29 mart 2023 13:08
523

Konqresdə Qərbi Azərbaycan məsələsi qaldırıldı

“Gördüyümüz kimi, Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyi bütün ölkələrə vətəndaşların və onların yaşadıqları icmaların rifahını yaxşılaşdırmaq üçün təcili çağırış olan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) sadalayır. Razıyam ki, Gündəliyin icrasının mərkəzində vətəndaşlar olmalıdır”.

Bu sözləri Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatının sədri Hümbət Hüseynov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yerli və regional hakimiyyətlər vətəndaşların ehtiyaclarını ödəmək üçün onlara ən yaxın hakimiyyət orqanları kimi əsas məsuliyyət daşıyırlar:“Buna görə də vətəndaşlar icmanın inkişafı məsələlərinə dair yerli qərarların qəbulunda iştirak etməlidirlər. Onlar öz icmalarının vahid ərazi planlaşdırılması və resurslarından istifadə ilə bağlı qərarların ortaq sahibləri olmalıdırlar. 2023-cü ildə 6, 7, 9, 11 və 17-ci Məqsədlərin ətraflı nəzərdən keçiriləcəyini nəzərə alaraq, həmkarlarımın diqqətini 11-ci məqsədə yönəltmək istərdim. Bildiyimiz kimi, 11-ci məqsəd şəhər və icmaların açıqlığını, təhlükəsizliyini, dayanıqlığını və ekoloji dayanıqlığını təmin etməkdir. Bu baxımdan mən artıq uzun illərdir ki, nümayəndələri doğma yurdundan, el-obasından, qohum-əqrəbasından zorla ayrılan icma mövzusuna toxunmaq istərdim.Əsrlər boyu tarixi vətəni olan və bu gün Ermənistan adlanan ərazilərdən didərgin salınmış azərbaycanlıların hüquqlarının bu günə qədər bərpa olunmaması bu gün yerli hakimiyyət nümayəndələri kimi bizləri çox narahat edir. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi həm də regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm şərtdir. 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilat hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənlərindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur”.

H.Hüseynov deyib ki, azərbaycanlıların müasir Ermənistan ərazisindən qovulması öz siyasi, hüquqi və humanitar miqyasına görə tarixdə analoqu olmayan ədalətsizlikdir: “İndiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının ötən onilliklər ərzində mötəbər təmsilçisi olan “Qərbi Azərbaycan İcması” İcmanın pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini daha fəal şəkildə davam etdirmək əzmindədir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır.

Bütün bunları nəzərə alaraq, “Qərbi Azərbaycan İcması”:Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir.Beynəlxalq ictimaiyyətin insan hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi bizləri, yerli hakimiyyət nümayəndələrini biganə qoya bilməz. Odur ki, plenar iclasın böyük hissəsini həsr etdiyimiz Dayanıqlı İnkişaf Məqsədləri bilavasitə insan hüquqlarının həyata keçirilməsi, şəhərlərin və icmaların təhlükəsizliyi, bütün vətəndaşlar üçün layiqli həyat keyfiyyətinin təmin edilməsi ilə bağlıdırsa, onda inanmaq istərdim ki, yuxarıda deyilənlər mənim həmkarlarımı laqeyd qoymayacaq”.