər. Altıul Ordası kalmıklara məğlub olub dağılmış, onların idarəsi altına keçmiş, Böyük Noqay Ordası faktiki olaraq süqut etmişdi. Dövləti-Aliyyəyə və Krım xanlığına sığınmış Kiçik Noqay Ordası isə dağınıq köçəri qəbilələri şəklində Krım ərazilərində yaşamaqda idi.

Bu illərdə Krım xanı və Kəfə bəyinin ordularında noqayların sayı nəzərəçarpacaq dərəcədə artır. Onların rus şəhərləri və qalaları üzərinə yürüşlərdə aktiv iştirak faktları tarixi mənbələrlə yanaşı ədəbi əsərlərə də inikas edir. Məlumdur ki, 1637-ci ildə Don kazakları Osmanlı mülkü olan Azov qalasını zəbt etmişdilər. Çox keçmədən Sultan Murad qalanın geri alınmasını vacib hesab etmiş, lakin hazırlıqlar əsnasında 1640-cı ildə dünyasını dəyişmişdi. Yeni Osmanlı sultanı Birinci İbrahim 1641-ci ildə Azov üzərinə hərəkət başlatmış və şəhər mühasirəyə alınmışdı. Həmin mühasirənin təsvir olunduğu “Azovun alınması və türk sultanı İbrahimin Don kazaklarını mühasirədə saxlaması” adlı nağılvari əsərdə ataman Naum Vasilyeviç və yasovul Fyodr İvanoviçin dili ilə kazak səflərində vahimə doğuran noqaylar haqqında belə deyilir: “İyunun 24-də, gündüz saat 1-də sultanın paşaları şəhərə yaxınlaşdılar. Krım hökmdarı da türklərin böyük silahlı qüvvələri ilə üzərimizə yeridi. Bizim müqəddəs düzlərimizə Noqayın sürüləri yayıldı. Bir saatın içində boş düzlərə o qədər adam səpələndi ki, ətraf sanki böyük və keçilməz meşəyə döndü. Onlar, türklər, çöllərimizdə çadırlarını qurmağa başladılar. Onların alaylarında boru səsi ucaldı. Sonra isə toplardan, tüfənglərdən ardı-arası kəsilməz atəş açmağa başladılar. Elə bil ki, başımız üstündə dəhşətli ildırım çaxdı”...

Əsrin sonlarına doğru (1697-1698) kalmıkların yeni hücum dalğası başlananda artıq noqayların onlara qarşı müqaviməti təşkil edəcək nə bir dövləti, nə də vahid siyasi mərkəzi qalmışdı. Beləliklə, kalmıklarla girdikləri, demək olar, hər döyüşdə acınacaqlı məğlubiyyətlərə uğrayan, torpaqlarını tərk edən, lakin rus əsarətinə boyun əymək istəməyən Böyük Orda noqaylarının Krım xanlığına, Kiçik Ordaya  pənah aparmaqdan başqa yolları qalmırdı. Dövlət Girey xan onların bir qismini Şah adasında, başqa bir qismini Çərkəz diyarında məskunlaşdırdı. X.İnalcığın yazdığına görə, Böyük Noqay Ordasına daxil olan Yedisan, Yembulad və Yedicek qəbilələrinin Kuban hövzəsindən Qara dəniz sahillərinə köçürüldükləri haqqında məlumatlar da mövcuddur. (Osmanlı torpaqlarına noqayların ilk mühacir köçləri də məhz bu dövrə təsadüf etmişdir.)

XVIII əsrin əvvəllərində Yedisan, Camboyluq, Bucaq (Belqorod Ordası) və Kuban Noqayları (bunların hər biri özündə kiçik qəbilələri birləşdirən nisbətən iri sosial-siyasi birliklər idi) Krım xanlığının hakimiyyəti altında (Bucaqlılar Dnestr və Prut çayları, Yedisanlılar Dnestr və Buq çayları, Camboyluqlar Buq çayı ilə Krım yarımadası arasında) yaşayırdılar, Kiçik Noqay qəbilələrinin bir hissəsi isə Krımla Akkirman arasındakı ərazilərə köçürülmüşdü. Kəsə desək, noqayların böyük bir qismi artıq taleyini Krım xanlığı ilə bağlamışdı və bu dövrdən etibarən onların tarixi də Rusiyanın Krıma qarşı yeritdiyi istilaçı siyasət kontekstində nəzərdən keçirilməlidir. Söz yox ki, itaətkarlığa öyrəşməmiş noqaylar Krım idarəçiləri ilə də asanlıqla yola getmir, vərdiş halını almış etirazlar ara-sıra baş qaldırırdı. Krım xanlığını noqay qüvvələrindən ayırmağı və bölgəni bu “döyüşkən köçərilərdən  təmizləməyi” qarşısına məqsəd qoymuş çar hökuməti isə belə narazılıqlardan yararlanmağa və öz maraqları naminə sui-istifadə etməyə çalışırdı. 1711-ci ildə Bucaq və Kuban noqayları yenə üsyana qalxdılar. Bunu eşidən rus hökuməti vaxt itirmədən Krım, Bucaq və Kuban noqaylarına bəyannamə ünvanlayaraq, onları “daha yaxşı şərtlərlə” Rusiya təbəəliyinə keçməyə dəvət elədi. Təklifi qəbul etməyən noqaylar tezliklə ruslarla kalmıkların birgə hücumuna məruz qaldılar. Həştərxan və Kazan canişini Fyodr Apraksinin komandanlığı ilə keçirilmiş 1711-ci il Kuban yürüşündə uğur qazanmaları çar ordusunu noqaylara qarşı daha sərt hərəkətlərə ruhlandırdı. 1735-1739-cu illər müharibəsi noqayların ölüm-dirim mübarizəsində  yeni səhifə açdı. 1735-ci ilin oktyabrında general M.İ.Leontyevin rəhbərliyi altında,  1736-cı ilin dekabrında  isə kalmık, Qreben və Terek kazaklarının iştirakı ilə Kubana hücumlar zamanı minlərlə noqay və çərkəz qılıncdan keçirildi. 1737-ci ilin martında Osmanlı topçuları tərəfindən dəstəklənən birləşmiş noqay, çeçen və kabardin qüvvələri rus-kalmık qoşununa layiqli cavab verməyi bacarsalar da, qarşı tərəf dayanmaq bilmirdi. Noqaylar bu cəbhədə Osmanlı (Krım) qoşunları üçün canlı sipər rolu oynayırdı.  Faktiki olaraq noqaylarla döyüşən çar birlikləri bu güclü rəqibi biryolluq sıradan çıxarmaq məqsədi ilə ən qəddar metodlardan istifadə edirdilər. Rusiya Hökuməti Senatının 1737-ci ilin sonlarında birləşmiş qüvvələr (ataman Frolovun başçılığı ilə Don kazakları, kalmık xanı Donduk-Ombanın qoşunu, habelə A.Lopuxinin rəhbərlik etdiyi Terek kazakları) tərəfindən Kubana hücumun nəticələri haqqında Dövlət Hərbi Kollegiyasına məlumatı bu baxımdan xarakterikdir. Sənəddə noyabrın 26-dan dekabrın 3-nə qədər davam etmiş döyüşlərdə noqaylar tərəfdən vuruşan əskərlərinin hamılıqla, dinc əhalinin, o cümlədən qadınların isə bir hissəsinin  öldürüldüyü, qurtulmaq üçün özlərini Kuban çayına vuranların batırıldığı bildirilir. Öldürülən döyüşçülərin sayı göstərilməsə də, on min nəfər qadın və uşağın əsir götürüldüyü və bunların əksəriyyətinin çayda batırıldığı barədə deyilənlər noqaylara qarşı amansızlığın həqiqi miqyaslarından xəbər verir. Bu döyüşü noqayların taleyində qırılma və dönüş nöqtəsi hesab edən tarixçilərə haqq qazandırmamaq çətindir.

1768-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında müharibə başlanan kimi çar qoşunları general İvan Medemin komandanlığı altında noqaylar üzərinə  hücuma keçdilər. Krım-türk ordusundan yardım ala bilməyən noqay birlikləri kütləvi şəkildə qırğına məruz qaldı. Artıq Krım xanlığının onları müdafiə edəcək qüdrətinin qalmadığını anlayan  mirzələr arasında çaxnaşma və ixtilaflar başladı. Fürsətdən istifadə edən ruslar noqayları Osmanlı-Krım koalisiyasından ayırıb öz tərəflərinə çəkmək barədə çoxdankı planlarını işə saldılar. 1770-ci il iyulun 6-da Yedisan və Bucaq Ordaları  Rusiyanın süzerenliyini qəbul etdilər. Noqay mirzələri, əlbəttə, rusların təbəəliyinə keçməkdənsə, onlarla ittifaq bağlamağa üstünlük verir və buna çalışırdılar. Rusiya xarici işlər naziri N.İ. Paninə yazdıqları 6 avqust 1770-ci il tarixli məktubda da onlar təbəəliyə deyil, himayəçiliyə razılaşdıqlarını bildirmişdilər. 1771-ci ilin əvvəllərində müzakirələr üçün Peterburqa gələn elçi heyəti də II Yekaterinadan Rusiyanın himayəsində yarımmüstəqil bir noqay dövlətinin qurulmasını xahiş etmişdi. Əslində, bu təklif Rusiyanın mənafelərinə uyğun idi və hətta əvvəlcə Yedisan və Bucaq bəyi Canmambetin hakimiyyəti altında bir noqay xanlığı yaradılmasına icazə verilmiş, müvafiq razılıq da əldə olunmuşdu. Lakin bu namizədliyin heç də rusların himayəsinə keçəcək bütün qəbilələri qane etmədiyi üzə çıxınca vəziyyət dəyişdi. Digər tərəfdən israrla bu döyüşkən qüvvənin hərbi əməliyyatlar zonasından  uzaqlaşdırılmasını tələb edən general Y.Şerbanin və knyaz V.M.Dolqorukinin rəyləri də nəzərə alınaraq noqayların Kuban sahillərinə köçürülməsi qərarı verildi. Rus hökuməti elçilərə Krım xanları soyundan (gireylərdən) bir siltanın onlara xan gətiriləcəyini vəd etdi. Beləliklə, 1771-ci ilin sonlarında 4 böyük noqay qəbiləsi (Bucaq, Yedisan, Yedişkul, Camboyluq noqayları) ruslar tərəfindən Dunay hövzəsindən Kuban çayı boylarına nəql edilərək, burada yerləşdirildi. Bununla razılaşmayanların Krım xanlığına pənah aparmasına izn alınsa da, noqayların ruslar tərəfə keçməsi onsuz da gərgin durumda olan Krım xanlığının mövqeyini daha da zəiflətdi. 1771-ci ildə knyaz Dolqoruki Krım yarımadasına daxil olarkən artıq onun qoşununda noqaylar da döyüşürdülər.  

1768-1774-cü illər rus-türk müharibəsinin nəticələrinə əsasən Osmanlı dövləti ilə imzalanan Kiçik Qaynarca müqaviləsi isə həm Dövləti-Aliyyənin özü, həm Krım xanlığı, həm də ümumilikdə türk-İslam dünyası üçün əsl fəlakət oldu. “Krım xanlığı” oçerkində bu müqavilə üzərində ətraflı dayanacağıq. Burada isə Kiçik Qaynarca müqaviləsinin noqay tarixindəki mənhus roluna müxtəsər şəkildə də olsa, toxunmaq lazım gəlir. Müqavilənin 3-cü maddəsinə əsasən, Krım xanlığı, habelə Bucaq, Kuban, Yedisan, Camboyluq və Yediçkul tatar uluslarının müstəqillikləri tanınır, qeyd olunurdu ki, Rusiya və Osmanlı dövləti bu uluslarda  xanların seçilməsinə və taxta çıxmasına qarışmayacaqlar. Tatarlar müsəlman olduqlarına və sultan İslamın xəlifəsi sayıldığına görə bu ulusların Osmanlı padşahı ilə dini münasibətləri şəriətə uyğun tənzimlənəcək, lakin bu münasibətlər “onların yuxarıda göstərilmiş siyasi və mülki azadlıqlarına təhlükə törətməyəcək bir şəkildə qurulacaqdır”. 5-ci maddə isə noqay və çərkəzlərin yaşadığı bölgələrlə bağlı məsələlərə həsr olunmuşdu. Burada Oçakov (Özi) qalasından şimalda yerləşən bölgə üzərində Dövləti-Aliyyənin iddiaları əksini tapmış və bu məsələnin həlli müstəqil Kım xanlığının səlahiyyətinə verilmişdi. X.İnalcığın fikrincə, ruslar bu maddəni müqaviləyə daxil etməklə Krım xanı ilə Osmanlı sultanı arasında ixtilaf yaratmaq məqsədi güdürdülər. Sözügedən ərazilər, artıq qeyd etdiyimiz kimi, felən Rusiyanın hakimiyyəti altında idi. Yaranmış yeni şəraitdə Peterburq, əlaltısı olan Şahin Gireyin xanədan ehtirasını qızışdırmaqla təkcə Krımı deyil, Kuban və Qara dəniz sahillərini də qəsb etmək istəyirdi. Osmanlı dövləti başa düşürdü ki, Krım xanlığının müstəqilliyinə razılıq vermək əslində onun Rusiya tərəfindən ilhaq edilməsi ilə barışmaq deməkdir. Odur ki, noqay və çərkəzlərin öz təbəəsi olduğunu bəyan etməklə onları Krım xanlığından ayrımağa, ərazilərini qorumağa çalışırdı. Rusiya isə gələcəkdə ələ keçirməyi planlaşdırdığı bu torpaqlar üzərində ixtiyarın Krım xanlığında qalmasını tələb edirdi. Bu xalqların özləri isə Şahin Gireyin təbəəliyində yaşamaq istəmirdi və çox keçmədən onun göndərdiyi qoşunları darmadağın etdilər. Üsyanın bütün şimal-şərqi Qafqazı bürüməsi və Krım xanlığı ərazisindəki narazı kütlələrin ayağa qalxması Şahin Gireyin Yeniqalaya sığınıb ruslardan qoşun istəməsi ilə nəticələndi. General Qriqori Potyomkinin xüsusi qəddarlıqla həyata keçirdiyi cəza tədbirlərindən sonra 1783-cü il aprelin 8-də II Yekaterinanın manifesti ilə “Krım yarımadası, Taman adası və Krımın bütün Kuban tərəfi” çar Rusiyasının vilayəti elan olundu.

Beləliklə, noqaylar da öz iradələrinə rəğmən Rusiya imperiyasının təbəələrinə çevrildilər. Osmanlı tərəfdarları sultan hakimiyyətinin rus qoşunları qarşısında aciz qaldığını, Kuban və Krımın işğal olunmasının qarşısını ala bilmədiyini ürək ağrısı ilə seyr edir və çıxılmazlıq içində vurnuxurdular. Rus hökuməti noqayları əvvəlcə kütləvi şəkildə çara sədaqət andı içdirməyə, sonra isə dərhal Rusiyanın içərilərinə, Ural çöllərinə sürgün etməyə hazırlaşırdı. Bu məqsədlə general Aleksandr Suvorov tərəfindən xüsusi plan tərtib olunmuş, hərəkət dəhlizi cızılmış, noqayları müşaiyət edəcək konvoy dəstələri müəyyən edilmişdi. Lakin az əvvəl rus hökumətinin elçisi Laşkarovun təzyiqi altında taxtından imtina etmiş Şahin Girey gözlənilmədən hərəkət məntəqəsinə gələrək, noqayları köçməyə razılıq verməməyə çağırdı. Bu, onsuz da doğma torpaqlarını tərk etmək istəməyən noqaylar arasına çaxnaşma saldı və onların qarışıqlıq törətmələri üçün bir siqnal oldu. 7-10 gün davam edən qeyri-bərabər və xaotik döyüşlər noqayların dəhşətli kütləvi qırğını, milli fəlakəti ilə nəticələndi. Həqiqətə qalsa, noqayların soyqırımı 1783-cü ilin iyun-noyabr ayları ərzində ardıcıl şəkildə davam etmişdir. Bu cinayətin ən qanlı səhifələri isə oktyabrın 1-də, Kermençek adlı yerdə yazılmışdır. Qazax tarixçisi F.A.Şerbinanın yazdığına görə, “A.V.Suvorov Poltavaya getdiyinə dair xəbər yaymış, özü isə gecələr gizlicə yavaş-yavaş Laba çayına doğru hərəkət etmişdi. Həmin gecə o, Kubanın o biri tayına keçib noqaylarla son, nəticələrinə görə ən qorxunc döyüşünə girdi. Hücuma əvvəlcə mizraqlarla silahlanmış Don kazakları, sonra isə draqun və qrenader dəstələri keçdi. Əməliyyatın ilk 3 saatından sonra meydana sərilmiş cəsədlərin sayı 2 mini keçmiş, yaxınlıqdakı kəndlər yandırılmışdı. Döyüşdən sonra 5 mindən artıq noqayın öldürüldüyü aşkara çıxdı. Kazaklar və əskərlər heç kimə rəhm etməmiş, kişilərlə birlikdə qadınları, qocaları, uşaqları da gülləbaran etmiş, sağ qalanları süngüdən keçirmişdilər. Ümidsizlik içində dəhşətə qapılan kişilər əsir düşməsinlər deyə öz arvad-uşaqlarını öldürür, mal-qaranı məhv edirdilər. Böyük Monqol Ordasının son təmsilçiləri beləcə qan gölündə boğuldular”. Rus tarixçisi P.G. Butkovanın fikrincə, həmin gecə 3500 noqay qətl edilmiş, min nəfərdən çoxu əsir götürülmüşdü. P.Bobrovski isə Urup və Laba vadisində soyqırıma məruz qalanların sayının 7 mindən artıq olduğunu göstərir. General A.Suvorovun  əməliyyatdan əvvəl öz döyüşçülərinə əmri kitablarda çap olunub. Bu əmr, əslində, noqaylara qarşı qətliamın irəlicədən və şüurlu şəkildə hazırlanmasına,  məqsədyönlü olaraq həyata keçirilməsinə dəlalət edir: “Düşmən sona qədər məhv edilməli, öldürülməli, əsir alınmalıdır. Son nəfər sıradan çıxarılana qədər heç kim dincəlməməlidir. Güllələri qoruyun, soyuq silahla vuruşun! Draqunlar və kazaklar qənimət üçün atdan enməsin; qoşunun dörddə biri qənimət üçün gedir, dörddə biri onları qoruyur, qalanlar da hazır vəziyyətdə gözləməlidir. Qənimətlər iki yerə bölünəcək: yarısı hökmdara, yarısı da qoşuna. Bu paydan da üçdə ikisi kazaklara veriləcək”...

... 1784-cü il yanvarın 8-də İstanbulda imzaladığı müqavilə ilə Osmanlı dövləti Krım, Taman və Kubanın Rusiyaya ilhaq olunmasını tanımalı olur və Kuban çayı iki tərəf arasında sərhəd xətti müəyyən edilir (o vaxta qədər belə bir coğrafi hüdud rolunu Terek çayı oynayırdı). Lakin Krımın ilhaqı bütün İslam dünyasına vurulan  sarsıdıcı bir siyasi, strateji, iqtisadi, eləcə də psixoloji zərbə kimi qiymətləndirildiyindən 1787-ci ildə Osmanlı dövləti Rusiyaya müharibə elan edir. Noqaylar (Bucaq noqayları) əsas qayəsi Krımın azad edilməsi olan bu müharibədə də şərəflə döyüşürlər. Amma bu dəfə də qələbə çalmaq mümkün olmur. Doğrudur, 1792-ci ildə sülh anlaşması imzalanarkən ruslar Bucağa iddia irəli sürsələr də, Osmanlı dövləti bu tələbi rədd edir.

Amma, necə deyərlər, artıq qatar getmişdi. 1812-ci ildə növbəti rus-türk müharibəyə son qoyan Bükreş anlaşması ilə Bucaq da rus hakimiyyətinə keçir və bununla da noqayların bütövlüklə Rusiya təbəəliyinə daxil olması başa çatır.

Ardı var...

N.MUSTAFA