03 fevral 2023 01:58
315

Pambıq əkininə maraq artıb

Ümumi məhsuldarlıq göstəricisi nə qədərdir?

Son illər ərzində kənd təsərrüfatı sahəsində daha böyük inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafın baş verməsinin əsas səbəbi dövlətin dəstəyidir.

Aqrar sahənin inkişafı ilə bağlı aidiyyəti qurumların qarşısında 3 əsas prinsip qoyulub. Onlardan biri kənd təsərrüfatı məhsullarının artımı, digəri ixrac potensialının artması və sonuncusu isə iş yerlərinin açılmasıdır. Bütün bu amillər istehsalın artmasına birbaşa təsir göstərir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın ixrac coğrafiyası daha da böyüyür.

Dövlət büdcəsinə ən çox xeyir gətirən aqrar sahələrdən biri də pambıqçılıqdır. 2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib.

Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.

Məhsuldarlığın artmasında sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin 100 faizə yaxın müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi əsas rol oynayıb. Həmçinin texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və digər amillər mühüm rol oynayıb.

Ümumilikdə, başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub ki, bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verib.

Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir.

Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Cavid Əkbərov, “İki sahil”