Oktyabrın 17-si müstəqil Azərbaycan tarixinin Zəfər salnaməsinin növbəti səhifəsinin yazıldığı gündür. 17 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 yaşayış məntəqəsinin - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin işğaldan azad olunduğunu elan etdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində ən əhəmiyyətli döyüşlərindən biri Füzuli əməliyyatı oldu. Belə ki, düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçdı, Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edildi. Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Xatırladaq ki, 1386 kvadratkilometr ərazisi, 134333 nəfər əhalisi olan Füzuli rayonunun tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş digər yaşayış məntəqələrimiz kimi, Füzuli rayonunda da abadlıq, yenidənqurma – bərpa quruculuq işlərinə start verildi. Füzuli Beynəlxalq Hava Limanının müasir standartlara uyğun olaraq qısa zamanda inşa edilməsi qədim yaşayış məntəqəmizin tezliklə əvvəlki gözəlliyinə qovuşacağının xəbərçisidir.
Düşmənin kütləvi şəkildə basdırdığı və minaların təmizlənməsi ilə parallel aparılan yenidənqurma prosesi – infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən yolların salınması tezliklə füzulililərin dogma yurdlarına qovuşmalarını təmin edəcək.
Pərviz Rəhimli,
YAP Suraxanı rayon təşkilatının fəalı,
"Suraxanı OYL O.K.S.A." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daxili Audit Xidmətinin rəis müavini