11 yanvar 2023 23:58
835

İrəvanın hər qarışına hopmuş Azərbaycan izini silmək mümkün deyil

İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.

Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır.

Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala (İçəri şəhər), Şəhri (Bayır şəhər), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar. Hazırda Təpəbaşı məhəlləsindəki izimizi silmək üçün Ermənistan hökuməti yeni proqram həyata keçirir.

XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.

Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı adlanırdı.

İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi.

XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.

1924-cü ildə İrəvanın Baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər.

Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar. Lakin bu, mümkün deyil. Çünki istər orta əsrlərdə, istərsə çar Rusiyası dövründə, istərsə də Sovet Ermənistanında aparılan siyahıyaalmalar, statistik məlumatlar, tərtib edilən xəritələr indiki Ermənistanın ərazisinin azərbaycanlılara məxsus olduğunu sübut edir. 

Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə  dediyi kimi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.”

Zamin Məmmədov, “İki sahil”