Hər bir müstəqil dövlətin siyasi və hüquqi sisteminin əsasını onun Konstitusiyası təşkil edir. Konstitusiya sözünün latın dilində hərfi mənası "müəyyən edilmiş nizam" deməkdir. Konstitusiya dövlətin idarəçilik modelini, hakimiyyət orqanlarının səlahiyyətlərini, insan və vətəndaş hüquqlarının təminatlarını, cəmiyyətlə dövlət arasındakı münasibətlərin fundamental prinsiplərini müəyyənləşdirən ali hüquqi sənəddir. Konstitusiya ali qanun olmaqla, dövlətin sütunudur.
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyası müstəqil dövlətimizin hüquqi sisteminin formalaşmasında tarixi mərhələ oldu. Azərbaycan Konstitusiyasının əhəmiyyətini yalnız onun qəbul edildiyi 1995-ci ilin siyasi-hüquqi reallıqları ilə məhdudlaşdırmaq doğru olmazdı. Bu sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsinin, sovet dövründə formalaşmış hüquqi təcrübənin və 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin məntiqi davamı oldu. Ona görə də ölkəmizin konstitusion inkişaf tarixini ardıcıl mərhələlər üzrə təhlil etmək həm dövlətçilik ənənələrimizin mahiyyətini, həm də müasir Azərbaycan Konstitusiyasının fərqləndirici xüsusiyyətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində parlamentli idarəçilik sisteminin formalaşdırılması, dövlət institutlarının yaradılması, vətəndaş hüquqlarının tanınması və demokratik prinsiplərin tətbiqi istiqamətində mühüm addımlar atdı. Cümhuriyyətin qəbul etdiyi İstiqlal Bəyannaməsi müstəqil dövlətin əsas siyasi və hüquqi prinsiplərini müəyyənləşdirirdi. Bəyannamədə Azərbaycan dövlətinin demokratik respublika olduğu bəyan edilir, ölkə ərazisində yaşayan bütün xalqlara milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş hüquqları tanınırdı. Qadınlara seçki hüququnun verilməsi də həmin dövrün demokratik dövlətçilik təcrübəsi baxımından mühüm hadisə idi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ayrıca, sistemli Konstitusiya qəbul edilməsə də, İstiqlal Bəyannaməsi, parlamentin fəaliyyəti və qəbul edilən qanunvericilik aktları konstitusion məzmun daşıyırdı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik işğalına məruz qalması Cümhuriyyətin dövlət müstəqilliyinə son qoydu və ölkənin siyasi-hüquqi inkişafı yeni istiqamət aldı. Sovet hakimiyyəti illərində Azərbaycan SSR-in konstitusion inkişafı ittifaq dövlətinin siyasi və hüquqi sisteminə uyğun şəkildə formalaşırdı.
Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi və bu sənədə 1925, 1927, 1937-ci illərdə dəyişikliklər olunmuşdu. Azərbaycan SSR-nin sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul edilmişdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu təsbit edildi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası ölkənin konstitusion inkişafında tamamilə yeni mərhələnin başlanğıcını qoydu. Həmin gün qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın suverenliyini, müstəqil dövlət statusunu və beynəlxalq hüququn subyekti kimi fəaliyyətini təsdiqlədi. 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, Ermənistanın hərbi təcavüzü və iqtisadi tənəzzül dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində sabitliyin yaradılması, müstəqilliyin qorunması və hüquqi sistemin yenidən qurulması istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan 33 nəfərdən ibarət xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə tanınmış dövlət xadimləri, hüquqşünaslar, alimlər və müxtəlif sahələrin mütəxəssisləri daxil edilmişdi.
Komissiyanın qarşısında duran əsas vəzifə Azərbaycanın tarixi dövlətçilik ənənələrini, müstəqilliyin hüquqi əsaslarını, beynəlxalq konstitusion təcrübəni və ümumbəşəri hüquq prinsiplərini özündə birləşdirən fundamental sənəd hazırlamaq idi. Layihənin hazırlanması zamanı müxtəlif dövlətlərin konstitusion təcrübəsi öyrənildi. Hazırlanmış layihə ictimai müzakirəyə çıxarıldı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə təqdim edildi. Referendum nəticəsində Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul olundu, həmin il noyabrın 27-də isə qüvvəyə mindi. Azərbaycan Konstitusiyasının əsasını təşkil edən fundamental prinsiplərdən birincisi xalq hakimiyyətidir. Konstitusiyanın 1-ci maddəsində təsbit olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Konstitusiyanın 2-ci maddəsinə əsasən, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə referendum və seçki hüququ əsasında seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Xalq hakimiyyəti yalnız seçkilərdə iştirakla məhdudlaşmır. Konstitusiyanın 3-cü maddəsi xalqın öz hüquqları və mənafeləri ilə bağlı məsələləri referendum yolu ilə həll etmək hüququnu təsbit edir. Konstitusiyanın qəbul edilməsi və ona dəyişikliklərin edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi kimi mühüm məsələlər ümumxalq səsverməsi vasitəsilə həll olunur. Bundan başqa, Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edilir.
Onu da bildirim ki, Naxçıvan Muxtar Respublikası ölkəmizin tərkibində muxtar dövlət statusuna malikdir və onun hüquqi vəziyyəti Konstitusiya ilə müəyyən olunub. Dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırmasıdır. Konstitusiyanın ikinci bölməsi insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib. 25-ci maddə hamının qanun və məhkəmə qarşısında bərabərliyini təmin edir. İnsanların irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və digər əlamətlərindən asılı olmayaraq bərabər hüquqlara malik olması hüquqi dövlətin əsas prinsiplərindəndir. Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqlar hüquq nəzəriyyəsinə əsasən üç qrupa – şəxsi (mülki), siyasi və sosial-iqtisadi hüquqlara bölünür.
Şəxsi (mülki) hüquq və azadlıqlar dedikdə, yaşamaq, bərabərlik, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı hüquqları nəzərdə tutulur. Siyasi hüquq və azadlıqlar dedikdə, seçki, dövlətin idarə olunmasında iştirak etmək, sərbəst toplaşmaq, müraciət etmək, dövlət orqanlarına seçilmək və seçmək hüququ nəzərdə tutulur. Sosial-iqtisadi və mədəni hüquqlar dedikdə isə mülkiyyət, əmək, tətil, istirahət, sağlamlığın qorunması hüququ başa düşülür.
Xüsusi qeyd etmək istərdim ki, Konstitusiyamızın 44-cü maddəsində milli mənsubiyyəti qoruyub saxlamaq, 45-ci maddəsində ana dilindən istifadə etmək hüququnu təsbit edir. Bütün bunlar Azərbaycanın multikuturalizm modelinin ana qanunumuzda da əksini tapmasının sübutudur. 71-ci maddə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirir. Beləliklə, Azərbaycan Konstitusiyası yalnız dövlət hakimiyyətinin təşkilini müəyyən edən sənəd deyil, həm də insanı, onun hüquqlarını və layiqli həyat şəraitini dövlət siyasətinin mərkəzinə qoyan əsas qanundur. Müasir Azərbaycanın Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə keçirilmiş ümumxalq səsvermələri nəticəsində bir sıra əlavə və dəyişikliklər edilib. 2002-ci ildə hüquqi müdafiə mexanizmləri və dövlət institutlarının fəaliyyəti, 2009-cu ildə sosial dövlət və insan hüquqları, 2016-cı ildə isə dövlət idarəçiliyinin institusional quruluşu və hüquq təminatları diqqət mərkəzində olub.
Bir məsələni də deyim ki, inkişaf olduqca zaman-zaman ana qanunumuza dəyişiklik və əlavələrin edilməsi zərurəti də yaranır. Azərbaycan Konstitusiyasının əsas ideyalarından biri dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Bu prinsip preambulada, 9-cu, 10-cu və 11-ci maddələrdə öz əksini tapıb. Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Dövlətin ərazisinin heç bir hissəsi heç bir şəkildə özgəninkiləşdirilə bilməz. Bu müddəa müstəqil dövlətçiliyin fundamental hüquqi təminatlarından biridir.
Bildiyiniz kimi, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra isə suverenliyimiz tam bərpa olundu. Bununla da dövlətimizin konstitusion quruluşu bütün ərazilərimizdə təmin olundu və hazırda vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı müddəalar həyata keçirilməkdədir.
Səbinə Salmanova,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü