Statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəbini yüksək sürət həddi olduğunu göstərir.
“İki sahil” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bildirib. O qeyd edib ki, avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.