Bu gün çoxvektorlu, dinamik, milli maraqlara əsaslanan xarici siyasət yürüdən, regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa böyük töhfələr verən Azərbaycan bütün ölkələrlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir.
Azərbaycanın sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də İsraildir. İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə ölkəmizin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olub, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma dayanıb.
Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir” sualına Albert belə cavab vermişdi: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”.
Yəhudilərin Bakıda ilk ibadət evləri 1832-ci ildə inşa olunub. Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş SSRİ-də yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olub.
Bundan başqa, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir. Dost ölkədə Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanda İsrail Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən “Hayfa-Bakı” Cəmiyyəti yaradılıb.
Son illər Azərbaycan-İsrail münasibətlərinin inkişafı ilə bağlı önəmli hadisələr baş verib. 2023-cü ilin yanvar-fevral aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur.
2023-cü il aprelin 23-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfələr verəcək. Prezident İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərək ölkələrimiz arasında əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Ölkə başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasını iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib. Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.
Bu günlərdə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclasında 4 sənəd imzalanıb. İmzalanan sənədlər sırasında ətraf mühitin mühafizəsi ilə bağlı Saziş, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrail Milli Su Şirkəti- “Mekorot” arasında Anlaşma Memorandumu var.
İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb. Bundan başqa, müxtəlif sahələrdə, səhiyyədən tutmuş kibertəhlükəsizliyə, innovasiyaya, ətraf mühitə və təhsilə qədər inkişaf etdirmək üçün mühüm addımlar atılır.
Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan ilə İsrail arasında dostluq, qarşılıqlı etimad, hörmət və tərəfdaşlığa söykənən əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Zahid Rza, “İki sahil”