29 may 2023 12:39
888

Türk xalqı tarixin yeni səhifəsini yazdı - ŞƏRH

Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə qədər Azərbaycanın da uğurudur

Türk xalqı öz müdrik qərarını verdi. Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməklə güclü və qüdrətli Türkiyənin tərəfində olduğunu bəyan etdi. Bu, təkcə türk xalqının deyil, həm də bütün azərbaycanlıların seçimi idi və Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyəyə rəhbərlik etməsi qardaşlarımız qədər bizi də sevindirdi. Bu hadisə Türkiyəni dünya dövlətinə çevirən, beynəlxalq aləmdə türk xalqının maraqlarını qətiyyətlə müdafiə edən, onun xain niyyətlərdən, təhlükələrdən qəhrəmanlıqla qoruyan bir liderə xalqın vəfa borcu idi. Türk xalqı öz borcunu ləyaqətlə qaytardı. Bununla da öz liderini qorudu, öz gələcəyini təminat altına aldı.

Rəcəb Tayyib Ərdoğan kimi nüfuzlu bir dövlət xadiminin, millət fədaisinin yenidən Türkiyəyə başçılıq etməsi bütün türk dünyası üçün əlamətdar hadisədir. Bu, o deməkdir ki, türk dünyası ideyası yaşayacaq və daha da möhkəmlənəcək. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman təbliğ etdiyi qardaşlıq bağlarını güclü ideoloji sistemə salan Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev bunu əməlləri ilə tarixi gerçəyə çevirdilər. Təbii ki, bu, bir-iki günə başa gəlmədi. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə kimi Türkiyə hər zaman yanımızda oldu, ölkəmizə qarşı beynəlxalq miqyasda yürüdülən mənfur kampaniyalara qarşı çıxdı, Azərbaycan torpaqlarının işğalının düşmən tərəfindən legitimləşdirilməsinə imkan vermədi. Ulu öndər Heydər Əliyev bu qardaşlığa ictimai-siyasi nüfuz verdi, onun xalqlarımızın və dövlətlərimizin fəaliyyətindəki təsir imkanlarını üzə çıxardı. Atatürkdən miras qalan “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fəlsəfəsi üzərində “Biz bir millət, iki dövlətik” fəlsəfəsini yaratdı.

Ulu Öndər deyirdi ki, “Biz bir millət, iki dövlətik” sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. Bu ifadə bizim gələcəyimizin proqramıdır”. Heydər Əliyevin bu uzaqgörənliyi Azərbaycana müstəqilliyin ilk illərinin çətin sınaqlarından çıxmağa imkan verdi. Biz önümüzdə olan işğal, iqtisadi böhran, beynəlxalq təzyiq kimi çətin sədləri məhz onun sayəsində aşa bildik. Azərbaycan-Türkiyə işbirliyi regiona yeni nəfəs, yeni əməkdaşlıq ruhu gətirdi. İkitərəfli münasibətlərin səviyyəsindəki dinamika təkcə möhkəm siyasi bağları ehtiva etmirdi, bura güclü iqtisadi əlaqələr, hərbi əməkdaşlıq, ortaq mədəni dəyərlərin təbliği də daxil edilmişdi.

Ulu Öndər Heydər Əliyev Türkiyə ilə əlaqələrə həm də ona görə əhəmiyyət verirdi ki, qardaş ölkə Azərbaycanın beynəlxalq aləmə, xüsusilə Avropaya açılan qapısı idi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan neftinin dünya bazarına nəqli ilə bağlı ortalığa atılan çoxsaylı marşrutları Ulu Öndər Heydər Əliyev ona görə bir kənara qoydu ki, O, bu dünya əhəmiyyətli layihəni Türkiyə ilə bağlamaq istəyirdi. O, öz şah əsərlərindən birini – Bakı-Tbilisi-Ceyhan neft kəmərini məhz qardaşına əmanət etmək istəyirdi. Ulu Öndər hesab edirdi ki, Türkiyə ən çətin məqamlarda hər zaman Azərbaycanın maraqlarını qoruyacaq.

Heydər Əliyev fikirlərində haqlı idi. Ona görə ki, sonrakı dövrdə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində yürüdülən strateji siyasət dünyanın enerji xəritəsini dəyişdi. Azərbaycan və Türkiyə enerji dövlətinə çevrildi. İki qardaş ölkənin həyata keçirdiyi şaxələndirilmiş neft-qaz kəmərləri sistemi indi Qərb dünyası üçün alternativsiz mənbədir. Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan, nə də Türkiyə heç vaxt enerji məsələsini təzyiq vasitəsinə çevirməyib. Bu layihələr həm ölkələrimizin, həm də tərəfdaşlarımızın maraqlarını qoruyub.

Türkiyə faktoru Heydər Əliyevə həm də Azərbaycanın təhlükəsizliyini qorumaq imkanı vermişdi. 2001-ci ildə “türk şahinləri”nin Bakı səmasında göstərdiyi manevrlər Azərbaycanı hədələyənlərə özlərini yığışdırmaq üçün ciddi mesaj idi. Bununla qardaş Türkiyə tarixi ənənələrə sadiq qalaraq bir daha Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstək ifadə etmişdi. O dövrdə “türk şahinləri”nin Bakı uçuşlarını bir milyondan çox insan izləmişdi və bu, dünya rekordu idi. O illərdə Heydər Əliyev həm də müstəqil ölkənin ordusunu yaradırdı. Hərbi təhsilin inkişafını qarşısına məqsəd qoyan Ulu Öndər orduda Türkiyə standartlarını tətbiq etməklə güclü kadr bazasının formalaşdırılmasına, gənc nəsildə və orduda vətənpərvərlik hisslərinin gücləndirilməsinə güclü dəstək verirdi.

Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərində qoyduğu ənənə Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi. Rəcəb Tayyib Ərdoğanın siyasətində Azərbaycan məsələsi daha prinsipal xarakter aldı. O, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyondan çox insanı öz dədə-baba yurdlarından didərgin salmış Ermənistanla bir sıra hallarda yumşaq münasibətlər formatına keçmək təkliflərinin qarşısına qalın sədd çəkdi. Bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı davasına dəstək verdi, xalqımızın ən böyük problemi olan keçmiş Qarabağ münaqişəsinin həllini özünün şəxsi probleminə çevirərək Prezident İlham Əliyevin arxasında dayandı. Biz olmayan yerdə sözümüzü dedi. Eyni addımları da biz Türkiyə ilə bağlı atdıq. Türkiyənin təmsil olunmadığı yerdə Prezident İlham Əliyev qardaşının dəstəklədi, onu xain iftiralardan, böhtanlardan qorudu. Ona görə də Bakının daşnak-bolşevik alyansının işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş paradda Prezident Ərdoğan “Xocalıda, Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur” deyəndə Ermənistan və onun havadarları anlamalı idi ki, vaxt yetişib. Çünki Türkiyə Prezidenti bu sözləri təsadüfən demirdi. O, əmin idi ki, 100 il əvvəl çiyin-çiyinə Bakı uğrunda ölüm-qalım savaşı aparan Türkiyə və Azərbaycan yenə də böyük qələbəniqazanmaq gücündədir.

Bunu şərtləndirən əsas amil güclü Türkiyə və güclü Azərbaycan idi. Artıq nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlindəki zəif dövlətlər deyildi. Onlar qısa zamanda regional və qlobal miqyasda əsas güc mərkəzlərinə çevrilmişdilər. Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böyük inkişaf yolu keçmiş, o, islam aləmində böyük nüfuz qazanmış, iqtisadi gücünə görə ölkəsini dünya 20-liyinə daxil etmişdi. İndi Türkiyənin hərbi gücü də tarixdə heç vaxt olmayan qədər artıb, hətta qardaş ölkə nəinki yerləşdiyi regionda, həm də dünyanın müxtəlif yerlərində baş verən hadisələrə təsir etmək imkanına malikdir. Hazırda dünyada rəhbər böhranı yaşandığı bir dövrdə Prezident Ərdoğan yüksək liderlik keyfiyyətləri nümayiş etdirərək dövlətə rəhbərlik etməyin, xalqı sevməyin, beynəlxalq miqyasda nüfuz qazanmağın nümunəsini yaradıb. Bu da yalançı bəyanatlarla gündəmə gələn, Azərbaycan və Türkiyənin arxasında min oyundan çıxan dırnaqarası liderlərin arzuladığı, lakin əldə edə bilmədiyi səviyyədir. Bu amilin nə qədər əhəmiyyətli olmasını isə onlar Azərbaycan torpaqlarının işğaldan azad olunmasında gördülər.

Qarabağ məsələsi hər zaman Azərbaycanın və Türkiyənin ortaq problemi olub. Lakin əvvəlki hakimiyyətlərdən fərqli olaraq Rəcəb Tayyib Ərdoğan bu məsələni milli müstəviyə daşıdı. Ona görə də Vətən müharibəsi başlayan ilk dəqiqələrdən Rəcəb Tayyib Ərdoğanın “Biz azərbaycanlı qardaşlarımızın yanındayıq” sözləri bir çox dairələrə ciddi mesaj oldu, düşmən dəyirmanına su tökənlərin planlarına zərbə vurdu. Azərbaycanın Türkiyədən aldığı müasir silahlar, xüsusilə də “Bayraqtar” PUA-ları müharibədə düşmənin darmadığın edilməsində həlledici rol oynadı, eyni zamanda, bütün dünya qardaş ölkənin hərbi gücünü, onun hərbi sənayesinin qüdrətini gördü.

Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Çünki biz Rəcəb Tayyib Ərdoğanın timsalında kürəyimizdə möhkəm əl hiss edirdik. Bu əl 90 milyonluq xalqın azərbaycanlı qardaşlarına uzanan yardım əli idi! Bu əl 30 il davam edən ədalətsiz işğalın aradan qaldırılmasında güclü iradə və qətiyyət nümayiş etdirən dostun əli idi! Bu əl qardaşın əli idi! Bütün bunlar həm də gələcək baxışları və hədəfləri eyni olan xalqlarımızın və qardaş liderlərin yüksək dayanışma qabiliyyətinin təzahürü idi.

Vətən müharibəsi “qardaş” kəliməsinin məna və mahiyyətini əməldə sübut etdi. Prezident İlham Əliyev Qarabağ torpağına ayaq basan ilk xarici dövlət başçısı olan Rəcəb Tayyib Ərdoğana “Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz” deyəndə Azərbaycan və Türkiyə tarixin yeni səhifəsini Şuşa zirvəsində yazırdı.Baxmayaraq ki, Şuşa öz tarixi ərzində çox hadisələrə şahidlik edib. Bura dost niyyəti ilə gəlməyənlər bu torpaqda başlarını qoyub gedib. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya qardaş kimi qədəm qoyması sanki bu müəqəddəs şəhərin zərif ruhuna da bir rahatlıq gətirmişdi. Hər iki liderin birlikdə xalqımızın fəxri olan dahi Üzeyir bəyin, Natavanın, Bülbülün büstlərini ziyarət etməsi tarixə, mədəniyyətə, ortaq köklərə, dilə, dinə malik xalqlarımızın milli düşüncəsində Şuşanın yerini, onun dövləçtilik kimliyini göstərirdi. Həm də sübut edirdi ki, Vətən müharibəsində qazanılan parlaq qələbənin təməlində maddiyyat yox, mənəviyyat qərarlaşıb və onun adı təmənnasız sevgidir.

Prezident İlham Əliyev haqlı olaraq qeyd edirdi ki, “Azərbaycan 30 il davam edən işğala qardaş Türkiyənin dəstəyi ilə son qoydu”. Öz növbəsində Rəcəb Tayyib Ərdoğan da vurğulayırdı ki, “bölgədə təsiri olan hər kəs həqiqətləri görməli, Azərbaycan xalqının Zəfərini qəbul etməli və gələcəyə baxmalıdır”.Təbii ki, Azərbaycan-Türkiyə qardaşlığının daha bir isbatı 2021-ci ildə Şuşada müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması idi. Azərbaycan-Türkiyə münasibətlərinin məntiqi yekunu olan Şuşa bəyannaməsiölkələrimiz və xalqlarımız arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. 1921-ci ildə bağlanan Qars müqaviləsinin məntiqi sonu kimi çıxış edən Şuşa bəyannaməsi əslində tarixi ədalətin bərpası və əcdadların açdığı yolun, xalqlarımızın sıx birliyinin təmin olunması istiqamətində ortaya qoyulan sarsılmaz iradənin təntənəsi idi.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin ümumi maraqlarını ifadə edirdi. O bir növ hər iki ölkənin birlikdə hərəkət etmək imkanlarını rəsmiləşdirdi və əslində regionun yeni geosiyasi düzənini yaratdı. Bu düzənin təməl prinsiplərindən biri də hərbi müttəfiqliyə əsaslanırdı və bəyannamədə bununla bağlı kifayət qədər sanballı müddəalar yer alıb. Şuşa bəyannaməsində deyilir ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”. Bu, o deməkdir ki, 1921-ci ildə bağlanan Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə düz 100 il sonra - 2021-ci ildə Şuşa bəyannaməsinə əsaslanaraq Azərbaycanın təhlükəsizliyinin keşiyində durdu. Bu hadisə Türkiyə-Azərbaycan münasibətlərində inqilabi yüksəliş idi və bu uğurun müəllifləri Azərbaycan və Türkiyə prezidentləridir.

Bəyannamənin daha bir əhəmiyyəti Zəngəzur dəhliziilə bağlı bağlıdır. Türkiyəni və Azərbaycanı dəmir yolu, eyni zamanda avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar indi heç kimdə şübhə doğurmur ki, biz bir əsrdən çoxdur coğrafi baxımdan ayrı düşən türk dünyasının birləşməsinə də yaxınlaşırıq.

Biz çətin günün, yaman günün dostuyuq. Bu ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra qardaşlarımızın harayına ilk yetişən də Azərbaycan oldu. O çətin günlərdə Azərbaycan xalqının da, dövlətinin də qəlbi Türkiyə ilə birgə döyündü. Bizim vəfa borcumuzu zəlzələ zonasında işləyən qəhrəman övladlarımız, türk xalqına “Qardaş köməyi” başladan qəhrəman Azərbaycan xalqı, həm maddi, həm də mənəvi dəstəyi ilə Türkiyə dövlətinin yanında duran qəhrəman Azərbaycan dövləti ödədi.

Vətən müharibəsində Türkiyə öz mənəvi dəstəyi ilə Azərbaycanın yanında ona görə durdu ki, o da regionu sağalmaz yaralardan təmizləmək istəyirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə elə qeyrət göstərdi ki, bu, təkcə iki ölkənin və xalqın bağlılığını yox, həm də onların brilikdə nəyə qadir olduğunu sübut etdi. Və bu gün bütün türk dünyasının qürur yeri olan Şuşa zirvəsini Azərbaycan və Türkiyə bayraqları bəzəyir. Çünki Biz keçmişik!.. Biz bu günük!.. Biz gələcəyik!..

ARİF ALIŞANOV