27 may 2023 12:21
2294

Mina təhlükəsinin beynəlxalq platformalarda gündəmə gəlməsi vacibdir

Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadlar beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin də diqqətinə çatdırılır. 
Ağdamda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın da əsas məqsədi budur.  Bu cür platformalar mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkandır. Beynəlxalq ekspertlərin iştirakı ilə düzənlənən konfranslar minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və ​qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək.
Təsadüfi deyil ki, BMT ilə birgə keçirilən Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir. Müzakirələrin Ağdamda başlaması isə təsadüf deyil. Çünki Ağdam mina ilə ən çox çirklənmiş ərazidir. Qonaqlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olmaq imkanı qazanıb. Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakşılarına ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Belə ki, işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 57-i həlak olub, 245-i yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib.
44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.
Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Məqsəd vətəndaşlarımızın öz doğma yurduna təhlükəsiz qayıdışını təmin etməkdir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı