24 oktyabr 2022 19:11
737

Milli mətbəximizin dünyada tanıdılması üçün... FOTO

Milli Kulinariya Konqresində nələrdən danışıldı?

Oktyabrın 24-də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirildi.

Konqresin keçirilməsinin əsas məqsədi milli kulinariyanın və qastronomiya turizminin inkişafına dəstək olmaq, yerli istehsalçılar və fermerlər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək üçün platforma yaratmaq, həmçinin yerli tərəvəzlərdən istifadə ideyasını təşviq edən “0 km” fəlsəfəsini təbliğ etməkdir.

Beynəlxalq Kulinariya Günü çərçivəsində baş tutan tədbirdə milli kulinariya nümunələrinin tanıdılması və təbliğatı istiqamətində görülən işlər haqqında məlumat verildi və bir sıra yeni məhsulların təqdimatı keçirildi.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək Azərbaycanın dünyada “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensialının olduğunu və son illərdə bu istiqamətdə bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirdi. Agentliyin sədri qastronomiya turizminin inkişafının yalnız ölkənin milli mətbəxinin deyil, həmçinin zəngin maddi-mədəni irsinin, tarixi ənənələrinin, mədəniyyətinin dünyaya tanıdılması baxımından mühüm amil olduğunu vurğuladı.

F.Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüldüyünü diqqətə çatdırdı. O, kulinariyamızın beynəlxalq səviyyədə tanıdılması, milli mətbəximizin dünya mətbəxində özünəməxsus vacib yerə malik olduğunu dünya ictimaiyyətinə çatdırmaq, bütövlükdə bu sahənin inkişafı üçün sənayenin birgə fəaliyyətinin önəmli faktor olduğunu vurğuladı. Eyni zamanda mütəşəkkil və koordinasiyalı fəaliyyətin əsas məqsəd olduğunu qeyd etdi, həmçinin sənayeni vahid hədəf üçün birgə fəaliyyətə çağırdı.

Təbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərin milli mətbəximizin qorunub saxlanması və inkişafında rolunun artırılmasının zəruri olduğunu diqqətə çatdırdı. Nazir dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, kulinariya sahəsində də gənclərin fəaliyyətinə şərait yaradıldığını vurğuladı. Həmçinin nazirlik tərəfindən kulinariya sahəsində çalışan gənclərin beynəlxalq müsabiqələrdə iştirakının dəstəkləndiyini qeyd etdi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda kulinariya ilə məşğul olan kiçik və orta sahibkarların inkişafı üçün mövcud dəstək mexanizmlərindən danışdı. Qeyd etdi ki, KOBİA tərəfindən restoran və kafe biznesi üzrə sahibkarlar və aşpazlar üçün maliyyə dəstəyi ilə yanaşı, satış mexanizmləri yaradılır ki, bu da yeni bizneslərin formalaşması və saylarının artmasına imkan verir. O.Məmmədov əlavə etdi ki, kulinariya sahəsinin dəstəklənməsi həm də turizm üzrə yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına kömək edir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq tədbirlərdə Azərbaycanın milli mətbəxinin geniş təbliğatının aparıldığını qeyd etdi. O, həmçinin qastronomiya turizminin və milli şərabçılıq ənənələrinin tanıtımı məqsədilə ekoturizmin inkişafı istiqamətində görülən tədbirlər haqqında məlumat verdi.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd etdi. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodolji bazanın təkmilləşməsinə yönəldiyini, milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevriləcək elmi mərkəz olmağı hədəflədiyini vurğuladı.

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli çıxışında qurumun fəaliyyəti və planlaşdırılan layihələr haqqında məlumat verdi. O, kulinarları birləşdirən ictimai təşkilat olaraq bu kimi tədbirlərin keçirilməsinə hər zaman önəm verdiklərini və beynəlxalq yarışlarda təmsil olunmağın vacibliyini qeyd etdi.

Konqres panel sessiyalarla davam etdirildi və tədbir çərçivəsində tanınmış aşpazlar tərəfindən ustad dərsləri keçirildi.

Cavid Əkbərov, “İki sahil”