11 aprel 2023 01:13
998

Qazilərə və şəhid ailələrinə dövlət qayğısı davamlıdır

Aprelin 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər, xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq cəmiyyətin borcudur. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu tədbirlər sistemli, ardıcıl xarakter daşıyır. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə çox mühüm addımlar atılmış və davam edir. Belə ki, aprelin 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramının icrası davam edir. Sosial dəstək paketinin mühüm istiqamətlərindən biri - şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra 4560, ümumilikdə ötən dövrdə 13360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onu da vurğulayaq ki, ölkə başçısının Fərman və sərəncamları ilə son 5 ildə 4 sosial islahat paketi icra olunub, şəhid ailələri və müharibə iştirakçılarına yönələn sosial ödənişlər də hər ilin əvvəlindən artırılıb.

Həmçinin əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi daha bir il uzadılıb. Belə ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi bu il də davam edəcək.

Bu, aprelin 10-da Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamında etdiyi dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2023-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək. Xatırladaq ki, indiyədək bu müddət təkcə ötən ili əhatə edirdi.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, dövlət başçısının 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Hazırda fəaliyyətdə olan və Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlillərinə dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 200 minədək şəxsə aid məlumatlar daxil edilib. “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb. Bu il müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də "Zəfər" altsistemi önəmli rol oynadı.

2021-ci il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında 2021-ci il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən, birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. 

Qeyd edək ki, şəhid ailələri və qazilərin, eləcə də müharibə veteranlarının problemlərinə diqqət və qayğı təkcə dövlət tərəfindən göstərilmir. Bu işdə ayrı-ayrı iş adamları, sahibkarlar, dövlət və qeyri-hökumət təşkilatları rəhbərləri, Milli Məclisin deputatları əllərindən gələn köməyi əsirgəmir. Qazilərin sağlamlıqlarına diqqət göstərmək, onların problemlərinin həllinə dəstək olmaq təkcə ayrı-ayrı qurumların yox, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Uzun illərin işğalına son qoymaq yolunda od-alov içinə atılan, gözünü qırpmadan canını-qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər.

Sevinc Azadi, “İki sahil”