Osman Qazidən üzü bu yana türk hərbçiləri dünyanın ən qorxmaz, tədbirli, imanlı və ədalətli döyüşçüləri kimi tanınıblar. O vaxtdan səkkiz yüz il keçsə də ancaq türk ordusu həmin keyfiyyətləri özündə qoruyub saxlayıb.
Hazırda Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində həmin qurumlar da ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunur.
Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin (TSQ)NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir.
Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə Silahlı Qüvvələri Atatürkçülük ideologiyasını özü üçün əsas götürmüşdür. Türkiyə 18 fevral 1952-ci ildə NATO üzvü olduqdan sonra Silahlı Qüvvələrin hərtərəfli modernizasiyası işlərinə başlamışdır. Bu təşkilata qoşulduqdan sonra Türkiyə Ordusu döyüş əməliyyatlarında müttəfiq qoşunlara dəstək vermək məqsədilə Koreyaya göndərilmiş və müharibənin gedişində vacib rol oynamışdır. 1980-ci illərin sonlarına doğru Silahlı Qüvvələrdə ikinci yenidənqurma işləri başladılmışdır. Türkiyə Silahlı Qüvvələri Avropa Zirvəsinin nəzarəti altında təşkil olunan Avropa İttifaqı Döyüş Qruplarında iştirak etmişdir. TSQ, həmçinin Avropa İttifaqı və NATO-nun təşəbbüsü ilə təşkil olunan Avropa Korpusuna da şəxsi heyət göndərmişdir.
Türkiyə Silahlı Qüvvələri 640 min nəfərlik hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi güc hesab olunur. Türkiyə Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş ölkədən biridir. Bu proqrama uyğun olaraq 90 ədəd B61 nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Lakin bunlardan istifadə etmək üçün mütləq NATO-nun icazəsi lazımdır.
1990-2000-ci illərdə Türkiyənin iqtisadiyyatı zəifləyərək böhran həddinə çatdı. Bundan istifadə edən bəzi Qərb və Avropa dövlətləri Türkiyəni hədələyib təhdid edirdilərsə də ancaq sərt təpkilərdən çəkindilər. Artıq buna cəsarət edən yoxdur. Çünki Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirdi və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin etdi. Son illər öz arsenalını tanınmaz dərəcədə dəyişən qardaş ölkənin ordusu dünyanın ən güclü ordularından biri kimi tanınır. İstehsalı genişləndirilən Pilotsuz Uçan Aparatlar (PUA) isə dünya şöhrəti qazanmaqdadır. Hər bir ölkə öz ordusunu bu müasir silahla təchiz etməyə maraq göstərir. Otuzdan artıq dövlət PUA əldə etmək üçün sifariş verib. Ona görə də Türkiyə istehsal etdiyi bu və digər silahların ixracatından qazandığı pulları istehsalın digər sahələrinə yönəldir və hərbi gücünü sürətlə artırır. Ölkənin konstruktorları və silah mütəxəssisləri hər il yeni səmərəli təkliflərlə hərbi istehsalın daha da genişləndirilməsinə sanballı töhfələrini verirlər. Təkcə bir faktı vurğulamaq fərəhlidir ki, hərbi mühəndis Selçuq Bayraktarın ixtira etdiyi "Bayraktar" Pilotsuz Uçan Aparatları dünya şöhrəti qazanıb. Dediyimiz kimi, ölkənin müdafiə sənayesi ildən-ilə silah və hərbi texnikanın çeşidini hər il daha genişləndirir. Hazırda müdafiə sənayesi çox sayda yeni hərbi texnikanın arsenala daxil edilməsi işlərini başa çatdırmaq üzrədir.
Türkiyə pilotsuz döyüş təyyarələrini yerləşdirmək üçün hazırlanmış dünyanın ilk amfibiya hücum gəmisini istifadəyə verməyə hazırlaşır. Xəbər verilir ki, yeni "TCG Anadolu" gəmisinin göyərtəsinə 10 helikopter və 11 PUA, anqarına isə 19 helikopter və 30 PUA yerləşdirilə bilər.
Gəminin uzunluğu 231 metr, eni 32 metrdir və sürəti ən azı 20,5 düyün sürətə çata bilir. "TCG Anadolu"nun istehsalı hələ 2018-ci ildə başlayıb və 2022-ci ildən etibarən sınaqdan keçirilməyə başlanılıb. Bu desant gəmisinin göyərtəsində "Bayraktar-TB2" PUA-ları yerləşdiriləcək ki, bu da Türkiyə ordusunun əməliyyatların aparılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Türkiyənin Müdafiə Sənayesi Nazirliyi (SSB) 2023-cü il ərzində müdafiə sənayesi sahəsində həyata keçiriləcək yeniliklər ilə bağlı siyahı yayımlayıb: “Poliqon” SSB-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniliklər arasında hava, quru və dəniz platformaları yer alır. Hava platformalarındakı ilklərə baxdıqda həm reaktiv mühərrikli “Hürjet” təlim təyyarəsinin sınaq prototipi, həm də “TCG Anadolu” amfibiya hücum gəmisində xidmət göstərəcək “Bayraktar- TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu reallaşdıracaq. Habelə, Türkiyə Jandarma Baş Komandanlığına "GÖKBEY" helikopterlərinin və Hərbi Hava Qüvvələrinə “Özgür” layihəsi əsasında modernləşdirilən "F-16" döyüş təyyarələrinin ilk partiyası təhvil veriləcək, eyni zamanda, “Meltem-3” layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) "P-72" dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin istifadəsinə təqdim ediləcək.
Dəniz platformalarına gəldikdə burada “İstif” (“İ”) sinfinə aid “İstanbul” adlı freqat, “Derya” təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan “Piri Reis” Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasında fəal surətdə xidmət göstərməyə başlayacaq.
Quru vasitələrində isə zirehli amfibiya hücum maşını ZAHA-nın, yerli mühərriklə təchiz edilən “Vuran” nəqliyyat vasitəsinin, 8×8 təkər formullu evakuatorlarının və “Amazon” zirehli avtomobillərinin ilk partiyası Silahlı Qüvvələrə təhvil veriləcək. Həmçinin embarqolar ilə üzləşməməsindən ötrü xaricdən alınan bəzi alt sistemləri milliləşdirilən “Altay” tankının ilk seriyalı istehsalı tamamlanacaq. Bundan əlavə, “Şimşək” hədəf dronunun süzən sursat konfiqurasiyasının, uzun mənzilli “Siper” hava hücumundan müdafiə (HHM) sisteminin, “Hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketlərinin, habelə "KARAOK" tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də “Gökdeniz” yaxın məsafəli HHM sisteminin Türkiyə HDQ-nin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun seriyalı istehsalına başlanacaq.
ASELSAN şirkətinin istehsal etdiyi AESA radarı ilk dəfə “Akıncı” PUA və “Özgür” layihəsi ilə modernləşdirilən "F-16" döyüş təyyarələrinə quraşdırılacaq. ERALP erkən xəbərdarlıq radarı və MERT daşınabilən elektron müharibə sisteminin də ilk partiyası Silahlı Qüvvələrin arsenalına daxil ediləcək.
Ancaq qardaş Türkiyənin ən böyük hədəfi nüvə silahına malik olmaqdır. Artıq bu istiqamətdə də ciddi addımlar atılıb. Dost Pakistan bu işdə Türkiyəyə nüvə başlıqları verərək öz köməyini əsirgəməyəcəyini bildirib. Qarşılıqlı əməkdaşlıq öz bəhrəsini verməkdədir. Çox keçməz ki, qardaş dövlət bu silahın da istehsalına nail olacaq.
Bir fakt xüsusi qeyd edilməlidir ki, Türkiyə dünyanın otuzdan artıq ölkəsinə silah ixrac edir. Azərbaycan Ordusu da öz arsenalını Türkiyənin istehsal etdiyi silahlarla, hərbi texnika və sursatlarla daha da zənginləşdirib. Belə ki, ordumuzun silah arsenalında olan "Bayraktar TB2", "Kargu" PUA-ları, "Kobra" zirehli maşınları, "Qasırğa", "Sakarya" raket sistemləri və digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib.
Hamımız şahidiyik ki, İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan silah və texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynadı, xüsusilə də döyüş dronları. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin PUA satışında ciddi artım qeydə alınıb. Çünki xarici hərbi mütəxəssislər "nöqtə atışı"nın necə səmərə verdiyini heyranlıqla izləmişdilər. Məlumata görə, bir çox Afrika və Asiya ölkələri Türkiyədən "Bayraktar TB2" PUA-sını sifariş edib. Bütün bunların hamısı qardaş Türkiyəmizin azman gücünün göstəricisidir.
Vəli İlyasov, "İki sahil"