18 noyabr 2022 22:58
516

Milli iradəni təmsil edən, siyasi sistemin monolit gücü və avanqard siyasi institut

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin sütunu olmaqla yanaşı, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır.

Bu gün Yeni Azərbaycan Partiyasının  yaradılmasının 30-cu ildönümünü qalib xalq olaraq  Zəfər qazanmış dövlətimizdə qeyd edirik. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini daim qoruyur. Tarixi zərurətən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yoluna malikdir. Bir çox partiya və siyasi təşkilatların təsis olduğunu nəzərə alsaq, Yeni Azərbaycan Partiyasının fəaliyyəti digərlərindən sözün əsl mənasında fərqlənmişdir.

Partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində , ölkənin ciddi sınaqlara məruz qaldığı, dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir dövrdə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı  “Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyevə xalqın və dövlətin xilası hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Ulu Öndər Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 30 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar, ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini apararsaq, ilk öncə belə bir nəticəyə gələ bilərik ki, YAP Ümumilli Lider Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb və sifarişləri kontekstində yaranmış partiyadır və ötən 30 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. 

Hal-hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipini öndə saxlayaraq milyonların sevgisini qazandı. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyanın gələcəyinə inamı özündə əks etdirdi. Dahi şəxsiyyət, eyni zamanda, bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, dinindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firəvan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirir

Yeni Azərbaycan Partiyasının əsas siyasi xətti, ideologiyası, partiyanın məqsəd və məramı Nizamnamə və Proqramında göstərilmişdir. YAP-ın VII Qurultayı 5 mart 2021-ci ildə keçirilmiş və qurultayda Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoyulmuşdur. Qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhvə verən böyük sosial bazaya, güclü sosial-intellektual potensiala malikdir.

Cəmiyyət daima yenilənir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar Yeni Azərbaycan Partiyasının hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək bir səbəbi var , xalqın partiyanın sədrinə Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan sevgisi  və inamı!  Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədə inkişaf hansı keşməkeşli yollardan  keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və həyata keçirməyə davam edəcək.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı