12 yanvar 2023 22:38
1382

Antarktida: Planetin sirli məkanı - FOTO

Antarktida  200 ildən çoxdur ki, alimlərin diqqət mərkəzində olsa da  lakin  bu  qitə hələ də  planetin ən sirli məkanlarından biridir. Bəs görəsən Antarktidanın qalın buz örtüyü özündə hansı sirləri gizlədir?

Əsrarəngiz qədim meteorit

2015-ci ildə NASA alimləri Antarktidaya 30 min il əvvəl düşmüş bir meteorit aşkar etdilər. Həmin meteoritin Marsdan düşdüyü və tərkibində "Qırmızı planet"ə dair mikrobların olduğu aşkarlandı.

Qeyri-adi kəllələr

Arxeoloqların Antarktidanın  Lapail bölgəsində apardığı qazıntılar zamanı aşkar etdikləri uzunsov  kəllələr  bütün elm dünyasının marağına səbəb oldu.  Uzun formalı insan kəllələri hələ də sirr olaraq qalmaqdadır. Alimlərin fikrincə bu kəllələr insan irqinə aiddirsə deməli, insan Antarktidanı min illər öncə fəth edib. Əgər belə  deyilsə, onda burada yadplanetlilərin izi olduğu güman edilir.

Dinozavr qalıqları

2011-ci ildə Antarktidadakı Ceyms Roys adasında nəhəng dinozavr növü olan titanozavr sümüklərinin qalıqları aşkarlanıb.

Titanozavrlar və ya zauropodlar nə zamansa planetimizdə yaşamış ən böyük otyeyən dördayaqlılar olublar.

Bu da ona əsas verir ki, indi buzlaqlu qar səhrası olan Antarktida Təbaşir dövründə, yəni təxminən 70 milyon il əvvəl yaşıllıqların bol olduğu məkan olub.

Paleontoloqların fikrincə, həmin meşələrdə yaşamış dinozavrlar arasında uzunluğu ən azı 30 metr olmuş mifik argentinozavrlar da yaşaya bilərdi.

Çox maraqlıdır ki, 1990-cı illərin əvvəlində  də bu qitədə dinozavr qalıqları aşkar olunmuşdu. Deyilənlərə görə, bu  sümüklər 200 milyon il əvvələ aiddir.

Piramidalar

Antarktidada  forması Misir piramidaları ilə eyni olan bir neçə piramida mövcuddur. Onların bir zaman Antartidada yaşamış protosivilizasiyaya aid olduğu, sonra bu insanların bütün dünyaya yayıldığı bildirilir.  

Qəribə yumurta qoyan qəribə heyvan

2009-cu ildə arxeoloqlar buzun içində donmuş, təxminən müasir pişik boyda qəribə yumurta qoyan heyvanın qalıqlarını tapdılar.  Çox güman ki, bu cür heyvan  qlobal istiləşməyə qədər Antarktidada yaşayıb.  

Qanlı şəlalə

Antarktidanın şərqində, Teylor vadisində yerləşən "Qanlı şəlalə" görənləri heyrətə gətirir. Qan-qırmızı dəmir oksidli axıntı Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Qanlı şəlalə 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması qırmızı yosunla əlaqələndirilsə də, sonradan səbəbinin paslanmış dəmir olması müəyyən edilib. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Deyilənlərə görə, bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalıb. Göl suyunun duzluluğu okean suyunun duzluluğunu 10 dəfə üstələyir. Bu səbəbdən hətta –10 °C temperaturda belə göl donmur. Hal-hazırda "Qanlı şəlalə"nin altında olan göl normal dəniz suyundan 3 dəfə artıq duzludur və donması qeyri mümkündür. Materikdən ayrılması ilə bərabər atmosferlə əlaqəsi kəsilən göl heç gün işığı da ala bilmir və oksigendən məhrumdur. Kiçik mikroblar “Qanlı şəlalə”də yaşaya biləcək yeganə canlılar hesab olunur. Buna baxmayaraq, turistlər buranı ziyarət edirlər.

“Qanlı şəlalə”yə getməyin yeganə yolu ABŞ-dan Mak-Medro stansiyasına vertolyotla, Yeni Zelandiyanın Skot Bazası və ya Ross dəniz yolu vasitəsilə mümkündür.

Təyyarə qalıqları

2013-cü il sentyabrın 11-də itkin düşən təyyarənin göyərtəsində üç kanadalı olub. Təyyarənin qalıqları yalnız bu yaxınlarda  Antarktidada yerləşən Elizabet dağının yamacında aşkar edilib. Çox güman ki, təyyarə qarlı zirvənin fərqinə varmayan pilotun günahı ucbatından dağa çırpılıb.

Yüz illik viski

Tədqiqatçıların Antarktidada  aşkar etdikləri bir-neçə yeşik şotland viskisi əsl tapıntı oldu. İçkinin dadı barədə heç nə məlum deyil. Çünkü  alimlər hələlik şüşələri açmamağa qərar veriblər.

 Buzlaq altında göl

Tədqiqatçılar Ross buzlağında 700 metr dərinlikdə çuxur qazdıqdan sonra onun altında yeraltı göl aşkar ediblər. Çox maraqlıdır  ki, bu qalınlıqda olan buzun altında  bir həyat var imiş. Aşkar olunmuş bu göldə müxtəlif  kiçik balıqlar, meduzalar və anemonlar yaşayırmış.

1 milyon illik DNT

2019-cu ildə ən qədim dəniz DNT-si Antarktida qitəsinin şimalında yerləşən Şotlandiya dənizinin məhlullarında aşkar edilib.

Belə ki, Almaniyanın Bonn Universiteti və Avstraliyanın Tasmaniya Universitetinin alimləri dəniz DNT- sinin 1 milyon illik olduğunu müəyyən ediblər. Bu qədim DNT nümunəsinin iqlim dəyişikliyinin gələcəkdə Antarktidaya necə təsir edəcəyini anlamaqda  faydalı olacağı düşünülür.

Samirə Tağıyeva, “İki sahil”