31 yanvar 2023 02:58
840

Azərbaycanlıların kütləvi deportasiyası: soyqırımı siyasətinin tərkib hissəsi

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri məkrli planın məntiqi yekunu idi

Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir. Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və "türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər. Yerli olmayan bu hiyləgər insanlar çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmışlar. Sonra isə "böyük Ermənistan" imperiyası yaratmaq üçün məkrli planlarını həyata keçirməyə çalışmışlar. Havadarlarının köməyindən bəhrələnən ermənilər 1918-ci il mayın 28-də "Ermənistan respublikası" elan etdikləri zaman bu dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilən iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün saymış və İrəvanı ermənilərə "bağışlamışdı".

İkinci dünya müharibəsinin qızğın çağında - 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin - Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. Arutyunov bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur. Belə bir qərar SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 oktyabr 1946-cı il tarixli fərmanı idi. Bu fərman qərəzli və fərqli idi. Yalnız "repatriasiya" (vətənə qaytarılma) terminindən istifadə olunurdu. Başqa sözlə, SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi sadəcə "emiqrant", daha dəqiq söyləsək, "demiqrant" (mühacirətdən qayıdan adam) olduğu halda, erməni "repatriant", yəni "vətənə qaytarılan" adlanırdı. Ermənilərin repatriasiyası haqqında "Daşnaksütyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresində qərar qəbul edilmişdi. Hər iki qərarda repatriasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verəcəyi iddia edilirdi. Buna erməni Qriqorian kilsəsi də xeyir-dua vermişdi. Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı. Hətta ermənilər azərbaycanlıların kütləvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gələcəkdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdülər.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1948-ci ildə 429 ailə (2384 nəfər), 1948-1950-ci illərdə isə 1000 təsərrüfatdan çox (7 min nəfər) azərbaycanlı ailəsi müxtəlif təzyiqlərə məruz qalaraq pərakəndə halda əmlaklarını qoyub Azərbaycana pənah gətirmişlər. Bu isə dözülməz maddi çətinliklər törədirdi. Erməni millətçiləri azərbaycanlılar arasında müxtəlif şayiələr yayır, vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü. Ermənistan ərazisində elə indinin özündə əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabazarlığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərilmişdi ki, 476-dan çox kənd istifadəsiz qalmışdır. Deportasiya ilə yanaşı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirilmişdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də erməni-daşnak siyasətini ən incə metodlarla həyata keçirmişdir. Xüsusilə M.Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan M.Qorbaçov bütün məsələlərdə antiazərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. Həmin mövqe 1948-1953-cü illərdə azərbaycanlıların deportasiya siyasətində də özünü göstərmişdi. Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyasının heç adı belə çəkilmirdi. Təəccüblüdür ki, SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında (41 il sonra) məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri-qanuniliyi, cinayətkarlığın etiraf olunduğu və onların hüquqlarının müdafiəsi haqqında bəyannamədə azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsinə toxunulmur, bu hadisə deportasiya hesab edilmir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər nəticəsində təkcə XX yüzillikdə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin, soyqırımı siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi, 150 mindən çox dinc əhalinin zorakılıqla dədə-baba torpaqlarından qovulması, on minlərlə insanın ağır məşəqqətlərlə üzləşməsi, yüzlərlə və minlərlə günahsız adamın xəstələnməsi, həlak olması, bir sözlə, xalqımızın başına gətirilən dözülməz faciələr hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.

Sevinc Azadi, “İki sahil”