08 aprel 2023 02:16
706

Nə oldu, Paşinyan?

O zaman yenə belə deyəcəyik

İkinci Qarabağ müharibəsinə qədər Ermənistan işğal etdiyi ərazilərimizlə bağlı danışıqlar prosesində özünü üstün tərəf kimi aparır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, ictimaiyyətin çağırışlarını qulaqardına vurur, bununla da vaxt qazanmağa çalışırdı. Amma 44 günlük Vətən müharibəsində ordumuz işğal altındakı ərazilərimizi beynəlxalq hüquq çərçivəsində azad etməklə Hayastanın bu kimi şıltaqlıqlarına dünyanın gözü qarşısında son qoydu və bunu üçtərəfli Bəyanat ilə rəsmiləşdirdi. Ermənistanın İkinci Qarabağ müharibəsində təslim olmasını təsdiqləyən Bəyanatdan sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyana səslənərək demişdir: "Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq!" 

Vətən müharibəsindəki şanlı Qələbədən sonra sülh müqaviləsinin tezliklə imzalanması gözlənilirdi. Amma artıq 3 ilə yaxındır ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanlərlə sülhdən yayınır. Bununla da 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Üstəlik, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar törədir, Qarabağ ermənilərinin reinteqrasiyasına mane olur. Halbuki Paşinyan sülh müqaviləsi imzalanması üçün neçə dövlət başçısının dabanını yalayaraq  onları Azərbaycanın Prezidentinə minnətçi salmışdı. 

Nikol Paşinyan bu dəfə də İkinci Qarabağ müharibəsindən öncəki taktikasını seçib. Yəni, o, üzdə sülh danışıqlarına tərəfdar olduğunu göstərsə də, prosesin ləngiməsi və ya dalana dirənməsi üçün müxtəlif spekulyasiyalara əl atır. Şübhəsiz, bu, onun “mən də sülhdən danışıram” mesajından başqa bir şey deyil. Bu isə bir daha onu deməyə imkan verir ki, Hayastan 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən indi də əl çəkmək niyyətində deyil.

Hələ də nələrəsə ümid bəsləyən, yalanın hər çalarından fay­dalanan, Fransa, İran kimi havadarlarına güvənən, amma bütün bunların ona heç bir fayda verməyəcəyin özünə də gün kimi aydın olan Paşinyana elə gəlir ki, sülh prosesini daha rahat ləngidə biləcək. Vaxt qazandıqca sülh sazişinə özünə sərf edən şərtlər daxil edəcək. Amma  ona dəfələrlə çatdırılıb ki, bağlanacaq sülh müqaviləsinin şərtlərini Azərbaycan diktə edir. Bu, həm də beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğundur.

Yeri gəlmişkən qeyd edək ki, rəsmi Bakı son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Bunu Prezident İlham Əliyev martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Hadisələrin gedişatı göstərir ki, böyük dövlətlərin, beynəlxalq təşkilatlarının əksəriyyəti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasının tərəfdarıdırlar. Yəni, mütləq əksəriyyət Prezident İlham Əliyevin yaratdığı yeni reallığa öz dəstəyini nümayiş etdirir. Rəsmi Bakı bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. Artıq Bakı növbəti nidanı da qoymaq ərəfəsindədir. Şübhəsiz, belə qətiyyət sayəsində  Azərbaycan 10 noyabrda olduğu kimi, Nikol Paşinyanın qulağını çəkib onu anladığı dillə masa arxasında da oturdacaq. Nəticədə  rəsmi Bakı istəyinə nail olacaq. O zaman Nikol Paşinyana yenə belə səslənəcəyik: “Nə oldu, Paşinyan?”

Qvami Məhəbbətoğlu, “İki sahil”