03 fevral 2023 00:57
411

İran iyrənc sifətini bir daha nümayiş etdirdi

Tehran rejiminin Xoy şəhərində baş verən zəlzələdən zərərçəkənlərə yardım etməməsi, soydaşlarımıza qeyri-humanist, irqçi, qərəzli münasibəti İrandakı milyonlarla azərbaycanlının ən adi hüquqlarının tapdanmasının əyani təsdiqidir

Yanvarın 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy şəhərində təxminən 5,9 bal gücündə baş verən zəlzələlər güclü dağıntılara səbəb olub. Əldə edilən məlumatlara görə dağıdıcı yeraltı təkanlar nəticəsində 70-dən çox kənd dağılıb, mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda yer, tibbi heyət və dərman çatışmazlığı var.

Ən acınacaqlısı odur ki, bütün dünyada riyakarlığı, saxtakarlığı və qeyri-obyektivliyi ilə tanınan İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir. Əldə edilən məlumatlardan və təbii fəlakət bölgəsindən yayımlanan reportajlardan aydın olur ki, İran hakimiyyəti zəlzələ nəticəsində zərərçəkənlərə heç bir yardım etmir. İnsanlıqdan nəsibi almayan fars-molla rejimi soydaşlarımızı- öz vətəndaşlarını taleyin ümidinə buraxıb. Zəlzələ zamanı evləri dağılmış ünsanlar üçün hətta konteynerlər belə quraşdırılmır. İnsanlar qışın soyuğunda şaxtalı günlərdə çadırlarda, hətta küçədə gecələməli olurlar.

 İş o yerə çatıb ki, bu ölkənin sosial şəbəkə seqmentində Cənubi Azərbaycandan olan ictimai fəallar İran dövlət qurumlarının zəlzələ qurbanlarına yardım və xilasetmə sahəsində bundan əvvəl baş vermis təbii fəlakətlər zamanı normal fəaliyyət göstərmədiyini önə çəkərək, yaxın şəhərlərdə xəsarət alanlara yardım kampaniyalarının təşkil olunmasının vacib olduğunu önə çəkiblər. İranın şovinist, qaniçən rəhbərliyinin zərərçəkənlərə biganələyini, necə deyərlər, qəsdini görən Cənubi Azərbaycanın ictimai xadimləri, xeyriyyəçi qrupları və mədəni fəalları soydaşlarımız üçün yardım kampaniyaları təşkil ediblər.

Cənubi Azərbaycandan olan məşhur rejissor Məhəmməd Əlimuradi Xoyda baş verən zəlzələ ilə bağlı soydaşlarımıza müraciət edib. Sənətkar zəlzələ baş verən bölgədə durumun ağır olduğunu, yetərli çadır, istilik avadanlığı və başqa ləvazimatın olmadığını bildirib. O, hakimiyyət orqanlarının fəaliyyətinin yetərsiz olduğuna toxunaraq, azərbaycanlılardan mümkün qədər vacib ehtiyacların ödənilməsi üçün yardım etmələrini xahiş edib: “Havaların soyuq keçməsi və qar yağmasının yaratdığı şəraitə uyğun olaraq zəlzələdən zərər çəkən Xoy əhalisinin təcili olaraq istilik cihazları ilə təchiz olunmuş müvəqqəti sığınacaqlara ehtiyacı var. Sözsüz ki, sığınacaqlar, istilik qurğuları olmasa, zəlzələdən zərər çəkmiş insanların həyatı çox çətin olacaq və biz bu ərazilərdə daha geniş yayılmış böhranların şahidi olacağıq. Buna görə də, səlahiyyətlilərin bir plan düşünməsi və Xoy əhalisinin vacib ehtiyaclarını mümkün qədər tez təmin etməsini tələb edirik”.

Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.  Azərbaycan dövləti öz güclü resursları ilə Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Lakin İran dövləti Azərbaycanın bu yardımını soydaşlarımıza çatdırmasına imkan vermir.

Qardaş Türkiyə Cümhuriyyətinin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin həftəsonu Xoy şəhərində baş verən zəlzələdə zərər çəkənlərə yardım təklifini qəbul etməyib. Əvəzində İran rəsmiləri öz imkanları ilə məsələnin öhdəsindən gələ biləcəklərini ifadə ediblər. Türkiyə Cümhuriyyəti Qızıl Ay Cəmiyyətinin başqanı Kərəm Kınık bu barədə öz “Twitter” səhifəsində yazıb: “Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər”.

Təbii ki, mollakratiyanın Xoyda baş verən zəlzələdən zərərçəkən soydaşlarımıza qarşı sərgilədiyi irqçi davranışı rəsmi adında “islam” sözü olan, amma islam əxlaqından çox-çox uzaq olan İranın əsl mahiyyətini, iyrənc üzünü bir daha dünya ictimaiyyətinə göstərdi. Tehranın mollakratiya rejiminin zəlzələdən zərərçəkənlərə qeyri-humanist, irqçi, qərəzli münasibəti İrandakı milyonlarla azərbaycanlının ən adi hüquqlarının tapdanmasının əyani təsdiqidir.

Zahid Rza, “İki sahil”