26 oktyabr 2022 15:57
671

Tarixi Zəfər

Bu gün qələbə sevinci yaşayan Azərbaycan dövlətinin formalaşması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Rəhbərlik etdiyi dövrlərdə Ulu Öndər Vətənimizin hərtərəfli inkişafına,  güclənməsinə çox əmək verdi.Yalnız bu günlərçün deyil, Vətənimizin gələcəyi üçün inkişaf strategiyasını müəyyən etdi. Müstəqilliyimizin təminatçısı olan güclü ordu yaratdı. Ulu öndərin layiqli davamçısı, Ali Baş komandan, ölkə başçısı İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. 27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində yeni səhifədir. Şanlı, qürurlu bir səhifə! Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşünün başlanğıcıdır. Bəli, o gün ilahi birlik günüdür. Bu birliyin nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz ən müasir standartlara uyğun,dünya hərb tarixində qürurla xatırlanacaq səviyyədə əməliyyatlar apararaq 44 gün ərzində misilsiz qələbə çaldı. 44 gün ərzində ordumuz bizi bir gün də müjdəsiz qoymadı. 30 il həsrətini çəkdiyimiz yurdlarımızı birər- birər düşmən tapdağından təmizlədi.  Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri qısa müddət ərzində düşməndən təmizlədi.Ordumuz 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kəndini, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.Şanlı bayrağımız yenidən doğma torpaqlarımızda dalğalandı.

2020 -ci il 9 noyabr gecəsi...Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev xalqımıza böyük zəfər xəbərini verdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyuldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 günə qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Azərbaycan parlaq qələbə qazandı,şərəfini, ləyaqətini ucaltdı.

8 Noyabr-Dahilər yetişdirən, hər daşında Azərbaycanın qədim tarixini, şanlı səhifəsini qoruyan, başımızın  tacı Şuşanın azad olduğu gündür.Musiqimizin beşiyi,cənnət Şuşamızın düşmən taptağından azad olduğu gün!  Təsadüfi deyil ki,Ali baş komandanımız da Şuşasız bizim işimiz yarımçıq qalar demişdi və ata vəsiyyətini yerinə yetirdim deyib kövrəlmişdi. Artıq o tarixdən iki il ötür. Amma Şuşa döyüşləri hələ də dünyanın ən məşhur hərb institutları tərəfindən araşdırılmaqda, ABŞ, Çin, Rusiya və s. kimi böyük dövlətlərin hərbi məktəblərində tədris olunmaqdadır.

10 dekabr Paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silah-sursatın dayana bilməyəcəyini göstərdi.Ordumuz Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli Ali Baş Komandanımız, vətən yolunda canlarından keçən, xalqın qəhrəmanlıq dastanını yazan oğullarmız var!

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən,“Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya durduqca sevgi və sayğı ilə xatırlanacaq,onların qəhrəmanlıq hekayələri gələcək və indiki nəsillər üçün qürur mənbəyi olacaq,hörmətlə yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!Bu gün biz məhz onların sayəsində bu şanlı qələbədən qürurla bəhs edir,gələcək nəsillərə işğal tarixlərini yox,işğal olunmuş torpaqlarımızın işğaldan azad olunma tarixlərini öyrədirik.Bir tarix müəllimi olaraq bu mövzuları keçərkən keçirdiyim fərəh,qürur və minnətdarlıq hissinini nəyə desəniz,dəyişmərəm. EŞQ OLSUN MÜQƏDDƏS TORPAĞIN QƏHRƏMAN OĞULLARINA VƏ QIZLARINA! VƏTƏN ONLARI UNUTMAYACAQ!

Mənsurə Tağıyeva,
Bakı şəhəri, 287 saylı Zəkalar liseyinin tarix müəllimi