27 may 2023 15:39
924

Sonuncu Moskva görüşündə də Azərbaycan diplomatiyası tarixi Qələbə qazandı

Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə masanın bir tərəfində qalib ölkənin lideri, qətiyyətli və güclü siyasətçi, öz ölkəsini dünyada söz sahibinə, güc mərkəzinə çevirən Azərbaycan Prezidenti İlham Əliyev, digər tərəfində isə məğlub ölkənin hökumət başçısı, bütün beynəlxalq tədbirlərdə olduğu kimi Moskvada da özünü gülünc hədəfinə çevirən, siyasətçi kəlməsini belə özündə daşımağı bacarmayan Ermənistanın baş naziri Nikol Paşinyan əyləşmişdi.

Ali Avrasiya İqtisadi Şurasının iclasında N.Paşinyan protokoldan tam kənar, etiket qaydalarına belə riayət etməyərək Azərbaycana qarşı növbəti dəfə yalan və əsassız fikirlər söylədi. Ümumiyyətlə, Paşinyan çıxışlarında hər dəfə bir- birinə əks fikirlər söyləməyə adət edib. Bu, bir daha göstərir ki, Paşinyan siyasətçi yox, küçədən hakimiyyətə gəlmiş bir adamdır. Aydın görünür ki, Paşinyan hökumət başçısı kimi öz fikirlərini yox, qərbdəki ağalarının dediklərini söyləyir. Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını Paşinyan Xankəndidəki ermənilərin guya blokadada saxladığını, eləcə də Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Halbuki, Praqada və sonrakı üçtərəfli görüşlərdə Paşinyan Azərbaycanın 86,6 min kv. km olmaqla ərazi bütövlüyünü tanıdığını söyləmişdir. Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi bütün tədbirlərin, o cümlədən Xankəndi-Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaradılmasının beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini faktlarla Paşinyanın diqqətinə çatdırmaqla ona hüquqi dərs keçdi.

Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistanla Sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu və hər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınmasının vacibliyini vurğulamışdır. Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında bütün kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının 2020-ci il 10 noyabr Bəyanatının bəndlərinə uyğun olduğunu Paşinyanın yadına saldı.

Azərbaycan üzv və tərəfdaş olduğu bütün beynəlxalq təşkilatlarda digər dövlətlərlə uğurlu əməkdaşlıq edir. Ölkəmiz Ermənistan istisna olmaqla Ali Avrasiya İqtisadi Birliyinin bütün üzvləri ilə dostluq münasibətləri qurmuşdur. Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Birliyində çıxışında bu qurumla əmtəə dövriyyəsinin hər il artdığını, Şimal-Cənub və Şərq-Qərb marşrut xətlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat və logistika sahəsində böyük infrastruktur yaratdığını, eləcə də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan və Azərbaycan iqtisadiyatının sürətli inkişaf etməsi barədə dövlət və hökumət başçılarına ətraflı məlumat verdi.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanla Rusiya Federasiyası arasındaki bugünkü əməkdaşlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün də Rusiyada dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini ehtiramla yad edildiyini və sovetlər dövründə dahi liderimizin ölçüyəgəlməz əməyini unutmadıqlarını bildirdi. Moskva görüşündə də İlham Əliyevin diplomatiyası və siyasəti Ermənistan üzərində daha bir tarixi qələbə qazandı.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor