Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Zəngilan hava limanına IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır.
Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılmışdır. Zəngilan Beynəlxalq Hava Limanı - Azərbaycanın Zəngilan rayonu ərazisində, 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. 2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytardılar. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq hava limanı tikiləcəkdir. Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verdi..
2021-ci ilin aprelində hava limanının təməlqoyma mərasimi keçirildi. Hava limanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edir.
Zəngilan hava limanı 20 oktyabr 2022-ci il saat 13:03 tarixində açılmışdır. Aeroportun uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Obyekt ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib. Perronun sahəsi 60 min kvadrat metrdir. Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ ( hava hərəkəti idarəetmə ) qülləsinin tikintisi başa çatdırılıb. Millət vəkili Vüqar Bayramov qeyd etdi ki , Zəngilan Beynəlxaq Hava Limanı istifadəyə verildi, Zəngəzur dəhlizinə inteqrasiya olundu. Bundan sonra hava limanı şərq-qərb,şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verir. Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir. Qeyd edək ki, müasir standartlar əsasında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edir. Bununla da Zəngilan ermənilərin xarabalığa çevirdiyi rayondan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrildi.Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılıb. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim