05 dekabr 2022 22:38
573

Bu gecə yuxumda Arazı gördüm...

Azərbaycan Mətbuat Şurasında “Günaz TV”nin rəhbəri Əhməd Obalı ilə görüş keçirilib

Dekabrın 5-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV)  rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, həmçinin bir sıra media orqanlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid  Əhməd Obalını və tədbir iştirakçılarını Xalq şairi Məmməd Arazın “Bu gecə yuxumda Arazı gördüm” şeiri ilə salamlayıb.

Bu gecə yuxumda Arazı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı: "cəsarətlə keç!"

Mətbuat Şurasının sədri bildirib ki, Güneydə baş verən proseslər daim diqqətdə saxlanılır.

Tədbirdə İranda son üç ayda gedən proseslər, orada yaşayan soydaşlarımızın həmin proseslərdə iştirakı, habelə İslam respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib. Həmçinin İranın artan informasiya təxribatları şəraitində Azərbaycan mediasının diqqət yetirməli olduğu məqamlara aydınlıq gətirilib.

Ə.Obalı çıxışında işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, həmin ərazilərdə Azərbaycan, ümumilikdə türk mirasına qarşı ermənilər tərəfindən vandalizmin törədildiyini, torpaqlarımızın talan olunmasında İranın da yaxından iştirak etdiyini vurğulayıb. “Regionda Azərbaycana qarşı ən çox düşmənçiliyi İran edir. Prezident İlham Əliyev bir neçə dəfə cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib. Bu, biz cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz hər hansı kənar qüvvələrin işimizə qarışmasını istəmirik”, - deyə o, qeyd edib.

Ə.Obalı vurğulayıb ki, İranda 30 milyondan çox cənubi azərbaycanlının hüquqları tapdalanır. Vaxtilə Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu basqılar daha da güclənib. İranda ana dilimizdəki kitabları yığıb yandırıb, müəllimlərimizi öldürüblər, onlara zülm ediblər.

Görüşdə, eyni zamanda, İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətinin bu sahədəki direktivlərinə əsaslandığı vurğulanıb. Belə xoşagəlməz meyillərin son aylarda daha da artmasının Azərbaycanın apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb.

Toplantıda İranın buna qısqanclıqla yanaşdığı, bu xüsusda rəsmi Tehranın İslam düşməni olan işğalçı Ermənistanla yaxınlığı xüsusi vurğulanıb Görüşdə, həmçinin İranın artan informasiya diversiyaları şəraitində Azərbaycan mediasının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər çıxış edənlər Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarının uzun illərdir pozulduğunu vurğulayıblar. Qeyb edilib ki, onların da hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir. Dövlətimizin başçısı son çıxışlarında bu məsələyə toxunub.

Sonda Ə.Obalı müzakirə edilən mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırıb.

Yaqut Ağaşahqızı, “İki sahil”