17 aprel 2023 17:05
504

İlqarın erməni sevgisi...

Və dırnaqarası siyasətçinin “partiya”sına üzv dilənməsi haqqında

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri, həmçinin millətin və dövlətin mənafeyini ayaqlar altına atan bəzi xəyanətkar ünsürlər son zamanlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərinin, ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasının miqyasını bir az da genişləndirməyə çalışırlar. Səbəbi əslində çox sadədir: İpləri Qərbin, okeanın o tayındakı ermənipərəst qüvvələrin əlində olan bu marionet kuklalar öz mütləq sahiblərinin çaldıqları havaya oynamağa məhkumdurlar. Hər şey barmaqlardan asılmış iplərin hərəkət tempinə bağlıdır...

Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazların ön cərgələrində yer almış realda heç bir sosial bazası olmayan REAL partiyasının sədri İlqar Məmmədov kimiləri sosial şəbəkələrdə dövlətimizə qarşı şər-böhtan yağdırmaqla erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin qulbeçələri olduqlarını açıq-aşkar ortaya qoyurlar. Azərbaycanın maraq və mənafelərini çoxdan erməni lobbisinin nüfuz dairəsində olan bəzi beynəlxalq təşkilatların çirkli pullarından ayrılan qrantlara dəyişmiş İ.Məmmədov həmişə olduğu kimi, müqəddəs Vətən, torpaq, Qarabağ dəyərlərindən üz çevirərək ermənipərəst dairələrin ocağına odun daşımaqdan, onu görükləməkdən əl çəkmir və deyəsən, heç əl çəkmək fikri də yoxdur. Milli mənliyi, ruhu qısırlaşmış bu dönük “siyasətçi” erməni lobbisinin,  neoimperialist ölkələrin gizli xidmət orqanlarının şübhəli qaynaqlarından maliyyələşən beynəlxalq QHT-lərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasının rənginə rəng qatmaq üçün var gücü ilə çalışmaqdadır. Onun ermənipərəstliyini əsaslandırmaq üçün bir neçə vacib məqamı xatırlatmaq yerinə düşər: İlqar Məmmədov dəfələrlə Azərbaycanı 200 ildən artıq xalqımıza qarşı soyqırımı siyasəti yürüdən, torpaqlarımızın 20 faizini 30 il işğalda saxlamış, Xocalıda dinc insanlarımızı qanına qəltan etmiş, əsir hərbi qulluqçumuzu vəhşicəsinə döyərək görüntülərini çəkib paylaşan, müqəddəs bayrağımızı yandıran Ermənistanla və ermənilərlə müqayisə edib. Hər dəfəsində də düşmənimizi daha sivil, demokratik qələmə verməyə çalışıb. Təsadüfdürmü? Xeyr. İlqar Məmmədov bir zamanlar ABŞ səfirliyində çalışıb və siyasətə də həmin səfirlik tərəfindən yönləndirilib. O, həmçinin ABŞ-ın məşhur Marşall Fondunun Azərbaycandakı əlaqələndiricisi, Soros Fondunun rəhbərlərindən biri olub. Hamı bilir ki, bu cür vəzifələri qeyd-şərtsiz öz dövlətini və milli maraqlarını satmağa hər an hazır olan adamlara verirlər. Onlar haqqında da kompromatlarını əllərində hazır saxlayırlar ki, sonra itaətsizlik edə bilməsinlər.

Başqa bir məqam. 2018-ci ildə Almaniyanın o vaxtkı kansleri Angela Merkel Bakıya gələn zaman səfər proqramına “vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş” də salınmışdı. Maraqlıdır ki, həmin görüşdə İ.Məmmədovun da iştirak etməsi üçün çox ciddi səylər göstərilmişdi. Özü də Avropa Parlamentinin üzvü Martin Sonnebrorn tərəfindən. Elə həmin il avqust ayının sonlarında bilavasitə Qaspar Karapetyan və Hegine Evinyanın müşayiəti ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Sonnebrornun. Bütün ömürlərini Azərbaycanın və Türkiyənin əleyhinə mübarizəyə sərf etmiş ermənilərin və ermənipərəst avropalı parlemantarinin İlqar Məmmədova qarşı bu diqqəti və qayğısı haradan qaynaqlanırdı görəsən?

Bu yerdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun vaxtilə REAL sədri haqqında verdiyi açıqlamanı və onu Dağlıq Qarabağla bağlı xəyanətkar bir sənədə imza atmaqda ittiham etməsini xatırlatmaq yerinə düşər: “İlqar Məmmədov AMİP-dən çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi…”

Əlavə şərhə ehtiyac varmı?

Əslində REAL heç bir sosial bazası olmayan dırnaqarası partiya, İ.Məmmədov isə siyasi nüfuzu sıfırdan aşağı dırnaqarası siyasətçidir. Belə olmasaydı o, öz “Facebook” səhifəsindən müraciət edib “partiya”sına üzv dilənməzdi. Üzvlük üçün müraciət edənlərin azlığından, daha dəqiqi yoxluğundan (rəqəmi şişirtməyibsə cəmi 15 nəfər) gileylənməzdi.   

...Vətən sevgisindən, torpaq təəssübündən çox-çox uzaq olan İlqar Məmmədov kimi hiyləgər qrantyeyənlər mənfur əməlləri ilə özlərinin anti-Azərbaycan dairələrin və erməni lobbisinin məkrli layihələrinin bir parçası olduqlarını tam çılpaqlığı ilə ortaya qoyurlar. Təbii ki, şəxsi mənafelərini milli maraqlardan üstün tutan erməni sevdalı İ.Məmmədovun və onun kimi siyasətbazların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat hər şeyin və hər kəsin layiqli qiymətini verməyi bacaran Azərbaycan xalqı ilə ölkəmizi inkişafa, uğurlara, işıqlı gələcəyə doğru inamla aparan iqtidarın sarsılmaz birliyinə çırpılaraq darmadağın olacaq. Tarix isə xəyanətkarları heç zaman bağışlamır, bağışlamayacaq...

Mahir Rəsuloğlu, “İki sahil”