06 may 2025 00:37
111

Ulu Öndərin liderlik fəlsəfəsi, xilaskarlıq missiyası

Tarixi yazan, yaşadan, əməlləri ilə zənginləşdirən, sonrakı nəsillərə nümunə göstərilən, müdriklərin ibrət dərslərini şəxsi keyfiyyətlərində təkmilləşdirərək nəsildən-nəslə ərmağan edən liderlərin taleyi rəhbərlik etdikləri dövlətlərin salnamələri ilə eynilik təşkil edir. Böyük sərkərdə Napaleonun söylədiyi «Siyasət taledir!» sözləri bu həqiqəti əks etdirir. Tarixdə bu cür yaşam haqqı qazananların sayı az olsa da, Əliyevlərin taleyinə yazılan siyasət bütünlükdə Azərbaycan xalqının yoluna bələdçilik edir. Sübut olunmuş digər qanunauyğunluq budur ki, dövlət həm də xalqın düşüncə tərzini şəxsi keyfiyyətlərində yaşadan liderləri ilə tanınır, qüdrətlənir. Respublikamızı dünyada ən qüdrətli dövlət kimi tanıdan, liderlik fəlsəfəsinin əsasını müstəqillik, azərbaycançılıq ideologiyası ilə əbədiləşdirən Ulu Öndər Heydər Əliyev inkişafın Azərbaycan modelinin müəllifi kimi də xalqına sadiqliyini əməlləri ilə təsdiqləyib. Respublikamıza qərinədən artıq müddətdə rəhbərlik etmiş, dünyada tanıtmış Ulu Öndər Heydər Əliyev fəlsəfəsinin nəticəsi qüdrətli Azərbaycan, əməllərinin dəyəri Prezident İlham Əliyev kimi siyasətçini yetirməsidir. Böyük Hun sərkərdəsi Attila demişdir: «Bütün rəhbərlər qəbul etməlidirlər ki, qələbə o adamlara nəsib olur ki, onlar təkcə nəyi etmək lazım olduğunu yox, həm də nə vaxt etməyi bilirlər Bu, məkanı və zamanı hiss etməkdir.» Aglı, zəkası sayəsində zamanın dili ilə «danışmağı» bacaran, qətiyyətli addımlarını şaxələndirməklə, siyasət fəlsəfəsinin coğrafiyasını genişləndirən müdrik şəxsiyyət Heydər Əliyev xalqımızın ağır günlərində, milyonlara bələdçilik etdiyi çətin məqamlarda söylədiyi «Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir… ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik» sözlərini qanı, canı bahasına gerçəkləşdirdi.

Dahilik insanın intellektual keyfiyyətidir. Onun atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.» Bu keyfiyyətləri siyasi və şəxsi həyatında təkmilləşdirən Ulu Öndər Heydər Əliyev xalqı arxasınca apara bilmək qabiliyyətini çoxillik dövlətçilik təcrübəsi ilə möhürləmişdi. Dünya siyasətinin aparıcı simalarından olan tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri sözlər Ulu Öndərin tərcümeyi-halını zənginləşdirən kəlamlardır.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi müddətdə belə ağlı, zəkası, dövlətçilik təcrübəsi ilə başqa millətlərdən olan həmkarlarını heyrətləndirən Heydər Əliyev haqqında tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı: «Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.» Bacarıqlı natiq, bütün nitqləri proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən Heydər Əliyevi beynəlxalq miqyaslı siyasətçi adlandıran, 40 ilə yaxın SSRİ-nin diplomatiya kursuna başçılıq edən sabiq xarici işlər naziri Andrey Qromıko Baş nazirin müavini kimi ən məhsuldar kadr olaraq maraq doğuran Heydər Əliyevin bacarığını bu sözlərlə qiymətləndirirdi: «O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngül xasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idi…Öz- özümə düşündüm: «Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir. Bu keyfiyyətlər Heydər Əliyevdə var.» «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri həyatda təsdiqini tapan gerçəkliklərə daha bir nümunədir.

«Həyatın mənası insanın çox və yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır» söyləyən Ulu Öndər canından artıq sevdiyi Azərbaycanı təhlükələrdən qorumaqla, tərəqqi yoluna çıxarmaqla xalqımızın qəlbində əbədi yaşarılıq haqqı qazandı. Milyonların taleyini düşünən qətiyyətli sərkərdə olduğunu siyasi iradəsi ilə təsdiqlədi.

«Qurtuluşun siyasi, iqtisadi, mənəvi məntiqi qüdrətli Azərbaycandır» söyləyən, fitri istedadı, uzaqgörən siyasəti ilə sınaqlardan mətanətlə çıxan, 20 Yanvar hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları respublikamızın suverenliyinə təcavüz adlandıran Ulu Öndər xilaskarlıq missiyasını 1993-cü ildə baş verən iyun hadisələri zamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla da təsdiqlədi. Varlığı sual altında olan, AXC-Müsavat cütlüyünün səbatsızlığı üzündən dağılmaq təhlükəsi ilə üz-üzə dayanan respublikamızı parçalanmaqdan xilas edən, ölkədə yaranan qarşıdurmaları aradan qaldıran, separatçılıq hərəkatının qarşısını alan, müstəqilliyimizi istəməyənlərin ölkəmizdə sabitliyin pozulması üçün etdikləri müdaxilələri aradan qaldıran Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ondan nicat gözləyənlərin ümidi, pənahı oldu. Güclü, qətiyyətli , zəngin dövlətçilik təcrübəsinə malik böyük şəxsiyyətlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da təxribatlarla, təhdidlərlə, fiziki təsirlərlə xalqın ümid yeri olan Heydər Əliyevi devirmək üçün yollar axtaranlara xalqın dəstəyi ilə həyat dərsi verən Ulu Öndər əsl xalq liderinə layiq qətiyyət göstərirdi. Gəncə hadisələrindən xoflanaraq «vəzifələrini donduranlardan», Surət Hüseynovun qarşısında «ağ bayraq» qaldıranlardan, torpaqlarımızı işğal edən Ermənistanın silahlıları qarşısında acizliklərini etiraf edənlərdən fərqli olaraq təcrübəli dövlət xadimi kimi, xalqımızı gözlənilən təhlükələrdən uzaqlaşdıran Ulu Öndər xilaskarlıq missiyasını da qətiyyətlə yerinə yetirdi. «Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi» sözləri ilə o dövrdə baş verənləri tariximizin qara ləkəsi, rüsvayçılıq illəri adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi.

Ölkə iqtisadiyyatının bərbad hala salındığı, dövlət büdcəsinin dağıdıldığı, daxili qarşıdurmalara bilərəkdən münbit şərait yaradıldığı o çətin günlərdə Azərbaycanın müstəqilliyi naminə həyatını təhlükəyə atan, 1993-cü ilin 9 iyununda xalqın təkidli tələbinə cavab olaraq Bakıya qayıdan, parlamentin 15 iyun tarixli sessiyasında Ali Sovetin Sədri seçilən Ulu Öndər liderlik fəaliyyətini daha mürəkkəb siyasi şəraitdə, geniş sferada davam etdirdi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan müdrik şəxsiyyət Heydər Əliyev dövlətçilik təcrübəsinə arxalanaraq xalqın itirilən inamını özünə qaytardı.

Ali Sovetin sessiyasındakı tarixi nitqində söylədiyi «Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək» sözlərini sonrakı illərdə xalqın iradəsinə arxalanaraq reallaşdırdı.

Ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya qoyan Ulu Öndər bu sahədə də müdriklik göstərirdi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün var gücü ilə çalışırdı. Ordu quruculuğu istiqamətində apardığı islahatları ilə müdafiə qüdrətimizin möhkəm, etibarlı təməlini qoyan bu tarixi şəxsiyyət böyük fəlakətlər qarşısında olan Azərbaycan naminə hamını birliyə səslədi. Bəzi dairələrdə özü haqqında süni sürətdə yaradılan qərəzli sözləri xalqı parçalamaq naminə aparılan təxribat adlandıran Ulu Öndərin «Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir» sözlərində bütün Azərbaycan xalqının rəyi, istəyi ifadə olunurdu. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə bütün çətinlikləri aradan qaldıran 1994- 1995-ci illərdə baş verən qiyamların, dövlətçiliyə qəsd cəhdlərinin də qarşısını siyasi iradəsi ilə alan Ulu Öndərin ətrafında daha sıx birləşən xalqımız Azərbaycanın inkişafı naminə aparılan quruculuq işlərində də birlik , həmrəylik nümayiş etdirirdi.

Azərbaycanın müstəqlliyinin əbədiliyi, ölkəmizin dünyada tanıdılması naminə hazırladığı neft strategiyası, imzalanan «Əsrin müqaviləsi» ilə ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin diqqətini Azərbaycana yönəldən, sərmayə mühiti formalaşdıran Ulu Öndər neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə bir daha təcrübəli dövlət başçısı olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. «Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, o çətin günlərdə ölkəni ağır vəziyyətdən çıxaran Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası, strategiyası nəticəsində Azərbaycan xalqı sözün əsl mənasında öz taleyinin sahibi oldu. Ulu Öndərin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Ali Qanun, Konstitusiya qəbul edildi, milli ideologiyamız, azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma prosesi həyata keçirildi. «Biz demokratik , dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizən, adət –ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» söyləyən Ulu Öndər Heydər Əliyev ölkəmizin bazar iqtisadiyyatı, demokratiya yolu ilə dünya birliyinə inteqrasiyasını əsas inkişaf istiqaməti kimi müəyyənləşdirdi. «Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur…1994-cü ildən Azərbaycan dövləti özünün yeni strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir» sözünü «Əsrin müqaviləsi»nin imzalanması ilə təsdiqlədi.

Yuxarıda qeyd olunduğu kimi, irimiqyaslı enerji, nəqliyyat layihələri ilə qitələri birləşdirən Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində zəngin karbohidrogen ehtiyatlarına malik ölkə statusunu genişləndirdi. Cənub Qaz Dəhlizinin, TANAP-ın, TAP-ın reallaşması, neft strategiyasının şaxələnməsi, Avropa ölkələrinin təbii qaza ehtiyatının daha təhlükəsiz ödənilməsi üçün inşa olunan interkonnektorlar bu siyasətin genişlənən coğrafiyasının hüdudsuzluğunun göstəricisidir.

«Avropalılar guman etməsinlər ki, dünyəvilik ancaq onlara məxsusdur, başqalarında ola bilməz» söyləyən Ulu Öndər Azərbaycanın dünyada müstəqil dövlət kimi tananması naminə siyasi sahədə də qətiyyət göstərmişdir. 1992-ci ilin oktyabrında ABŞ Konqresinin qəbul etdiyi «Azadlığa Dəstək Aktı»nın 907-ci maddəsinə düzəliş Ulu Öndəri narahat edirdi. Prezident kimi 1997-ci ildə Vaşinqtona səfər edən Heydər Əliyev amerikalı həmkarı Bill Klintonla ədalətsiz qərarın ləğvi ilə bağlı müzakirələr aparıb bəyanat imzalansa da sənədin həyata keçirilməsi baş tutmadı. Səbəb qəbuledilməz təklif idi. ABŞ 907-nin ləğvi üçün Azərbaycan- Ermənistan sərhədinin hansısa ərazisində işğalçılara ticarət üçün imkan yaradılmasını təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu : «Azərbaycan indiyədək 907-ci maddə ilə yaşamışdır, bundan sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli sürülmüş « ümumi dövlət» təklifinə qarşı da göstərildi. ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verildi. Qüdrətli dövlətlərlə müqayisədə kiçik bir ərazidə yerləşsə də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında əyilməzliyini Ümummilli Liderin simasında beynəlxalq ictimaiyyətə bəyan etdi. Bildirildi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman yol verilməyəcək.

Hazırda Azərbaycan ən möhtəşəm beynəlxalq təşkilatlarda təmsil olunur, dünya siyasətinə təsir imkanları artır. BMT-nin, ATƏT-in, Qoşulmama Hərəkatının üzvü, Cənubi Qafqazın lider ölkəsi kimi tanınan Azərbaycan dünyada söz sahiblərindən biri kimi böyük nüfuz qazanıb. Dünya ictimaiyyətinin diqqətlə izlədiyi beynəlxalq tədbirlərə ev sahibliyi edən, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycanın türk birliyinin, İslam həmrəyliyinin möhkəmlənməsindəki rolu da əvəzsizdir. Bu həmrəyliyin təməlini qoyan tarixi şəxsiyyət Heydər Əliyevin öndərliyinin nəticəsidir ki, ölkəmiz Türk Dövlətləri Təşkilatının aparıcı siması kimi səyini əsirgəmir. Ərəb ölkələri ilə əməkdaşlığını genişləndirən Azərbaycanın COP29-a sədrliyi müddətində görülən işlərin beynəlxalq aləmdə yekdilliklə dəstəklənməsi ölkəmizin enerji diplomatiyasının uğuru, Orta Dəhliz layihəsinin əsas iştirakçılardan olması nəqliyyat infrastruturunda artan imkanlarının, rolunun ifadəsidir.

Azərbaycanı demokratiya yolu ilə inkişafını dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirən Ulu Öndər üçün ən ümdə məsələlərdən biri də Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi idi. Keçmiş Sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması sərkərdə Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. 1994-cü ildə ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı ( Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Xalqımızın xilaskarının siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. Eyni siyasətin davam etdirildiyini « Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır» ifadəsi ilə bildirən Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması Ulu Öndərə vəfa borcu, varislik nümunəsi idi. İkinci Qarabağ müharibəsində qazandıgımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda … işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Dövlət Bayraqlarımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədi qarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə verilən dəyərdir. «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”» söyləyən Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, estafet etibarlı əllərdədir. Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir! «Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir» söyləyən cənab İlham Əliyevin səyinin , siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan dünyanın iqtisadi sistemində öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik ölkə kimi tanınır. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Tarixi hadisələr də göstərir ki, Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün Onun layiqli varisi, siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Xuraman İsmayılqızı, «İki sahil»