01 noyabr 2022 01:35
579

Azərbaycan-Türkiyə münasibətləri: Dostluq, qardaşlıq, müttəfiqlik

Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri hər ötən gün daha da güclənir. Vətən müharibəsində  Türkiyənin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın ən bariz nümunəsidir. Həmin dövrdə Türkiyənin  dövlət strukturları Azərbaycanın Zəfəri üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Azərbaycan və Türkiyə xalqları arasında münasibətlər bütün dövrlərdə yüksək səviyyədə olub. Hazırda ölkələrimizin qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İki ölkə arasında günü-gündən inkişaf edən iqtisadi əlaqələr  Azərbaycan və Türkiyə xalqlarının rifahına, dövlətlərin güclənməsinə xidmət edir. Təbii ki, iki dost, qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının kökündə Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın xüsusi səyləri, səmimi dostluğu və bir-birilərinə olan etibarı dayanır.

Prezident İlham Əliyev 2022-ci il oktyabrın 28-də qardaş Türkiyənin milli bayramı-Respublika Günü münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda Bakı ilə Ankara arasında əlaqələrin inkişafına, Şuşa Bəyannaməsinin iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmasına, Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə göstərdiyi xüsusi dəstəyə toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün dünyada Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri yoxdur: “İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir”.

Hazırda siyasi, hərbi müstəvidə olduğu kimi, ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr möhkəmlənməkdədir. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcminin artaraq, 2 milyard 314 min ABŞ dollarından çox olması bunun əyani təsdiqidir. Sevindirici haldır ki, bu gün Azərbaycan Türkiyəyə sərmayə qoyan ölkələr arasında ilk sıralardadır. Eləcə də Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırımı edən ölkələr arasında Türkiyə ilk sıradadır. Ölkəmizdə müxtəlif sahələrdə Türkiyəyə məxsus 5000-ə yaxın şirkət fəaliyyət göstərir.

Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Bir neçə gün bundan əvvəl qardaş ölkənin rəhbəri R.T. Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında, eləcə də bir sıra mühüm infrastruktur layihələrinin təməlinin qoyulmasında iştirakı bunun bariz nümunəsidir.

Qırx dörd günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. Təbii ki, Azərbaycanla Türkiyə arasında həm hərbi, həm də digər sahələrdə əməkdaşlığın yüksək sürətlə inkişaf etməsində ölkənizin başçısının bildirdiyi kimi, 2021-ci ilin iyunun 15-də imzalanan Şuşa Bəyannaməsinin rolu xüsusi vurğulanmalıdır: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir...”

Bəli, qətiyyətlə demək olar ki, Azərbaycan-Türkiyə dostluğu ölkəmizin başçısının bildirdiyi kimi, bölgənin tale yüklü problemlərinin həllində mühüm rol oynayır. İki qardaş ölkənin liderlərinin dostluğu, Silahlı Qüvvələrimizin hərbi əməkdaşlığı Cənubi Qafqazla, xüsusilə Azərbaycanla bağlı bəd planları olanların qarşısını kəsir.

Yaşasın Azərbaycan-Türkiyə biliyi, dostluğu və qardaşlığı!..

Zahid Rza, “İki sahil”