7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir