14 aprel 2023 12:20
526

Ermənistanın əsgərlərimizə işgəncə verməsi cinayət törətməsinin sübutudur- QHT sədri

"Dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan videogörüntülər bir daha Ermənistanın nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etdiyini, həmçinin cinayət törətdiyini sübuta yetirir".

“İki sahil” xəbər verir ki, bunu "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyəti institutları bu məsələyə laqeyd qala bilməz: "Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqun olmağımızdan qaynaqlanır. Ona görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv yaylım atəş sistemlərindən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamını görürük Buna qəti olaraq münasibət bildirməliyik".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib ki, Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk hadisə deyil: "Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-u uşaq, 112-si isə ahıl şəxslərdir. Eyni zamanda İkinci Qarabağ müharibəsində 6 nəfər itkin düşüb. Biz hesab edirik ki, onlar da girov götürülüb. Amma Ermənistan tərəfi bunu da etiraf etmir. Bu şəxslərin aqibəti barədə qarşı tərəf indiyədək heç bir məlumat verməyib. Biz sonuncu hadisəyə görə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik. Ermənistana beynəlxalq təzyiq gücləndirilməlidir".