10 aprel 2023 23:35
464

Bir yumruq, bir ürək, bir can... - Türkiyə ilə Azərbaycan!

Tarixi dostluq, qarşılıqlı etimad və səmimi qardaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri öz inkişaf tempi ilə yüksək səviyyəli əməkdaşlığın bənzəri olmayan nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma etmiş, həm sevincli, həm də kədərli günlərdə biri digərinin yanında olmağı özünün qardaşlıq borcu bilmişdir. Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq müstəvidə bir-birinin haqq səsinin çarçısı olmuşdur.

Müasir geosiyasi şəraitdə etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətləri daha da möhkəmləndirməsi, əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dostluğu bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatmaqda və çoxşaxəli sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin dostluq və qardaşlığının dərinləşməsinə nail olunmuşdur. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Türkiyə ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir.

Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmi şəxslərin vaxtaşırı qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmış və müxtəlif sahələrdə müqavilələrin imzalanmasına, sazişlərin bağlanmasına gətirib çıxarmışdır.

Məlum olduğu kimi, 44 günlük ikinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti apardığı haqlı mübarizədə Azərbaycana birmənalı şəkildə açıq dəstək ifadə etmişdir. Müharibənin gedişinə müdaxilə etmək fikrində olan bütün əks qüvvələri, ermənipərəst dairələri məhz bu dəstək dayandırdı. Vətən müharibəsi dövründə Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdi, savaşın hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Bu baxımdan Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyənin və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.

Qarabağdakı tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün sənədin ortaya qoyulması zərurətini doğurmuş, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmağı hədəfləyən, regionda mövcud siyasi-iqtisadi münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə ifadə edir. Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulmuşdur. Sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir. Bəyannamədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafını nəzərdə tutan ən mühüm müddəalardan biri isə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinin həyata keçirilməsi ilə bağlıdır.

Məhz Şuşa Bəyanaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq, qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır.

Bir sözlə, iki türk xalqına haradan gəldiyini xatırladan və bundan sonra necə hərəkət edəcəyini müəyyənləşdirən Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərini yeni bir mərhələyə qaldırıb və Türkiyə ilə Azərbaycan birliyini əbədiləşdirib. Regionda son zamanlar baş verən siyasi hadisələr də Bəyannamənin nə dərəcədə önəmli olduğunu bir daha sübut edir, eyni zamanda, iki ölkə arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.

Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində qardaş ölkə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir.

Türkiyə, həmçinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasını da dəstəkləyir. Məlum olduğu kimi, bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu baxımdan Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilməsi hər iki dövlətin birgə prioritet istiqamətidir.

Qürurvericidir ki, bu gün qardaş Türkiyə əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, sənaye və müasir texnologiyalar ahəsində, xüsusilə müdafiə sanayesində nail olduğu inqilabi inkişaf nəticəsində təkcə yerləşdiyi regionda deyil, bütün dünyada nüfuzlu güc mərkəzinə çevrilməkdədir. Bu yaxınlarda seriyalı istehsalına başlanan ilk yerli “Togg” elektromobili, yerli və milli döyüş təyyarələri, gəmiləri, sualtı gəmiləri, helikopterləri, tank, top və sair sursatları ilə Türkiyə iqtisadi və hərbi qüdrətini daha da artırmışdır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qardaş ölkə son illər xarici borclardan xilas olub. Qaradənizdə və Aralıq dənizində enerji mənbələrindəki kəşfiyyat-axtarış işləri müsbət nəticələr verib. Yol-infrastruktur sahəsində iri layihələr reallaşdırılıb, ikiqat yollar salınıb, dəmiryolları ölkə boyu genişləndirilib. Son bir neçə il ərzində Türkiyədə 50-dən çox hava limanı, onlarla müasir xəstəxanalar inşa edilib.

Aprelin 10-da qardaş ölkədə “Bayraktar TB3” pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən “TCG Anadolu” desant gəmisinin Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilməsi isə Türkiyənin hərbi qüdrətini daha da artıracaqdır. Qürurvericidir ki, dünyada zərbə Pilotsuz Uçuş Aparatlarının (PUA) yerləşdirilməsi üçün nəzərdə tutulmuş ilk hərbi gəmi olan “TCG Anadolu” xarakteristikalarına görə Avstraliya və İspaniyanın məşhur “Juan Carlos”, “Canberra” və “Adelaida” kimi amfibiya hücum gəmilərini üstələyir.

Qardaş Türkiyənin hər uğuru bizim uğurumuzdur. Ölkələrimiz arasındakı strateji müttəfiqlik isə bölgədə sabitliyin və sülhün bərqərar olmasına, xalqların birgə və rahat yaşamasına xidmət edir. Bunu istər regionda, istərsə də dünyada hər kəs dərk etməlidir. Bilməlidir ki, Türkiyə ilə Azərbaycan dosta qarşı da, düşmənə qarşı da əbədi olaraq birdir, bir yerdədir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin cənub-şərq bölgələrində baş vermiş dəhşətli zəlzələ ilə bağlı 2023-cü il fevral ayının 8-də qardaş ölkənin Azərbaycandakı səfirliyində olarkən dediyi kimi: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır!”

Mahir Rəsuloğlu, “İki sahil”