Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasının başlıca səbəbi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir
Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir. Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində vəziyyət müsbətə doğru əsaslı şəkildə dəyişməyə başladı. Ordumuzda həyata keçirilən islahatlarla silahlı qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevirdi.
Dünya Azərbaycan Ordusunun gücünü hələ 2016-cı ilin Aprel döyüşlərində görmüşdü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu həmin vaxt sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad etdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də çağdaş tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə isə Azərbaycanın gücünü, qüdrətini bir daha göstərdi.
İkinci Qarabağ müharibəsi həm də Azərbaycanın qüdrətli ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. İki il öncə Azərbaycan Ordusu Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli ilə dünyanın diqqətini cəlb etmişdi. Şanlı Qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir.
Vətən müharibəsindən ötən iki ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin etibarlı müdafiəsi, qorunması, həmçinin qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ali Baş Komandanın göstərişinə əsasən, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması, müxtəlif hərbi təlimlərin keçirilməsi ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi sahəsində hazırda da işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür. Müzəffər Sərkərdənin Azərbaycan Ordusu qarşısında qoyduğu yeni tapşırıqlara əsasən, modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb.
Ali Baş Komandanın tapşırıqlarından biri də yeni Komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Artıq müxtəlif ərazilərdə Komando briqadaları yaradılır. Ölkəmiz üçün yenilik olan Komando briqadalara yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər cəlb edilirlər. Əlbəttə ki, bu da ordumuzun gücünə güc qatıb.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Bu işlərin mütəşəkkil aparılması üçün 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Bu gün hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində də genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv edilərək onun maddi texniki bazasında iki müstəqil institut yaradılıb.
Digər tərəfdən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında hərbi təlimlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Birgə təlimlərin keçirilməsi, qərargahların fəaliyyətinin uzlaşdırılması, komandirlərin birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənmələri böyük önəm kəsb edir. Bütövlükdə isə, paradlar kimi, təlimlər də ölkəmizdə güclü ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsini əks etdirən mühüm nümunələrdəndir.
Dövlətimiz Silahlı Qüvvələrin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Bunu gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Belə ki, 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.
Bütün bu islahatlar onu deməyə əsas verir ki, daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Regionda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək postmünaqişə dövründə də bu sahənin inkişafı ilə bağlı qarşıya yeni vəzifələr qoyur, Silahlı Qüvvələrin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Bütün bunlar əminlik yaradır ki, Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.
Yaqut Ağaşahqızı, “İki sahil”