04 noyabr 2022 21:35
304

30 illik həsrətə son qoyan siyasət

Ərazi bütövlüyümüzün bərpa olunması hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti olub

Azad müstəqil Azərbaycanımızın təqviminə qırmızı rənglə qeyd olunan bir gün də əlavə olundu. Xalqımız artıq 2 ildir Zəfər gününü Vətənimizin bütün güşələrində böyük təntənə, fəxr və qürur hissi ilə qeyd edir. Xalqımız  30 il idi ki bu günü  səbirsizliklə gözləyirdi.

Birinci Qarabağ müharibəsini başa çatdıran atəşkəs müqaviləsi imzalandıqdan sonra da ermənilər cinayətkar əməllərini davam etdirir,cəbhə xəttində tez-tez gərginlik yaradır,təxribatlar törədirdilər.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən olkə başçımız cənab İlham Əliyev öz təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində respublikamız davamlı iqtisadi inkişafa nail oldu,dünyadakı nüfuzunu daha da artırdı,regionun siyasi,iqtisadi və mədəni mərkəzinə çevrildi.

Lakin Prezidentimizin çıxışlarında qeyd edildiyi kimi ,ərazi bütövlüyümüzün bərpası onun siyasətində bir nömrəli vəzifə idi.Bütün istiqamətlərdə qazanılan uğurların,əldə edilən nailiyyətlərin bir hədəfi var idi-işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyəti illərində münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın səyləri davam etdirilmişdir. Bütün bu illər ərzində Azərbaycan Respublikası münaqişənin həllinin yalnız onun ərazi bütövlüyün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması şəklində mümkün olduğunu dəfələrlə bəyan etmişdir.Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacağını bildirmişdi.O,qeyd edirdi ki ,bu məsələnin həllində beynəlxalq hüquq normalar əsas götürülməlidir.Dövlətimizin başçısının prinsipial,qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətə qoyur,həmçinin işğalçı ölkə kimi onu beynəlxalq  iqtisadi layihələrdən kənarda saxlayırdı.Ermənistan rəhbərliyi yaranmış siyasi böhrandan çıxış yolunu yeni hərbi təxribatlarda görürdü.2016-ci il aprel,2017-ci il iyul və 2020 il iyulda erməni təxribatlarının qarşısı qətiyyətlə alındı,bütün dünyaya Azərbaycan ordusunun gücünü,qələbə əzmini göstərdi.

Bununla yanaşı, Prezident İlham Əliyev çıxışlarında bildirirdi ki,əğər danışıqlar prosesi nəticə verməzsə,işğal edilmiş əraziləri hərb yolu ilə azad edəcəyik.Bunu ölkə başçımız Ermənistan rəhbərliyinə və Minsk qrupunun həmsədr ölkələrin diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsindən sonra ordu quruculuğuna diqqət daha da artırıldı.Yeni hərbi doktrina hazırlandı,Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırıldı,dünyanın ən müasir silahları ilə təchiz edildi.

Ermənilərin təxribatları,nümayişkəranə hərəkətləri və ifadələri sülh danışıqlarının vaxt itkisi olduğunu açıq-aşkar göstərdi.Xalqımızın səbr kəsası dolmuşdu. Azərbaycan Respublikası Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanın İlham Əliyevin əmri ilə Azərbaycan silahlı Qüvvələrin əks-hücum əməliyyatı başlandı. 44 günlük müharibədə Ali Baş komandan-Xalq- Ordu birliyi dəmir yumruğa çevrilərək düşmənin məhv edilməsi ilə nəticələndi.

Artıq bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixə qovuşdu. Dövlət başçısı,Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, Prezident kimi gərgin əməyin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu,xalqımızı dünyada mübariz,döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Elnarə Rüstəmova,
Bakı şəhəri, 55 nömrəli tam orta məktəbin Tarix müəllimi