31 may 2023 13:54
419

Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola böyük əhəmiyyət verir

Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır.  Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya etdiyi rəsmi səfər çox mühüm əhəmiyyətə malikdir. Yüksək səviyyədə olan Azərbaycan-Litva əməkdaşlığının  gələcədə daha da genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Mətbuata bəyanatla çıxış edən ölkə başçımız Azərbaycan-Litva əlaqələrinin inkişaf etməsindən, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, ölkəmizdə yaradılmış nəqliyyat və logistika infrastrukturları barədə məlumat verdi. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər böyük işlər görülmüşdür. Ötən il Litva Prezidentinin Azərbaycana səfər etməsi və Bakıda Azərbaycan-Litva biznes forumun keçirilməsi ticari əlaqələrin genişləndirilməsinin başlanğıcı olmuşdur.

Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərinə diqqət çəkdi. İşğalın acı fəsadlarını xatırladan ölkə başçısı bildirdi ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdu. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. Prezident İlham Əliyev onu da vurğuladı ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin qovşağında yerləşdiyindən ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat və logistika infrastrukturu yaradılmışdır ki, bunun sayəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi hər il artmaqdadır. Xəzər dənizini, Cənubi Qafqazı, Baltik dənizi ölkələrilə birləşdirən nəqliyyat marşurutunu da reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Hər iki dövlət bu marşrut xəttinin yaradılması və fəaliyyəti istiqamətində birgə işlər aparır. Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq, bununla yanaşı ölkəmizdə istehsal olunacaq bərpa olunan enerjinin Avropa ölkələrinə ixracı  barədə də çıxış etdi. Həm Azərbaycanda, həm də Litvada keçirilən biznes forumlarında Azərbaycan və Litva Prezidentlərinin iştirak etməsi iki ölkənin biznes mühitinə və sahibkarlar arasında əlaqələrə verilən diqqətin nümunəsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair Anlaşma memorandumunun imzalanması ölkəmizin enerji təhlükəsizliyində rolunu getdikcə artırır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası  Kürdəmir  rayon təşkilatının sədri