10 yanvar 2023 00:08
1325

Bizi Qərbi Azərbaycana aparan yol

Prezident İlham Əliyevin «Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» sözləri tarixi torpağımıza qayıdışın bələdçisi, qarantı, zəmanətidir

«Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» söyləyən Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki «Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» sözləri ilə soydaşlarımızın doğma torpağa qovuşmaq inamlarını artırdı. Əsrlərlə davam edən, tarixin səhifələrinə acı xatirələr kimi yazılmış bu ayrılığın ağrı-acısını yaşayan illərə xronoloji nəzər salaq.

…1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə Nijdat sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Müsəlmanların etiraz və müqavimətini görən, həmin ərazilərə sahiblənmək üçün «nəyin bahasına olursa olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi» əmrini verən I Pyotrun «Parçala, hökm sür» siyasəti sonrakı illərdə də davam etdirildi. II Yekaterina ermənilərə himayədarlığı ilə bağlı fərman imzaladı. Çar I Aleksandr Qafqaz canişini N.D. Sisiyanova məktubunda yazırdı: «Hər vəchlə ermənilərdən… Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir.» Rusiya imperiyasının onlara göstərdiyi bu himayədarlığından istifadə edən daşnaklar heç vaxt yaşamadıqları Azərbaycan torpaqlarında məskunlaşmağa başladılar.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində «Erməni vilayəti» yaradıldı. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsinin yaşadığı İrəvan şəhəri də daxil edildi. Türkməncay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan Qarabağa və Naxçıvana ermənilərin kütləvi yerləşdirilməsi prosesi başlandı. Məqsəd həmin ərazilərdə yaşayan yerli azərbaycanlıları ata-baba torpaqlarından çıxarmaq idi. Məqsədyönlü şəkildə həyata keçirilən siyasət nəticəsində İrandan köçürülən ermənilər əsasən Naxçıvanda, Qarabağda, İrəvanda yerləşdirildilər. Ermənilər Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist «böyük Ermənistan» xəyallarını reallaşdırmaq məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə ermənilər «Qnçaq» (1887, Cenevrə). «Daşnaksütün» (1890, Tiflis), «Erməni Vətənpərvərlər İttifaqı» (1895, Nyu-York) təşkilatlarını yaratdılar. 1905-1907-ci illərdə Rusiyada başlanan inqilabi proseslərdən, imperiyanın əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakıda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Ordubadda… Azərbaycanın bütün ərazilərində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər. Gəncə və Qazax quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zəngəzur quberniyalarında 75 kənd dağıdıldı.

Məkrli planlarını həyata keçirən ermənilər 1918- 1920-ci illərdə də azərbaycanlılara qarşı soyqırımlar törətdilər. «Azərbaycanlılarsız Ermənistan!» siyasətinin həyata keçirilməsi nəticəsində aborigen əhali olan soydaşlarımız mərhələlərlə doğma torpaqlarından zorla çıxarıldılar. Azərbaycan və Gürcüstan əraziləri hesabına milliyyətçi ideyalarını həyata keçirən daşnaklar Axalkalakiyə (Axalkələk) , Borçalıya, Qarabağa, Naxçıvana və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər. 1920- ci ildə Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı birgə mübarizə tədbirlərinin müzakirəsi zamanı ermənilər bəyan etmişlər ki, onlar heç zaman İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər. Beləliklə, əməkdaşlıqdan imtina edən ermənilər Qazaxda, Qarabağda, Zəngəzurda qırğınlar törətdilər. Azərbaycan xalqının milli bayramı olan Novruz şənliklərinin qeyd edildiyi günlərdə Şuşaya, Əsgərana Xankəndiyə hücumlar etdilər. Ermənilərin bolşeviklərə köməyinin qiymətləndirilməsi isə Zəngəzurun və Naxçıvanın bəzi uyezdlərinin Ermənistanın ərazisi kimi elan edilməsi oldu.

1948-1953-cü illərdə ermənilərin həyata keçirdikləri deportasiya daşnakların müsəlmanların doğma torpaqlarından sıxışdırılması prosesinin növbəti mərhələsi kimi tarixə yazıldı. Ermənilər 1943-cü ildə keçirilən Tehran konfransı zamanı o illərdə SSRİ-nin xarici işlər naziri V. Molotova müraciət edərək İranda yaşayan ermənilərin sovetlər birliyinə köçürülməsini xahiş edirlər. Bu təklifi müsbət dəyərləndirən SSRİ-nin rəhbəri İosif Stalinin razılığı ilə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsası qoyuldu. İ. Stalinin imzaladığı «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə» və «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə»ki qərarlarına əsasən 1948- 1952-ci illərdə 100 min soydaşımız doğma torpaqlarından deportasiya olundu. Əsasən dağ rayonlarından olan soydaşlarımız köçürülmə əməliyyatları nəticəsində aran zonasının isti iqliminə tab gətirməyərək həyatdan köçdülər. O zaman dağlıq ərazilərdən köçürülənlərin Qarabağda yerləşdirilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin müraciətləri ermənilərin çoxluq təşkil etdikləri Mərkəz tərəfindən rədd edilmişdir. Məqsəd isə daşnakların əsas siyasəti olan təkmillətli etnik dövlətin yaradılmasının gerçəkləşdirilməsi idi.

1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən ermənilər Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında etnik dövlət siyasətlərini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə azərbaycanlıların yaşadıqları kəndləri dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Qukark faciəsi, Vardenisdə, Masisdə, Kalinində, Qacaranda, Qafanda, Kirovakanda, Görusda, Sisyanda, Amasyada, Alaverdidə törədilən qırğınlar nəticəsində 250 min soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur qaldılar. 1948- 1953-cü illərin hadisələri təkrar olundu. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildilər. Ermənistan isə təkmillətli respublikaya çevrildi. Daşnakların «Azərbaycanlılarsız Ermənistan!» ideyası həyata keçirildi. 1988-ci ildə şovinist «miatsum» hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı. Torpaqlarımızın 20 faizinin işğalı, zəbt olunmuş ərazilərimizdə yaşayan azərbaycanlıların doğma yurdlarını tərk etməsi, şəhər və kəndlərimizin dağıdılması nəticəsində 10 mindən çox azərbaycanlı həlak oldu, on minlərlə insan yaralandı.

Ötən ay Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə icmal kimi xatırlatdığımız bu tarixi hadisələrdən daha ətraflı bəhs olundu.

Qərbi Azərbaycanın tarixi torpaqlarımızın olduğunun sənədlərlə təsdiqləndiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi xalqımıza qarşı növbəti cinayət idi. Amma bu xəyanət sonuncu olmadı.

«1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistandakı 90-a yaxın kəndin əksər sakinləri azərbaycanlılar idi. Bütövlükdə isə bu respublikanın 300-dən çox şəhər və kəndində soydaşlarımız yaşamışlar. Qərbi Azərbaycanlılar 3 il ərzində bir nəfər kimi Ermənistandan zorla çıxarılmış, öldürülmüş, işgəncələrə məruz qalmışlar. İnsanlığa ləkə olan faciələrin Ermənistanın təcavüzkarlığı üçün şərait yaradan sovet hökumətinin gözü önündə baş verməsi ikiqat cinayət idi. Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz oldu. Amma xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi, doğma yurda qovuşacağı inamını itirmədi.

«İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır» sözləri ilə işğalçını dəstəkləyənləri tənqid edən Prezident İlham Əliyev bildirdi ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə xalqımıza göstərilən ədalətsizliyi dünya ictimaiyyətinə çatdıracaq. Azərbaycanofobiyanın geniş vüsət aldığı Ermənistan İkinci Qarabağ müharibəsindən, Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsindən nəticə çıxarmalıdır. Bu gün Şuşa- Laçın yolunda baş verən hadisələr, ekofəalların aksiyalarının növbəti anti-Azərbaycan isterikasına səbəb olmasına baxmayaraq xalqımız beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizdə təbii sərvətlərimizin istismarının qarşısının alınmasında qərarlıdır. Dəfələrlə deportasiyalara və zorla köçürülmələrə məruz qalan Qərbi azərbaycanlılara qarşı erməni zülmkarlığı bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, ermənilər bizim torpaqlarımıza köçürülən, planlı şəkildə məskunlaşdırılan gəlmə toplumdur. «Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb» söyləyən Prezident İlham Əliyevin yeni icmasının qarşısında qoyduğu əsas vəzifə vaxt itirmədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Qarabağ münaqişəsi həll olunandan sonra Azərbaycan xalqının istəyi Qərbi Azərbaycana qayıdışa hazırlığın məqsədyönlü, vahid konsepsiya və siyasət çərçivəsində aparılmasıdır. Hədəfi «İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik» sözləri ilə diqqətə çatdıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, tarixi Zəfərə inamı nəticəsində xalqımız iki ildir ki, Ermənistan üzərində qalibiyyətimizin sevincini yaşayır. Bu tarixi Zəfəri qazanmış Azərbaycan xalqı dünya miqyasında tamamilə yeni bir vəziyyət yaratdı. İnamını itirmiş xalqlar da bizə oxşamaq, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər. Qərbi azərbaycanlılar doğma torpaqlarına qovuşmaq inamlarını itirməməlidirlər. Vədlərinə sadiq Prezident İlham Əliyevin İkinci Böyük Qayıdışla bağlı göstərdiyi qətiyyət, Zəngəzur dəhlizinin bərpası bu inamın əbədi qarantı, zəmanətidir.

Xuraman İsmayılqızı, «İki sahil»