Premyer Liqa: Bölgə klubları paytaxt təmsilçiləri önündə tilsimi qırmağa çalışacaqlar
Bu gün Misli Premyer Liqasında XXVI tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
Turun açılış matçı Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara iddia edən “Zirə”ni qəbul edəcək. Turdan-tura mövqeyini itirmək təhlükəsi artan bakılılar səfərdən qələbə ilə dönmək əzmindədir. Sonuncu dəfə 6 il əvvəl - 2017-ci ildə “Zirə”yə qalib gəlməyi bacaran “Kəpəz” isə 6 matçlıq qələbəsizlik seriyasına son qoymağa çalışacaq. “Zirə” hazırda 36 xalla dördüncü pillədə qərarlaşıbsa, aktivində 20 xal olan “Kəpəz” 8-ci yerdədir.
Günün digər qarşılaşmasında bölgə təmsilçisi paytaxtda qonaq olacaq. 56 xalla turnir cədvəlinin ikinci pilləsində olan “Sabah” yavaş-yavaş təhlükəli zonadan uzaqlaşan “Sumqayıt”ı sınağa çəkəcək. Son 5 görüşün dördündə “Sabah”a böyük hesabla məğlub olan “gənclik şəhəri” təmsilçisi yalnız bir dəfə he-heçə ilə öyünə bilib. Samir Abasovun yetirmələri iki illik tilsimi qırmaq istəsə də, öz meydanında çıxış edəcək “Sabah” aşkar favoritdir. “Sumqayıt” 21 xalla yeddinci sıradadır.
Qeyd edək ki, turun digər oyunlarında martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq.
Misli Premyer Liqa
XXVI tur
10 mart (cümə)
15:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu
19:00. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”