04 noyabr 2022 23:02
365

Qələbə bayramın mübarək, Azərbaycan!

BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 4-də  Bakı Slavyan  Universitetində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan  Qələbənin ikinci ildönümünə həsr olunmuş  tədbir  keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Daha sonra  Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi ilə bağlı videoçarx nümayiş edildi.

Tədbiri  giriş sözü ilə açan Bakı Slavyan  Universitetinin rektoru Anar Nağıyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək  dedi: “İkinci ildönümünü qeyd etdiyimiz Zəfər Günü çoxəsrlik tariximizin şanlı səhifəsi, xalqımızın qürur mənbəyi və Azərbaycan dövlətinin qüdrətinin ifadəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin, ərazi bütövlüyümüzün və beynəlxalq hüququn bərpasına müvəffəq oldu.  Dövlət başçısının   müvafiq  Sərəncamı ilə  Zəfər Gününün təsis edilməsi  ən yeni tariximizin parlaq səhifəsi olan Zəfər  salnaməsinin gələcək  nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Vətən müharibəsindən  ötən iki ildə  Azərbaycan  tərəfindən atılan  addımlar tarixi  Qələbəmizin nəticələrinin iqtisadi, siyasi və diplomatik  müstəvidə möhkəmləndirilməsini təmin edir. Bu gün  işğaldan azad edilmiş ərazilərdə ardıcıl və sistemli abadlıq-quruculuq işləri aparılır.  Şübhəsiz ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan tədbirlər  Qarabağ və Şərqi  Zəngəzur  iqtisadi rayonlarının yenidən qurulmasına səbəb olacaq.”

Anar Nağıyev vurğuladı ki, bu sevinci bizə yaşadan  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli  Azərbaycan Ordusuna minnətdarıq: «Canları, qanları ilə  tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir,  qazilərimizə Allahdan şəfa diləyirik. Onlar Vətən müharibəsində qazandığımız  tarixi Zəfərimizin qəhrəmanlarıdırlar. Qalib ölkənin vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir.»

Daha sonra  Milli Məclisin deputatı Arzu Nağıyev  "Azərbaycanın  təcavüzkar üzərində Qələbəsinə səbəb  olan siyasi addımlar və əsas istiqamətlər" mövzusunda çıxış edərək  tarixi Zəfərlə  dövlətimizin yeni  reallıqlar yaratdığını diqqətə çatdırdı.

Universitetin Diplomatiya  və xarici siyasət  kafedrasının  müdiri,  dosent  Əsgər  Əhməd çıxışında vurğuladı  ki, xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi.

Milli  Məclisin  deputatı  Elman Nəsirov  bildirdi ki, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olundu. Qəhrəmancasına şəhadətə ucalan igidlərimiz isə indi təkcə ailəsinin deyil, bütün xalqımızın qürur mənbəyidir.

Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə  çıxışında diqqətə çatdırdı ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu günlərini yaşayırıq: “Böyük fəxarət hissi ilə qeyd etdiyimiz Qələbə Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, müharibənin başlandığı ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşməsi və dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin illərlə yeritdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.”

Vüqar Rəhimzadə  vurğuladı ki,  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz: “Şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqları, torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizə hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalı olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu ideya və prinsiplərlə böyüməlidirlər. Şəhidlərimizin və qazilərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar Vətənini, dövlətini, xalqını sevmək nümunəsi ortaya qoyan, qəhrəmanlıqlarından əsrlərboyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz Vətən oğulları böyüdüblər. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə ehtiva edən bu cür cəsur oğullar böyüdən valideynlərin hər birinin qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Bu möhtəşəm Qələbə günü – Zəfər bayramı münasibəti ilə xalqımızı təbrik edirəm."

Milli Məclisin deputatı Vüqar Bayramov  diqqətə çatdırdı  ki, 44 gün davam edən və  işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir.

Daha sonra  şəhidlərimizə həsr olunmuş  videoçarx nümayiş edildi.

Tədbirdə iştirak edən şəhid valideynləri övladlarının şərəfli döyüş yolundan danışdılar. Onlar, həmçinin dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Çıxış edən “N” saylı hərbi hissənin zabiti, leytenant Pərvin Əzimov  Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşdü və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən söhbət açdı.

 Xalq artisti Nurəddin Mehdixanlı tədbirdə çıxış edərək bildirdi ki, 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan xalqı bir yumruq kimi özünün Ali Baş Komandanının ətrafında birləşib.

Tədbir Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksi   şagirdlərinin xor kollektivinin  ifasında " Yaşa Azərbaycan!"  adlı  Qələbə mahnısı ilə yekunlaşdı.

Yaqut Ağaşahqızı, «İki sahil»