Azərbaycanın böyük oğlu, müdrik siyasətçi, dövlət başçısı və dövlət xadimi, böyük ürək və zəka sahibi olan Heydər Əliyev də məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Azərbaycan təhsilinin formalaşmasında, inkişaf etdirilməsində Ulu Öndərin müstəsna xidmətləri vardır.
Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi tanınır. Heydər Əliyevin fəaliyyəti müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi ilə başlanan indiki dövrü əhatə edir. Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, milli dəyərlərimizin və adət-ənənələrimizin qorunub yaşadılması, tarixi-mədəni irsimizə göstərilən qayğı, soy-kökümüzə sahiblik milli özünüdərkə səbəb olmuş, milli şüurda əsaslı dəyişikliklər yaratmışdır.
Ulu Öndər Heydər Əliyev uşaqlar haqqında belə demişdir: “Uşaqlar bizim gələcəyimizdir, bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.
Əziz uşaqlar... Mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm. Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.
Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu Öndər Heydər Əliyev hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi. Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq.
Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub.
Nigar Rəhimova,
Qərbi Kaspi Universitetinin IV kurs tələbəsi