11 iyul 2025 23:27
148

Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir - TƏHLİL

Dövlət başçısı İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd edildi

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın regionda və dünyada artan nüfuzu diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin  uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı və arzuolunan  tərəfdaş kimi nüfuz qazanıb. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə Azərbaycan  dünyada ön sıralardadır.

Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin həmin ölkələrin liderlərinin  Azərbaycana  qarşılıqlı səfərlərinin dinamikliyi beynəlxalq əlaqələrinin uğurlu inkişafından xəbər verir. Son illərdə Azərbaycanın Avropa, türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər.  Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın 4 il sədrlik etdiyi  Qoşulmama Hərəkatının  da üzvləridir. Qəti şəkildə  islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Ərəb dünyasının ən zəngin ölkələrindən biri Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.

   Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət göstərmişdi. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr hazırda  uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı ildə  Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər imzalandı. Növbəti illərdə bu səfərlər davamlılığı ilə diqqətdə oldu.

   Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payını 30-40 faizə çatdırmağı  hədəf kimi qarşıya qoyub. 2022-ci ilin martında  “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu.  2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev bildirmişdir: “Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var.» Yüksək səviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi   Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı oldu. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ötən il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri də bunun bir daha təsdiqi oldu. Səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı. Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi. Söhbət zamanı, həmçinin  İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.

  Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin imzalanması iki ölkə arasında münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Təbii ki, hər bir səfər gündəmə gətirilən məsələlərlə yanaşı, münasibətlərin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin  imzalanması ilə  xaraterizə edilir.

   Bu səfərin əhəmiyyətini artıran mühüm məqamlardan biri  Azərbaycanın söz sahibliyini, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarını təsdiqləyən Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə,  isə  təkbətək formatda görüşünün keçirilməsi oldu.

    Reallıq budur ki, Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır.  Cənab İlham Əliyev çıxışlarında bildirir ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Azərbaycan bəlli olan təklifləri irəli sürüb və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə,  bölgəmizdə təhlükələr daha da arta bilər.

    Azərbaycan addım-addım sülh müqaviləsinin imzalanmasına yaxınlaşır.  May ayında Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşdən sonra  iyulun 10-da dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderləri Əbu-Dabi şəhərində bir araya gəldilər. Birləşmiş Ərəb Əmirliyinin rolu  sadəcə, görüş üçün əlverişli mühitin yaradılmasından ibarət oldu. Qeyd edək ki, BƏƏ indiyədək nə keçmiş münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda vasitəçilik etmək uğrunda mübarizə aparıb. Bu aspektdən də Əbu-Dabi neytral danışıq meydançası olaraq seçilib. Bu görüş regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə doğru atılmış növbəti  addım kimi dəyərləndirilir. Görüşün konstruktiv, qarşılıqlı anlaşma mühitində  keçməsi bir daha təsdiqlədi ki, hər iki tərəf real nəticələrin əldə edilməsində maraqlıdır. Tarixi Zəfərimizdən dərhal sonra dövlət başçısı İlham Əliyev Azərbaycanın   Ermənistanla münasibətlərində yeni səhifə açmaq, bölgədə dayanıqlı sülhü təmin etmək üçün qarşı tərəfə sülh təklifini etdi. Hər zaman bu məqam xüsusi vurğulanır ki, Azərbaycan tərəfinin sülh təklifi heç də 30 illik işğal dövrünün, 44 günlük Vətən müharibəsi dövrünün reallıqlarını, torpaqlarımızın azadlığı yolunda canlarından keçən  şəhidlərimizin unudulması anlamına gələ bilməz. Lakin son beş ildə zəfərlərimizin fonunda regionda sülhün və təhlükəsizliyin təmin edilməsi bir çağırışa çevrilib. Azərbaycanın təklif etdiyi beş əsas prinsip- qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, kommunikasiyaların açılması və digər fundamental yanaşmalar bu gün bölgədə sabitliyin bərqərar olması üçün möhkəm əsas yaradır. Regionda  sabitliyə aparan yolun xəritəsini məhz Azərbaycanın tərtib etməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatıdır. Görüşdə tərəflər  əlaqələrin inkişafında əsas faktorlardan olan qarşılıqlı etimad mühitinin yaradılması və möhkəmləndirilməsi  məsələsini də xüsusi diqqətdə saxlayaraq bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirdilər. Rəsmi Bakı daim  bəyanatlarında bildirir ki,  sülhə hazırdır və bunu sözdə deyil, əməldə təsdiqləyir.

   Sülh təklifinin gündəmə gətirildiyi zamandan etibarən müxtəlif formatlarda və müxtəlif məkanlarda danışıqlar aparılıb. Ermənistanın bu və ya digər himayədarından asılılığı konkret addımların atılmasına daim  mane olub. Dəstəkçilərindən təklif gözləyən rəsmi İrəvan müxtəlif bahənələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışıb. Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpası  məsələsini gündəmə gətirməsi Azərbaycan tərəfinin haqlı narazılığına səbəb oldu.  İşğalın davam etdiyi 27 ildə təbii ki, Minsk qrupunun vasitəçilik missiyasında hansısa uğurlu nəticəyə imza atdığını  söyləmək mümkünsüzdür. Çünki Minsk qrupunun həmsədrləri missiyalarını regiona nəticəsiz səfərlərlə bitmiş hesab etdilər. Dövlət başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsini şanlı tariximiz kimi dəyərləndirərkən bu reallığı da xüsusi qeyd edir ki, müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,  Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər: «O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər. Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda, Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik.»

Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın qarşı tərəfə iki şərti var. Ermənistan  öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə  qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı,  keçmiş Minsk qrupunun ləğvi tələbi ilə ATƏT-ə müraciət etməlidir.

Görünən budur ki, vasitəçiyə ehtiyacın olmadığı artıq Ermənistan tərəfindən də etiraf edilir. Tərəflərin ikilikdə qəbul etdikləri qərarlar konstruktiv olmaqla yanaşı, qarşıya qoyulan hədəfə çatmağın yolunu yaxınlaşdırır.

Yeganə Əliyeva, "İki sahil"