29 may 2023 12:16
677

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Ölkə başçısının tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biri də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş nazirinin görüşünün keçirilməsi olub. İclasda çıxış edən dövlət başçısı Azərbaycanın ikitərəfli formatda Ermənistan istisna olmaqla Avrasiya iqtisadi birliyinə üzv olan ölkələrlə sıx əlaqələrə malik olduğunu və ticarət dövriyyəsinin keçən il 31 faiz artaraq 4,7 milyard dollara çatdığını bildirib. Dövlət başçısının sözlərinə görə 2022-ci ildə birliyə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Azərbaycanın şərq-qərb və şimal-cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkənin şimal-cənub beynəlxalq nəqliyyat dənizinin əhəmiyyətli iştirakçısı olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir. Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.

Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.

Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır.

Ülkər Məmmədzadə,
6 saylı Bakı ASAN Xidmət mərkəzinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının fəalı