Qubadlı rayonu 238 nəfər şəhid vermiş, 146 nəfər əlil olmuşdu. Vandalizmi ilə tanınan düşmən 94 kənd və qəsəbəni, o cümlədən 205 mədəni –məişət obyektini, 12 tarixi abidəni məhv edib. 826 kv.km əraziyə malik Qubadlıdan 31 mindən çox əhali didərgin düşmüşdür.
31 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan qədim Azərbaycan torpağı olan Qubadlı rayonu münbit torpaqları, zəngin təbiəti, qədim tarixi və mədəni abidələri ilə yanaşı faydalı qazıntıları ilə də məhşur idi. Belə ki, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal dövründə mənfur düşmən yaşayış məntəqələri, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət ocaqları ilə yanaşı, təbii sərvətlərimizi, faydalı qazıntılarımızı da talan etmişdi.
Oktyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyərək Qubadlının azad olunmasını rəsmən elan etdi. Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb.
Hərbi cinayətlərdən biridə qanunsuz olaraq Xanlıq kəndində xaricdən gələn ermənilər üçün məskunlaşma salınmasıdır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Amma Ermanistan hələ də buna görə cavab verməyib.
Bununla belə, indi o torpaqlar azaddır və tam olaraq ordumuzun nəzarətindədir. Belə olan halda qarşıda duran əsas məsələ o torpaqların bərpasıdır.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Subhan Ərəbi,
YAP-ın gənc fəalı