26 oktyabr 2022 10:05
827

Yeni Azərbaycan Partiyası ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub

Ötən 30 il sübut etdi ki, Yeni Azərbaycan Partiyası regionun ən qüdrətli siyasi təşkilatı, tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatıdır.

Yaranmasının 30 illiyi ərəfəsində olduğumuz Yeni Azərbaycan Partiyası bu illər ərzində xalqın böyük nüfuzunu, inamını qazanıb, ölkə vətəndaşlarının etibar etdiyi partiyaya çevrilib. "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil ölkəmizin dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.

Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr 1992-ci il günü ən əlamətdar, unudulmaz təqvimlərindən biri kimi ictimai-siyasi tariximizə əbədi həkk olunub.

O dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü. Müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanda anarxiya, hərc-mərclik tüğyan edirdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu həmin vaxtlar ümid yalnız dövlətin milli maraqlarını, xalqın ali mənafeyini rəhbər tutan müdrik dövlət xadimi Heydər Əliyevə idi.

Separatizm meyillərinin gücləndiyi, iqtisadi, sosial vəziyyətin gərginləşdiyi, siyasi çəkişmələrin dözülməz hala gəlməsi vəziyyəti günü-gündən daha da ağırlaşdırırdı. Azərbaycan xalqının gələcəyindən narahat olan bir qrup vətənpərvər ziyalımız 1992-ci ilin oktyabrında dahi rəhbərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif edir. Çox keçmir ulu öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verir. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı, güvəndiyi bir siyasi təşkilat yaranır. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə müstəqilliyinə ilk addımlarını atan Azərbaycanın tarixində parlaq gələcəyin əsası qoyulur.

Yarandığı ilk gündən ölkə həyatında baş verən bütün proseslər partiyanın diqqət mərkəzində oldu. Problemlərə həssaslıqla yanaşıldı, onların həlli istiqamətində müəyyən addımlar atıldı, dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Dahi rəhbər Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq arenaya çıxmasına təkan olan, müstəqil ölkəmizin iqtisadiyyatına töhfələrini verən nəhəng iqtisadi layihələr reallaşdı.

Müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsipləri proqramında rəhbər tutan partiyanın əsas məqsədi hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutması olub.

Xalqını, millətini və bütövlükdə, Vətənimizi bəlalardan qurtaran, ölkəmizin sürətlə inkişafı üçün hər cür şəraitləri yaradan, Vətənini, dövlətini böyük məhəbbətlə sevən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı,Yeni Azərbaycan Partiyasına böyük nüfuz qazandırdı. Xalqın sevə-sevə üz tutduğu partiya ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.

“Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu öndər Heydər Əliyevin partiyanın yarandığı ilk illərdə söylədiyi bu fikir siyasi təşkilatın uğurlu gələcəyindən, xalqımızın mənafeyini təcəssüm etdirməsində, Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında öz payı olacağından xəbər verirdi.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ən güclü siyasi təşkilata Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu. Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. Ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar dahi rəhbər Heydər Əliyevin miras qoyduğu partiyanın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da möhkəmləndirdi. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir.

Ulu Öndərin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya 800 minə yaxın üzvü olan böyük gücə çevrilib. Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən partiya Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisəsi - 44 günlük Vətən müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “Dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq siyasi partiyaların Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət ətrafında sıx birləşməsi, vətənpərvər oğullarımızın torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın qəhrəmanlığının ifadəsi oldu.

Şanlı Qələbə ilə bütün dünyaya öz gücünü göstərən Azərbaycanın alternativsiz partiyasının proqramında Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə bağlı dəqiq hədəflər müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda geniş quruculuq işlərinin aparılması Vətənini sevən hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.

Bütün bunlar sübut edir ki, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası 30 illik tarixi dövründə Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi partiyanın yeni Proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarları, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir.

Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 30-cu il dönümü ərəfəsində ilk növbədə ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündə canlanır. 30 il ərzində zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası alternativsiz siyasi qüvvə olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.

Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri xalqın sevgisini qazanan partiyada bu gün də öz aktuallığını qoruyur. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

Hakim partiyanın hər bir üzvü partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamının göstəriciləridir.

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin artırılmasında öz dəst-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.

Fərid Dünyamaliyev,
YAP Gənclər Birliyinin üzvü