29 may 2023 15:17
1320

Laçında laçınlıların Prezidentlə yaşadığı tarixi an

Könül İsmayılova: Bu tarixi an bu dəfə birbaşa Laçından dünyaya mesaj oldu

“Hər il may ayında Laçının işğalı ilə bağlı hüzünlü günlər keçirirdik. Göz yaşları, kədərli xatirələr. Bu gün isə elə bir tarixi ana imza atıldı ki, o kədərli günlərimiz tamamən unuduldu desəm, yanılmaram. Azərbaycan prezidenti Laçında laçınlıları özü qarşıladı, yeni mənzillərinin açarlarını təqdim etdi, bundan sonra xoşbəxt, firavan yaşamalarını arzuladı. Bu tarixi an bu dəfə birbaşa Laçından dünyaya mesaj oldu”.

“İki sahil” xəbər verir ki,  bu sözləri Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova mayın 28-də Laçında səfərdə olan prezident İlham Əliyevin çıxışını şərh edərkən bildirib. Könül İsmayılova qeyd etdi ki, may ayında Azərbaycanda üçqat sevinc yaşandı: “Bu həm 28 May Müstəqillik Günü, həm Laçına ilk köç, həm də qardaş Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi sevincləridir. Qardaş ölkə olaraq bu gün sevincimizi bərabər bölüşürük”.

Bu gün laçınlıların öz doğma yurd-yuvalarına müstəqil ölkənin vətəndaşı kimi getdiyini vurğulayan əslən laçınlı olan Könül xanım bunun özünün də tarixi əhəmiyyət kəsb etdiyini dedi:

“Torpaqlarımız Azərbaycan Rusiyanın tərkibində olan dövrdə işğal olundu. Torpaqlarımızı tərk etmək məcburiyyətində olanda müstəqil deyildik. Nə xoş bizə ki, bu gün müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi müstəqil torpaqlarımıza qayıdışımız gerçəkləşir. Demək olar ki, 7-8 ay ərzində bir hissəsi tamamilə qurulan Laçın da sovetlərdən qalan Laçın deyil artıq. Laçınlıları olduqca müasir, adı kimi cənnətməkana çevrilmiş Laçın qarşılayır. Laçınlılar burada tibb məntəqəsi, məktəb və digər 10-larla müəssisələrdə işlə təmin olunacaqlar. Təxminən 1100-dən çox iş yeri yaradılacaq ki, bu da hər kəsin münasib işlə təmin olunacağı deməkdir. İndi qalır laçınlıların öz zəhmətləri ilə Laçını daha da inkişaf etdirməsi, gözəlləşdirməsi”.

K.İsmayılova təəssüf hissi ilə qeyd etdi ki, mənfur erməni ötən bu 30 il ərzində şəhər və kəndlərimizi elə dağıdıb viran qoymuşdular ki, onların yenidən qurulması möcüzə kimi görsənirdi:

“Amma cənab prezident 44 günlük müharibədəki möhtəşəm zəfərimizlə kifayətlənmədi, həmən kənd və şəhərlərimizin yenidən qurulmasına diqqət yönəltdi. Azərbaycan düşmənə, əsasən də 30 ildir kor olan dünyaya səbri ilə yanaşı əzmkarlığını da nümayiş etdirdi. Bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini qurmaqla isə öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bütün bu uğurları uzun illər guya vasitəçilik missiyasını həyata keçirirmiş kimi görünən qüvvələrin köməyi olmadan əldə etdik. Çünki Azərbaycan nəhayətdə gördü ki, bu vasitəçilər və sair qüvvələr sadəcə vaxt qazanmaq, prosesi bu yolla ləngitməkdən başqa heç nə etmirlər. Ona görə də Azərbaycan öz ordusunun, xalqının gücü ilə güclərimizi yumruqlaşdırdı, tarixi torpaqlarını geri qaytardı. Yetişən gənc nəsil bu yolda fədəkarlıqlarını əsirgəmədilər, torpaqlarımızı azad etdilər. Bu gün şəhidlərimizin də ruhu şaddır. Çünki tarixi torpaqlarımız uğrunda tökdükləri qan yerdə qalmadı, nəticəsiz olmadı. Mən bir laçınlı kimi bu gün çox qürurluyam. Qürurluyam ki, nənə-baba yurdumuza azad, sərbəst gedə biləcəm”.