“12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlandı. Layihə hazırlanarkən həm milli dövlətçilik ənənələri, həm də mütərəqqi dünya təcrübəsi əsas götürülüb. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Xalq öz iradəsini ortaya qoyaraq ölkənin gələcək inkişaf modelini hüquqi cəhətdən təsdiqlədi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü elan edildi. Konstitusiya Günü hər bir vətəndaş üçün hüquqi dövlətdə yaşamaq qürurunu hiss etmək və qanunun aliliyinə hörmət prinsiplərini daha dərindən dərk etmək baxımından müstəsna mənəvi-siyasi əhəmiyyət kəsb edir. Əsas Qanunumuz hər bir vətəndaşın hüquq və azadlıqlarının, təhlükəsizliyinin, bərabərliyinin ən ali təminatçısıdır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır: “Məlum olduğu kimi, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub”.
Malik Həsənov vurğulayıb ki, Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunub: “48 maddə bilavasitə insan hüquqlarına və onların təminatına həsr edilib. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub. Bu bərabərlik prinsipi ölkədə multikulturalizm mühitini qoruyur və inkişaf etdirir. Bu gün Azərbaycan dövləti xalqın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
Millət vəkili bildirib ki, ölkəmizin dayanıqlı inkişafı Əsas Qanunumuza dövrün çağırışlarına uyğun əlavə və dəyişikliklərin edilməsini bir zərurətə çevirir: “Bu məqsədlə müxtəlif vaxtlarda ümumxalq səsvermələri keçirilib. 2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyanın 24 maddəsinə 29, 2009-cu ilin martında 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəldi. 2016-cı ilin sentyabrında keçirilən referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqlarının, azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldi. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat- Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu”.
Malik Həsənov tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlardan geniş bəhs edib: “2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində tarixi Zəfərə imza atdıq, 2023-cü il sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin başçısı İlham Əliyev Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, ötən il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Bununla bağlı imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmışdır”.
Millət vəkili bildirib ki, ümumiləşdirilmiş şəkildə qeyd etsək, Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Konstitusiyanın qəbulu ilə müstəqil Azərbaycanın hüquqi və institusional quruculuğunda yeni mərhələnin əsası qoyuldu
Azərbaycan Konstitusiyası: müstəqilliyin, dövlət suverenliyinin və milli iradənin təntənəsi