15 noyabr 2022 02:37
1208

Konfetlər və şokoladlar necə yaranıb?

Qənnadı məmulatlarının mənşəyi təxminən eramızdan əvvəl 2000-ci illərə gedib çıxır.  Demək olar ki, o zamanlar  şəkər hələ məşhur deyildi və  onun əvəzinə xurma və baldan istifadə olunurdu. Şərqdə konfeti badamdan və əncirdən hazırlayırdılar. İlk dəfə konfetlər də Misirdə yaranmışdı. Qədim romalılar,  yunanlar və çinlilər küncüt fındıq və xaşxaş dənlərini bişirir, balla qarışdırır və küncüt əlavə edərək konfeti əvəz edən şirniyyat hazırlayırdılar. Meksikadakı Azteklər "kakahuatl" adlı acı içki hazırlamaq üçün kakao paxlasından istifadə edirdilər. Şəkər bu içkiyə yarandıqdan cəmi 1500 il sonra əlavə edilib.

Qədim zamanlarda  Rusiyada isə konfeti  ağcaqayın siropundan, patkadan və baldan hazırlayırdılar.

Latın sözündən gələn  "konfet" sözü  "bişirilmiş dərman" kimi tərcümə olunur. İlk dəfə bu termini avropalı həkimlər işlətmişdilər. 16-cı əsrdə şəkərli meyvələr  bu termin  adı altında adlandırılaraq  boğaz ağrılarını müalicə etmək üçün istifadə edilirdi.

Rusiyanın ən məşhur  konfeti “Quş südü” adı altında tanınan şirniyyat növüdür.  Əvvəlcə bu tort idi və onu “ROT FRONT” müəssisəsində hazırlayırdılar.

Şokolad haqqında ilk kitab 1609-cu ildə Meksikada meydana gəlib. O, “Libro en el cual se trata del chokolate” – “Şokolad haqında hər şeyin olduğu kitab” adlanırdı.

Böyük Britaniya və İrlandiyada məşhur “Snickers” və “Mars” şokolad  barları 1990-cı ilə qədər “Marafon” adlanırdı. İlk “Snickers” barı 1911-ci ildə “Mar-O-Bar” şirkətini quran amerikalı şirniyyatçı Franklin Mars tərəfindən 1923-cü ildə icad edilmişdir.

1897-ci ildə diş həkimi Uilliam Morrison və şirniyyatçı Con Uorton şəkəri çox incə saplara çevirən maşın yaradırlar. Uilliam və Con bu incə sapların yığılması nəticəsində yaranan “ pambıq konfet” adlı yeni məhsulu  1904-cü ildə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən Ümumdünya Sərgisinə təqdim edilmişdir.  Onlar  yarmarkada “pambıq konfetlə” yanaşı, vafli, buzlu çay, fıstıq yağı, hamburger və s. kimi ərzaq məhsulları da təqdim edilərək məşhurlaşmışdı.

“M&M” konfetləri bütün dünyada məşhurdurlar. Bəs bu abbreviatura nə deməkdir? Əslində “M&M” bu şirniyyatları yaradanların adlarının baş hərfləridir.

Dünyada ən qeyri-adi konfetlərə gəlincə bu, fin konfetləridir. Fin konfetlərinin dadı  pivəni  və hətta nefti xatırladır. 

Şokoladın özü bahadır. Amma elə şirniyyatlar var ki, onlarla müqayisədə hətta  ən bahalı şokolad növü çox ucuz görünəcək.   Bu şirniyyat növləri bunlardır:

- “Triniti” konfetləri  Hindistanda istehsal olunur və 1 kq-ın qiyməti təxminən  6000 dollardan yuxarıdır. Bu, dünyanın ən bahalı şirniyyatlarından biri  hesab olunur və hətta  “Ginnesin Rekordlar Kitabı”na daxil olunub.

- “Wispa Gold bar”konfetinin qiyməti  1600 dollara başa gəlir. Qızıldan  hazırlanmış qablaşdırmaya görə  bahadır.

- “Swarovski-Studded Chocolates” konfet  setinə  49 şokolad daxildir və onların qiyməti 10.000 dollardan çoxdur. Bu şirniyyat növünün belə  baha olması  “Swarovski” kristalları və ipəkdən hazırlanan  qızılgüllərlə bəzədilmiş unikal qablaşdırması ilə bağlıdır.

Şokolad itlər və pişiklər üçün ölümcül ola bilər. İş ondadır ki, şokoladın tərkibində teobromin (suda həll olunmayan, acı rəngsiz kristal olan purin seriyasının alkaloidi) mövcuddur. Kiçik dozada şokolad heyvanlarda qusma və ishala səbəb ola bilər.

Teobrominin insanlar üçün təhlükəli olduğunu da qeyd etmək lazımdır. Bununla belə, teobromin insanlarda heyvanlara nisbətən daha sürətli həzm olunur. İnsanlar üçün ölümcül doza hər kiloqram bədən çəkisi üçün 1000 mqdir. Bir paket südlü şokoladda təxminən 150-220 mq teobromin var.

Dünyanın ən böyük konfeti “Xaqi-Boy” adı ilə tanınan  hündürlüyü 1,68 metr və çəkisi 633 kiloqram olan konfetdir. Onu  “Gummi Bear Factory” firmasının şirniyyatçıları  hazırlayıb. Bu konfeti hazırlamaq üçün  4 ton çəkili xüsusi qab   lazım olmuş, qaba  tökülmüş meyvə kütləsi də təxminən iki həftə ərzində qurudulmuşdu.

Alman psixoloqları hesab edirlər ki, ən romantik insanlar adətən  çiyələkli konfetlərə üstünlük verirlər. Qətiyyətli insanlar  isə albalı içli konfetlərə üstünlük verirlər, utancaqlar – fındıqlı, yaradıcı insanlar isə  tərkibində  kokos olan konfetlərə üstünlük verirlər.

11 iyul- Beynəlxalq Şokolad Günü kimi qeyd edilir.

Sən demə,  müəyyən genlərə sahib olan insanlar daha çox şirniyyata meyillidirlər. Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, hepatokin (FGF21) geni rs838133 və rs838145 olan insanlar genetik olaraq şirniyyat  yeməyə daha çox meyillidirlər. Daha dəqiq desək digər  insanlara nisbətən 20% daha çox.

Şokoladın şərəfinə  qoyulmuş ilk heykəl 2009-cu il iyulun 1-də Rusiyanın Vladimir vilayətinin Pokrov şəhərində açılıb. 

Həkimlərin sözlərinə görə, bütün şirniyyatlar insan orqanizmində immun sistemini aşağı salır. Yaşlılarda və uşaqlarda bağırsaq florasının pozulmasına  təsir göstərir.  Bununla orqanizmdə  göbələk artması yaranır ki,  bu da həmin insanların orqanizmində qurdların yaranıması və artması üçün müsbət şəraitin yaranması deməkdir. Qurdların artması  uşaqlarda əqli və boyun inkişafdan qalmasına, iştahsızlıq, ürəkbulanma, əsəbilik, gərginlik, yuxusuzluq, allergiya kimi problemlər yaradır. Bağırsaqda göbələyin artması yaşlılarda  uşaqlarda olduğu kimi immun sisteminin zəifləməsinə gətirib çıxarır. Bilirik ki, hər bir insanın bədənində xərçəng hüceyrələri var. Məsələn,  karamelli konfetlərin çox qəbul olunması həmin hüceyrələrin inkişafını yaşlı insanlarda daha da aktivləşdirir. Elə buna görə də onkoloji xəstələrə şirniyyat yemək qadağandır.

Almaniyanın Baden-Baden şəhərinin 45 kilometrliyində Şokolandiya adlı “ölkə” yaranıb. Parkda qurulan bu nağıl-şəhərdə hər gün əsl şokolad şouları qurulur. Buraya hər il üç milyondan çox turist gəlir.

Harvard Universitetində 8 min insanın iştirakı ilə aparılan tədqiqatlar şokoladın ömrü uzatdığını sübut edib. İçindəki antioksidantlar vasitəsilə şokolad sevənlərin ömrü ən az 1 il uzanır. Əgər bu, əsl şokoladdırda...

Samirə Tağıyeva, “İki sahil”