Tarixi təcrübədən məlumdur ki, müstəqil, milli dövlətləri olan xalqlar daha yüksək milli-mənəvi , həm də iqtisadi inkişafa nail ola bilirlər.Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” sözlərini bu gün də həyəcansız xatırlamamaq mümkün deyil.Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli anlar,ağrılı günlər öz izini qoymuşdur.Məhz buna görə Heydər Əliyevin milli dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.
Ümummilli lider özünün bütün siyasi karyerası boyu xalqımızın milli dövlətlik probleminə xüsusi diqqət vermiş və müdafiə etmişdir.Bu taleyüklü milli problemin mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət əqidəsinə çevirmişdir. Onun siyasi fəaliyyətində milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.
Heydər Əliyevin milli dövlətçilik təfəkkürü mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici amillərlə şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur.
Sovet imperiyasının dağılmasından sonra mövcud olan beynəlxalq şəraitdə Azərbaycan respublikası dünya inteqrasiya proseslərinə qoşulması hakimiyyətə qayıdışının ilk günlərindən ulu öndərin başlıca və ardıcıl dövlətçilik idealı olmuşdur.Azərbaycan üçün həmin dövrdə müstəqilliyini təsdiq etdirmək həm də dünya birliyinə tədricən inteqrasiya etmək zərurəti ilə bağlı idi.Bu mənada milli dövlətçilik təfəkkürünü zamanın konkret sosial-siyasi vəziyyət məcrasında nəzərdən keçirmək lazımdır.Azərbaycanda 80-ci illərin sonu-90-cı illərin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı.Kütləvi şüurda qarşıdurmaya meyil sosial həyatın təşkilinin pozitiv prinsiplərini üstələyirdi.Sovet rejiminin struktur böhranının tələblərini təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğa düçar olması nəticəsində ölkə uçurum qarşısındadır.
Heydər Əliyev öz milli dövlətçilik təfəkküründə konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğılarından ibarət real Azərbaycan gerçəkliyindən çıxış edirdi.Ulu öndərin fikrincə, milli dövlətçilik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünü-realizə və özünütəsdiq üçün şərait yaratmaq və bununla da başqa dövlətlərdən asılılığı minimuma endirmək deməkdir, çünki bütün dünya dövlətləri inteqrasiya şəraitində bir-birindən asılıdır. Heydər Əliyevin milli dövlətçilik təfəkküründən belə görünür ki,milli dövlətçilik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyildir.Vətənimizin taleyi hər bir soydaşımızın taleyi olmalıdır. Ulu öndər Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir.Burada milli mənliyi və birliyi qorunub saxlayan çox mühüm amil azərbaycançılıqdır.Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının birinci qurultayı da göstərdi ki, həmrəylik amili bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin təfəkkürünün təcəssümü , onun irsən qoyub getdiyi milli dövlətçilik ideyalarının yaradıcı davamıdır.
Anatoli Orucov,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü