Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb. Hər nəfərə düşən gəlir orta hesabla 2323,6 manat olmaqla 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 14,3 faiz çoxalıb. Hesabat dövründə əhalinin sərəncamında qalan gəlirlər 15,3 faiz, hər nəfərə düşən gəlir isə 2037,5 olmaqla 14,6 faiz artıb.
Təkcə bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manat olub. Əməkhaqqı neft-qaz sektorunda 3878,2 manat, qeyri neft-qaz sektorunda isə 843,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manat təşkil edib. Mədənçıxarma sənayesində (3719,4 manat), maliyyə və sığorta fəaliyyəti (2053,9 manat), informasiya və rabitə (1537,7 manat), eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində (1455,9 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artaraq 2023-cü il aprel ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 964,4 milyon manat təşkil edib. Əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 4,1 faiz artıb.
İnflyasiyaya gəlincə, 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq malları üzrə 11,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,7 faiz təşkil edib.
Aprel ayında illik inflyasiya 12,8 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 2,8 faiz bəndi azdır. Ötən ay əvvəlki aya nisbətən inflyasiya 0,3 faiz təşkil edib. Müqayisə üçün deyək ki, aylıq inflyasiya yanvarda 1 faiz, fevralda 1,5 faiz, martda 0,7 faiz olub.
İnflyasiyanın azalması təkcə Azərbaycanla bağlı deyil. Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib ki, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meyilinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib. Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən, martda aylıq əsasda enerji qiymətləri 6,3 faiz, qeyri-enerji qiymətləri 2,2 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2,1 faiz kiçilib.
Bununla belə, Mərkəzi Bank bəyan edib ki, qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalmaqda davam edir. Belə ki, faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də aprel ayında inflyasiya hədəfinin yuxarı həddini (6 faiz) 2 dəfədən çox üstələyib.
Ancaq istənilən halda, əhalinin nominal gəlirlərinin artım tempi inflyasiyanı üstələməkdə davam edir.
Ceyhun Piriyev, “İki sahil”