Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri obektlərin say tərkibi ümumilikdə iki ildə işğaldan azad edilmiş əraziləmizdə görülən işlərin aydın ifadəsidir
Son iki ilin əsas müzakirə mövzusu işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasının genişləndirilməsi, Böyük Qayıdışın sürətlənməsidir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri, həmin səfərlər çərçivəsində yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri ilə görüşləri tarixi Zəfərimizin yaratdığı sevincin aydın ifadəsidir. Bunlar həm də onun göstəricisidir ki, artıq 30 illik işğal dövrünün dağıntıları postmünaqişə dövrünün quruculuq və bərpa işləri ilə əvəzlənir. Qısa müddətdə ölçüyəgəlməz dərəcədə görülən işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir.
Cənab İlham Əliyevin təkcə son günlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək iki ildə görülən işlərin miqyasının nə qədər geniş olduğunu deyə bilərik. Oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarında səfərdə olan dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış oldular. Həmçinin dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak etdilər. Səfər çərçivəsində, həmçinin Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış oldular. Dövlət başçısı Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldu, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu. Qubadlı şəhərinin Baş planının təqdim olunması da səfər çərçivəsində atılan addımlar sırasındadır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak etdilər.
Zəngilan rayonuna gəldiklə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldılar, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak etdilər. Onu da qeyd edək ki, oktyabrın 20-də iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, Qarabağa və Şərqi Zəngəzura ilk uçuşu həyata keçirən dövlət başçısıdır. Qarabağın və Şərqi Zəngəzurun hava qapısı dost ölkə ilə birlikdə dünyaya açıldı. Bu mühüm hadisə dünyaya bir daha mesaj oldu.
Ötən iki ildə əldə olunan nəticələrə diqqət yetirəndə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərildiyi özünü qabarıq şəkildə büruzə verir. Belə ki, 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə 2025-ci ildə başa çatdırılacaq. Həmçinin ötən il Zəfər yolunun tikintisi başa çatdırıldı. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə «yaşıl enerji» zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlandı. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu hədəf də açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
Bugünümüzün əsas çağırışlarından biri də odur ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidentinin hər bir çıxışı, müsahibəsi digər sahələr kimi, bərpa və quruculuq istiqamətində də görülən işlərin təqdimatıdır. Ötənilki işlərin davamı olaraq bu il həmin ərazilərdə görülməsi nəzərdə tutulan işlərdən bəhs edən cənab İlham Əliyev qeyd etmişdir ki, keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın özəlliyi ondadır ki, heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına həyata keçiririk. Əlbəttə, burada da ardıcıllıq olmalı idi. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi ki, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi fəal işləyirlər.
Təəssüf hissi ilə qeyd edirik ki, müharibədən sonra 250 mülki və hərbi vətəndaşımız ya həlak olub, ya da ciddi yaralanıb. Ona görə bu işləri görmədən genişmiqyaslı qayıdış proqramına başlamaq mümkünsüzdür. Əvvəldə də qeyd etdiyimiz kimi, minaların təmizlənməsi ilə yanaşı, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində saxlanılır. Böyük Qayıdışın reallaşmasında minaların təmizlənməsi ilə bərabər, infrastrukturun bərpası əsasdır. Son iki ildə bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə də aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisidir, həmçinin maliyyə vəsaiti tələb edir. Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra «Dost Aqropark»ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikilir. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Oktyabrın 20-də ölkə Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” “ağıllı kənd təsərrüfatı” kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər.
Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Bu il nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının tamamlanmasını qeyd etdik. Bu, pilot layihə idi. Bunun böyük rəmzi mənası var. Çünki artıq bu il keçmiş köçkünlər öz doğma torpağına qayıtdı, Böyük Qayıdışın ilk addımı atıldı. “Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, tarixi Zəfərimizdən iki il keçmədən qayıdış başladı.
Ölkə Prezidenti çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə səfərlərim çərçivəsində o bölgələrdən olan nümayəndələrlə də görüşləri olur. Onlara da planlar təqdim edilib və birlikdə müzakirə edilir. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır: «Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar.» Dövlət başçısı qarşıya bu hədəfi qoyub ki, hər şey əsaslı olmalıdır. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq.
Onu da qeyd edək ki, Qarabağın tacı Şuşaya, Ağdama və Füzuli rayonlarına avtobus reysləri təşkil edilir. Bu ərazilərimizi görmək üçün gözəl imkanlar yaranır. Bu səfərlər, həmçinin təbliğat xarakteri də daşıyır. Bu baxımdan ki, bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin şahidi olur. İşğaldan azad edilmiş ərazilərimizə diplomatların, siyasi partiyaların təmsilçilərinin, mətbuat nümayəndələrinin mütəmadi səfərləri təşkil edilir. Azərbaycan dövlətinin bu ərazilərin daha müasir tələblər səviyyəsində bərpasında maraqlı olması soydaşlarımızda böyük əhval-ruhiyyə yaradır.
Arxada qalan hər gün Böyük Qayıdışı sürətləndirir. Dövlət başçısı İlham Əliyev soydaşlarımıza bu sevinci yaşatmaq üçün biri-birindən mühüm addımlar atır. Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşması ilə ilk addımı atılan Böyük Qayıdış ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyur. Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın növbəti mərhələdə dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək, investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə qarşıya çıxan hər bir çətinlik anındaca aradan qaldırılsın. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın əsas turizm zonasına çevrilir. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur turistlərin sevimli məkanlarından biri olacaq.
Göründüyü kimi, qısa təhlil Qarabağın hansı potensiala malik olduğunun və onlardan səmərəli istifadənin hansı uğurlara yol açacağının aydın mənzərəsini yaradır. Tarixi Zəfərə qədər olan dövrü torpaqlarımızın azad edilməsinə və görüləcək bərpa-quruculuq işlərin hazırlıq mərhələsi kimi də xarakterizə edə bilərik. Məhz bu potensiala söykənərək cənab İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlayarkən bildirmişdir: bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.» Qalib Azərbaycan bu hədəflərə doğru inamla irəliləyir.
Yeganə Əliyeva, «İki sahil»